Mar
2019
19:25
25
150
6362
Virtual karabakh

“Gömrük işi”: Fikrət Qədiməliyev kiməsə zəng edirdi, mallar buraxılırdı

1 Mar, 2019
19:25
6362

“Gömrük işi”: Fikrət Qədiməliyev kiməsə zəng edirdi, mallar buraxılırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, general-mayor Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.  

Oxu.Az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Fərman Məmmədli ifadə verib. O, ittihamları qəbul etmədiyini deyib. İş prinsipləri barədə danışan F. Məmmədli qeyd edib ki, Gömrük Hospitalına gətirilən malların böyük əksəriyyəti əvvəllər ölkə daxilindən alınırdı: “Yalnız müəyyən müddətdən sonra dərman və avadanlıqlar ölkə daxilində baha qiymətə olduğu üçün Fikrət Qədiməliyevin göstərişi ilə hospital üçün malları xaricdən almağa başladıq. Biz hər ayın sonunda hospitalın gəlirləri və xərcləri barədə Fikrət Qədiməliyevə məlumat verirdik. Dərmanların qiymətləri və siyahısı barədə mütəmadi olaraq Fikrət müəllimə məlumat verirdim”. 

F. Məmmədli deyib ki, mallar gömrük xidmətinə çatanda müəyyən sənədlər tələb olunurdu: “Bəzi hallarda isə mallar gömrük məntəqəsində qalırdı, sənədlər çatışmırdı. Mənə məlumat daxil olduqdan sonra, mən də Fikrət müəllimə zəng edirdim. O da kiməsə zəng edib deyirdi və bizim mallar buraxılırdı. Amma sənəd də lazım olanda sonradan hazır edirdik. Yəqin ki, Fikrət Qədiməliyev dərman və tibbi ləvazimatların gömrük məntəqəsindən keçidi üçün Sadiq Abıyevə müraciət edirdi”. 

F. Məmmədli əlavə edib ki, dərmanların satışı ilə məşğul olmayıb: “Mənim heç tibbi təhsilim yoxdur. Satış şöbəsi başqa idi və biz onların işlərinə qarışmırdıq. Biz yalnız hospitalın mal-materialla təmin olunması işinə baxırdıq. Mən hansı məbləği mənimsəmişəm. İttihamda yazılır ki, guya 15 milyon manat mənimsənilib. Orda hər şey dəqiq aparılırdı, bütün işlərdə Fikrət müəllim özü nəzarət edirdi. Həkimlərin, personalın maaşı və digər işlər. Fikrət müəllimin icazəsi olmadan, stol belə bir otaqdan digər otağa keçə bilməzdi”. 

F. Məmmədli işin düzgün araşdırılması üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi Sadiq Abduyevin məhkəməyə gətirilməsini tələb edib: “Bütün işlər, proseslər Fikrət Qədiməliyevlə Sadiq Abduyev arasında olub. Bizim nə günahımız var? Misal üçün, Almaniyadan gələn dərman üçün 50 min manat pul verilsə nə xeyrim var, 20 min manat verilsə nə olacaq? Axı mənim burda nə marağım ola bilər?” 

Qeyd edək ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub. 

Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən aptekə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki "Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

İlkin istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıb, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri