27 
Noy
2019
19:08
15
131
5495
Virtual karabakh

Məhkəmə Nəqliyyat nazirliyinin əməkdaşına yardım edib? - Qarşı tərəf iddiaları rədd edir

Keçmiş Nəqliyyat Nazirliyinin əməkdaşı 56 yaşlı Rövşən Şirəli oğlu Əhmədovun Nəqliyyat nazirinin keçmiş köməkçisi Çingiz Baxşıyevin qızıllarını oğurlaması işində qəribə olaylar baş verməkdədir. 

Məhkəmədə Rövşən Əhmədovun təqsirsizliyini sübuta yetirə biləcək yeganə şahid qəribə şəraitdə dünyasını dəyişib. 

Bu haqda məlumatı Oxu.Az-a məhkumun vəkili Türkel Süleymanlı verib. 

Qeyd edək ki, 2016-cı ilin aprel ayında Çingiz Baxşıyev Rövşən Əhmədovu 800 min manat dəyərində olan 10 kiloqramlıq qızıl-zinət əşyalarını mənimsəməkdə ittiham edərək, onun həbs edilməsinə təşəbbüs göstərmişdi.

2016-cı ilin 19 aprel tarixində Rövşən Əhmədov saxlanılaraq istintaqa cəlb edilir. Ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 (yad şəxsin böyük həcmdə əmlakını ələ keçirmə) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama əsasən, Çingiz Baxşıyevlə Rövşən Əhmədov arasında etibarlı münasibətlər mövcud olub. Ç.Baxşıyev daha öncə olan münasibətlər çərçivəsində R.Əhmədova qızıl-zinət və pul vəsaitlərini saxlamaq üçün vermiş, qarşılığında heç bir narahatlıqla üzləşməmişdi.

Sonuncu dəfə Ç.Baxşıyev 800 min manat dəyərində pul vəsaitini saxlamaq üçün R.Əhmədova verib. Bir il sonra onunla əlaqə yaradaraq bir çanta zinət əşyalarını qızının həyat yoldaşına verməyi tapşırıb. Rövşən Əhmədov tapşırığa əsasən, qiymətli çantanı Ç.Baxşıyevin kürəkəninə verib. Lakin üzərindən 2 ay keçəndən sonra Ç.Baxşıyev R.Əhmədovu ona məxsus qızıl-zinət əşyalarını mənimsənilməsində ittiham edib.

“Rövşən Əhmədov özünü günahkar bilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsi irəli sürülmüş ittihamı qurama və əsassız hesab edib. Məhkəmə 21 aprel 2017-ci il prokurorun 10 il həbs tələb etməsinə baxmayaraq Rövşən Əhmədova bəraət hökmü çıxarıb. Qarşı tərəf çıxarılan bəraət hökmündən Bakı Apelyasiya Məhkəməsinə şikayət edib” – müdafiə tərəfinin vəkili deyib. 

16 yanvar 2018-ci il ikinci instansiya məhkəməsi R.Əhmədovun həbs edilməsi haqda hökm verib. Məhkəmə bu hökmü R.Əhmədovun Maştağada yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında olarkən çıxarıb. 

Vəkil qeyd edib ki, qızıl-zinət əşyalarının itməsi müdafiə etdiyi şəxsin C.Baxşıyevin kürəkəninə təhvil verməsindən 2 ay sonra məlum olub: C.Baxşıyevin kürəkəni faktı çantanı təhvil alandan sonra dərhal yoxlamaq imkanında olmadığı ilə əsaslandırır.

Hər şeyə rəğmən bu, onun Rövşən Əhmədovu günahkar bilməyinə mane olmayıb. Məhkəmənin bütün araşdırmaları eks-nazir müavininin maraqları üzərində qurulub. Apelyasiya Məhkəməsinin hakimi Əmir Bayramov alınmış bir ifadəyə söykənərək, Rövşən Əhmədov haqda həbs qərarı çıxarıb. Daha sonra məlum oldu ki, həmin ifadə də təzyiq altında alınıb. 

Vəkil Türkel Süleymanlı bildirir ki, məhkumun həyat yoldaşı Xanımqız Əhmədova Ədliyyə naziri Fikrət Məmmədova şikayət ərizəsi ilə müraciət edib. Xanımının nazirə ünvanladığı məktubda həyat yoldaşının penitensiar xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi, onun səhhətində problemlərin olduğu  və növbəti məhkəmə prosesinə qədər yaşamayacağından narahatlığı qeyd edilib.

Naməlum şəraitdə ölmüş, hadisənin yeganə şahidi Əli Bəylər oğlu Məmmədov vəkil ilə söhbətində etiraf edib ki, ifadələri təzyiq altında verib.

“Hakim Əmir Bayramov Füzuli rayonundan məcburi köçkün olan, Sumqayıtda sürücü işləyən Əli Məmmədov adlı şahid tapıb. Şahid bildirib ki, Rövşən Əhmədov 30-40 qızıl sikkəsini satışına kömək etmək məqsədi ilə ona müraciət edib. Üstəlik Əli Məmmədov Çingiz Baxşıyevin qohumunun yaxın adamı olub. Belə çıxır ki, həyat yoldaşım kömək üçün Çingiz Baxşıyevin adamına müraciət edib? Gülməlidir, amma hakim bu absurd dəlilləri əsas gətirərək Rövşəni 8 il 3 ay müddətində azadlıqdan məhrum etdi, - Rövşən Əhmədovun həyat yoldaşı müraciətində yazıb.  

Vəkilin sözlərinə görə, Apelyasiya Məhkəməsi Azərbaycana gətirilən 800 min manatlıq qızıl-zinət məmulatlarının deklarasiyası haqqında maraqlanmağı da lazım bilməyib. Baxmayaraq ki, Çingiz Baxşıyev sözügedən zinət əşyalarını Qırğızıstandan gətirdiyini iddia edir. 

“Cinayət işində Rövşən Əhmədova 800 min manat qiymətində qızıl əşyalarının verilməsini sübüt edəcək  hər hansı fakt yoxdur. İttiham aktı Ç.Baxşıyevin əsassız ifadələri əsasında qurulub. Hakimdən tələb etdim ki, Prezidentin 2014-cü il qərarına əsasən, məhkəmə prosesində video çəkilişə şərait yaradsın. Lakin hakim bu tələbimizi də qulaqardına vurdu”, - vəkil bildirib. 

Qeyd edək ki, məhkumun həyat yoldaşı Xanımqız Əhmədova oxşar şikayətlə Prezidentin hüquq-mühafizə orqanları və Hərbi Məsələlər üzrə köməkçisi Fuad Ələsgərova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə və Milli Məclisin sədri Oqtay Əsədova yazılı müraciət edib. 

Öz növbəmizdə Oxu.Az olaraq bildiririk ki, qarşı tərəfin də dəlillərini dərc etməyə hazırıq.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri