16 
Apr
2019
15:11
22
208
5992
Virtual karabakh

Azərbaycandakı narkoticarətlə bağlı statistika - İki dəfə artım var

16 Apr, 2019
15:11
5992

Azərbaycandakı narkoticarətlə bağlı statistika - İki dəfə artım var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son illər Əfqanıstandan Avropa ölkələrinə və Afrika regionuna narkotik vasitə tədarükünün artması fonunda Azərbaycanda da vəziyyət nəzərəçarpacaq səviyyədə dəyişib. İri partiyalarda əfqan mənşəli heroinin aşkarlanaraq, müsadirə olunması faktları müntəzəm xarakter alıb. Bu, bir yandan narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin güclənməsi, digər yandan isə narkotik vasitələrin tədarük həcminin artması ilə əlaqədardır.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Azərbaycan Daxili İşlər Nazirliyinin stastik məlumatlarının təhlili onu göstərir ki, son beş il ərzində ölkə ərazisində müsadirə olunmuş narkotik vasitələrin həcmi azı iki dəfə artıb.

Belə ki, 2018-ci ildə Daxili İşlər Nazirliyi qanunsuz narkotik vasitə dövriyyəsi ilə bağlı 2965 fakt qeydə alıb. Bu, 2017-ci illə müqayisədə, 238 hal daha çoxdur. Bu müddət ərzində 1 ton 136 kiloqrama yaxın narkotik vasitə (290 kiloqram güclü təsirli vasitə: opium və heroin) qanunsuz dövriyyədən çıxarılıb.

2017-ci ildə narkotik vasitələrlə bağlı 2727 cinayət hadisəsi qeydə alınıb, 944,5 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. 2016-cı ildə 3243 cinayət hadisəsi qeydə alınıb, 934 kiloqram müsadirə olunub. 2015 və 2014-cü illərdə isə müvafiq ardıcıllıqla 2935 və 3046 fakt aşkarlanıb, 804 kiloqram və 673 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

Az qala hər gün cənub sərhədində gömrük və sərhəd xidmətlərinin əməkdaşları ölkəyə iri partiyalarda narkotik vasitələrin idxalının qarşısını alır.

Qeyd edək ki, 15 il əvvəl narkotik vasitələri başlıca olaraq DİN aşkarlayaraq, dövriyyədən çıxarırdı. Ancaq hazırda müsadirə olunan narkotik vasitələrin kifayət qədər böyük hissəsi gömrükçülərin və sərhədçilərin payına düşür, onlar bunun üçün bütün lazımi texniki imkanlara malikdirlər.

Ancaq bu amil belə, narkotik vasitə alverinin qarşısını almır. DİN mütəxəssisləri qeyd edir ki, dünyanın narkotik vasitə trafiki üzrə 38 marşrutu məhz Azərbaycan ərazilərindən keçir.

Əfqanıstanlı narkotacirlər son vaxtlar ənənəvi marşrutlar – Balkanlar, şimal (Mərkəzi Asiya ölkələri və Rusiya ərazisindən) və cənub (Pakistan və Hindistan ərazilərindən) marşrutlarından savayı, Afrika marşrutunu da aktiv şəkildə mənimsəməyə başlayıb.

“Nezavisimaya qazeta” yazır ki, narkomafiyanın əfqan heroininin qaçaqmalçılığı üçün yeni marşrutlar axtarmasına səbəb, İran hüquq-mühafizə orqanlarının narkotik vasitələrə qarşı mübarizəni gücləndirməsidir. Hər il İran polisi və sərhədçiləri Əfqanıstan və Pakistan sərhədlərində 200 tondan çox narkotik vasitə aşkarlayaraq müsadirə edir.

2018-ci ildə isə bu göstərici artıq 700 tona çatıb. Söhbət təkcə hazır heroində yox, eyni zamanda, opium, morfin və həşişdən gedir. Bəzi hallarda iranlı polis əməkdaşlarının keçirdiyi əməliyyatlar narkokuryerlərlə amansız toqquşmalara qədər böyüyür.

Dünya ümumi opium müsadirəsinin dörddə üç, heroin müsadirəsinin dörddə bir hissəsi məhz İranın payına düşür. Üstəlik, bu yüksək iqtisadi və insan itkilərinə səbəb olur. Narkokuryerlərlə toqquşmalarda son 34 il ərzində dörd minə yaxın iranlı polis əməkdaşı və sərhədçi həlak olub.

Buna baxmayaraq, narkokuryerlər hələ də İranda yoxlamalardan sovuşaraq, narkotik vasitələri Azərbaycana gətirməyə nail olur.

Bu arada, Azərbaycan DİN mütəxəssisləri əfqan narkotik vasitələrinin tədarükünün heç vaxt azalmayacağını proqnozlaşdırır. Bu, Əfqanıstanda narkotik vasitə istehsal həcminin artımı ilə əlaqədardır. Dünya üzrə heroin tədarükünün 90 faizi məhz Əfqanıstanın payına düşür.

“Bir neçə il əvvəl Əfqanıstan dünya bazarlarına başlıca olaraq xam opium çıxarırdı. Ancaq indi Əfqanıstanda yarım-sintetik və sintetik narkotik maddələrin istehsalı üzrə laboratoriyalar fəaliyyət göstərir. Belə ki, ölkə qanunsuz yolla prekursorlar almağa başlayıb”, - deyə mənbə qeyd edir.

Psixiatr-narkoloq, tibb elmləri doktoru Araz Əliquliyev Oxu.Az-la söhbətində, Azərbaycandakı narkotik vasitə alüdəçilərinin 80 faizinin ağır narkotik vasitələrdən istifadə etdiyini bildirib. Hər il narkotik vasitə alüdəçilərinin sayı min nəfər artır.

Ancaq problem ondadır ki, narkomaniya gizli xarakter daşıyır və onunla yalnız güc metodları ilə mübarizə aparmaq mümkün deyil.

“Ona görə xüsusi sorğular, epidemioloji tədqiqatlar keçirmək, maarifləndirmə işləri aparmaq lazımdır. Bu kimi tədbirlər görülməlidir ki, ailələr narkotik vasitə istifadəsi faktını erkən mərhələlərdən müəyyən edə bilsinlər, vətəndaşlar xəstəliyin ilkin mərhələlərində tibbi yardım üçün müraciət edə bilsin. Erkən aşkarlanan narkomaniya cinayət profilaktikasında ən vacib məqamlardan sayılır”, - deyə A.Əliquliyev bildirib.

Hazırda Azərbaycanın “qara bazar”ında qarışıq heroinin bir kiloqramını 50-60 min manata əldə etmək olar. Son illər ərzində heroinin bazar qiymətində o qədər də böyük dəyişiklik baş verməyib: tədarükün həcmindən asılı olaraq dəyişib. Rusiyada isə heroinin bir kiloqramının qiyməti buradakından iki dəfə çoxdur. Ona görə əfqanıstanlı narkotacirlər “məhsul”u başlıca olaraq Avropa ölkələrinə çatdırmaqda maraqlıdır.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri