24 
Sen
2019
17:06
46
134
8274
Virtual karabakh

DİN Oxu.Az-ın narkomaniya ilə bağlı məqaləsinə münasibət bildirdi

24 Sen, 2019
17:06
8274

DİN Oxu.Az-ın narkomaniya ilə bağlı məqaləsinə münasibət bildirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə dünən Oxu.Az-da yayımlanan “Zövq”dən ölüm - Ekspertlər həyəcan təbili çalır” sərlövhəli yazıya münasibət bildirib.

Oxu.Az O.Mansurzadənin fikirlərini təqdim edir:

“Öncə qeyd etmək istərdik ki, son illər respublikamızın hüquq-mühafizə, o cümlədən, polis orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə, narkotiklərin yayılmasını təşkil edən transmilli cinayətkar qrup və dəstələrin zərərsizləşdirilməsi, əhali arasında antinarkotik təbliğatın və maarifləndirmənin aparılması və digər funksiyaların icrası istiqamətində əhəmiyyətli işlər görülməkdədir.

Təkcə onu xatırlatmaq kifayətdir ki, son beş il və cari ilin səkkiz ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı respublikanın hüquq-mühafizə orqanları tərəfindən aşkar olunmuş 19402 cinayət faktı üzrə 3,8 ton (38 %) marixuana, 3,7 ton (37%) heroin, 1,6 ton (16%) tiryək, 354 kiloqram (3,5%) həşiş olmaqla, ümumilikdə 10 tondan artıq narkotik vasitə götürülüb.

Göstərilən müddətdə ümumilikdə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin 5,5 tonu və ya 55 faizi Daxili İşlər Nazirliyinin payına düşür ki, onun da 1,4 tonu güclü təsirə malik narkotik vasitələr təşkil edib.

Eyni zamanda, qeyd etmək lazımdır ki, daxili işlər orqanları tərəfindən həmin müddətdə narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına dair 1324 fakt üzrə çəkisi 28 tona yaxın çətənə və xaş-xaş kolları yığılaraq məhv edilib.

Adıçəkilən materialda yanlış anlaşılmanın və qiymətləndirmənin nəticəsi olan məqamlardan biri də “DİN-in mütəxəssislərinə” (?) istinadən verilmiş, ölkəmizin ərazisinin dünyada hələ də narkotiklərin tədarükü və satışı üçün guya 38 marşrutun siyahısında olması barədə sələnmiş iddialardır. 

Nəinki sözügedən, mövzu ilə əlaqəli olan digər materiallarda, məqalələrdə də hallanan 38 marşrutun meydana çıxması və mövcudluğu nə ilə izah edilir?

Haradan, kimdən və hansı mənbədən götürüldüyü indiyədək heç bir yerdə açıqlanmayan “38 marşrut” faktının müxtəlif KİV-lərdə meydana çıxmasına, hallanmasına səbəb, əslində, Ümumdünya Gömrük Təşkilatının 2006-cı ildə Moskva şəhərində təşkil etdiyi bir təqdimatda Əfqanıstandan Avropaya daşınan heroinin ümumilikdə 113 marşrut üzrə hərəkətinə, bütün giriş və çıxış nöqtələri də daxil olmaqla bu təhlükəli yükün  tranzitinə yolçuluq etmiş həmin marşrutlardan (məntəqələrdən) 37-nin respublikamızın yaşayış məntəqəsi olmasına dair fikrin səsləndirilməsi səbəb olub.

Lakin bu fakt müxtəlif şəxslər, bəzi naşı ekspertlər və araşdırmaçı jurnalistlər tərəfindən yanlış olaraq respublikamızın dünyada narkovasitələrin qanunsuz tranziti üçün istifadə edilən 38 marşrutdan biri kimi qiymətləndirilib.

Təhlil olunan dövr ərzində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı daxili işlər orqanları tərəfindən 138 fakt aşkar edilib və qanunsuz dövriyyədən çəkisi 624,1 kiloqram olan müxtəlif növ narkotik vasitələr çıxarılıb.

Profilaktik tədbirlərin guya heç bir nəticə vermədiyinə dair iddiaların əksinə olaraq, müvafiq Dövlət Komissiyası tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların fəaliyyətinin koordinasiyası təşkil edilməklə, ölkədə anti-narkotik təbliğata xüsusi önəm verilir, ictimai maarifləndirmə işinin əhatəsi daim genişləndirilir.

Təkcə bir faktı xatırlatmaq yerinə düşər ki, keçən il maarifləndirmə layihəsi çərçivəsində ölkəmizdə fəaliyyət göstərən 3 mobil operator tərəfindən ümumilikdə 6 milyondan çox abunəçiyə narkotiklərin ziyanı ilə bağlı SMS göndərilib. İctimai yerlərdə, küçə və prospektlərdə, yeraltı piyada keçidlərində, avtobus dayanacaqlarında, metro stansiyalarında yüzlərlə sosial lövhə quraşdırılıb.

Ötən il respublikanın şəhər və rayonları üzrə narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərini həyata keçirən 500 təlimçi hazırlanıb, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birlikdə 20 cəzaçəkmə müəssisəsində müvafiq tədbirlər keçirilib.

Maarifləndirmə funksiyasını yerinə yetirən “Həyatla oyun” adlı tamaşası mütəmadi olaraq ali təhsil və cəzaçəkmə müəssisələrində nümayiş etdirilib. Bakı şəhəri üzrə dayanacaqlarda yerləşən 450 Avtobus İnformasiya Terminal monitorunda, 19 elektron reklam tablosunda, kinoteatrlarda, əhalinin sıx toplaşdığı ticarət və əyləncə mərkəzlərində olan monitorlarda sosial çarxların yayımlanması təşkil edilib.

Dövlət Komissiyasının rəsmi internet saytında (www.nmdk.gov.az) Azərbaycan, rus və ingilis dillərində məlumatlar yerləşdirilib, şəhər və rayon komissiyalarının işinin koordinasiyası təşkil edilmiş və təkcə 2018-ci il ərzində 68 maarifləndirmə tədbiri keçirilib. Bütövlükdə hər il 10 min ədəd əyani vəsait, təbliğat materialı hazırlanaraq geniş kütlə arasında paylanılır.

Narkomanlığa qarşı mübarizədə aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə Dövlət Komissiyasının “Facebook” və “İnstagram” sosial şəbəkəsindəki rəsmi səhifələrində davamlı təbliğat aparılıb.

Təkcə bir diqqətəlayiq faktı vurğulamaq yerinə düşər ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən, o cümlədən, narkotik bəlasından qorunması məqsədilə cari ilin birinci yarısında polis veteranları 2772 dəfə respublikanın müxtəlif təhsil müəssisələrində (orta məktəblərdə, liseylərdə, kolleclərdə və s.), həmçinin ayrı-ayrı əmək kollektivlərində vətəndaşlar qarşısında çıxışlar etmiş, tövsiyələrini veriblər”.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri