18 
Apr
2019
16:24
75
49
1929
Virtual karabakh

Ukraynada azərbaycanlı mühakimə olundu - Vəkili qətlə yetirib

Ukrayanada tanınmış xarkovlu vəkil Viktor Loykonu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşına hökm oxunub.

Bu barədə “Politeka” portalı məlumat yayıb.

Cinayət 14 mart 2016-cı il törədilib. İki şəxs əlbir olaraq vəkili soymaq və qətlə yetirmək qərarına gəlib. Cinayətkarlardan biri qurbanla tanış olub və dəfələrlə evində qonaq olub.

Məkrli planı həyata keçirməkdən ötrü onlar qurbanın mənzilinin qarşısında bir araya gəliblər. Maneəsiz şəkildə vəkilin evinə daxil olublar; vəkil özü giriş qapısını açaraq, onları içəri buraxıb. Söhbət əsnasında vəkilin tanışı onun boğazından yapışaraq boğmağa başlayıb. Mühakimə olunan şəxs isə müqavimət göstərməməsi üçün qurbanın əllərini tutub.

Vəkil canını tapşırdıqdan sonra cinayətkarlar mənzildə axtarış aparıb, onun ümumilikdə 350 min qrivin dəyərində mülkünə, o cümlədən, zinət əşyalarına, fotoaparatlara, mobil telefonlara, pullara və digər qiymətli əşyalara sahib çıxıblar.

Mühakimə olunan azərbaycanlı aprel ayında Kiyevdə saxlanılıb. Hüquq-mühafizə orqanı əməkdaşları onun qaldığı evdə mərhumun əşyalarının bir hissəsini tapıb. Onunla əlbir olan 30 yaşlı kişi isə Odessada ölü vəziyyətdə tapılıb. Onun meyiti üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. Üzərində qətlə yetirilmiş vəkilə aid zinət əşyaları olub.

Xarkovun Dzerjinski rayon məhkəməsi 27 yaşlı azərbaycanlının günahını sübuta yetirərək, onu talan məqsədilə öncədən əlbir olaraq qəsdən adam öldürmədə təqsirli bilib. Məhkəmənin çıxardığı qərara görə müttəhim 12 il azadlıqdan məhrum ediləcək, əmlakı isə müsadirə olunacaq. Hökm hələ qüvvəyə minməyib. Təqsirləndirilən şəxsin məhkəmənin qərarından apellyasiya şikayəti vermək hüququ var.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri