30 
Noy
2019
00:30
21
217
8633
Virtual karabakh

İki qardaş FHN əməkdaşını şərləyərək qətlə yetiriblər - FOTO

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin əməkdaşı 35 yaşlı Emin Kərimov böhtan və xuliqanlığın qurbanı olub.

O, 2019-cu ilin 8 may tarixində qətlə yetirilib. Bu, istintaqın gəldiyi qənaətdir.

Məlumatı Oxu.Az-a qətlə yetirilən şəxsin atası Vəli Kərimov verib.

Bundan başqa, redaksiyamıza Sumqayıt şəhər prokurorluğundan gələn rəsmi məktuba istinad edərək qeyd edir ki, qətl şərəf və ləyaqət məsələlərinə görə deyil, xuliqanlıq niyyəti ilə həyata keçirilib. 

Qeyd edək ki, cinayət işinin istintaqı artıq başa çatıb və məhkəməyə təqdim olunub. Məhkəmə iclasının vaxtı hələ təyin edilməyib. 

Xatırladaq ki, Sumqayıt şəhər 10-cu mikrorayonda yaşayan Kərimov Emin Vəli oğlu, çalışdığı Fövqəladə Hallar Nazirliyinin binası önündə bıçaqlanaraq öldürülüb.

İki nəfər şəxs – 1970-ci il təvəllüdlü Şəmsəddin İbrahimov və onun qardaşı 1985-ci il təvəllüdlü Yaşar İbrahimov bıçaqla E.Kərimova hücum ediblər. Aldığı bıçaq yaralarından sonra FHN-nin əməkdaşı hadisə yerində vəfat edib. 

Etdikləri hərəkətə haqq qazandırmaq ötrü, ilkin istintaq dindirilməsində, saxlanılan şəxslər Emin Kərimovu şərəf və ləyaqət məsələlərinə görə qətlə yetirdiklərini bildiriblər. Qeyd edək ki, Yaşar İbrahimov Sumqayıt şəhəri 10, qardaşı Şəmsəddin İbrahimov isə 2-ci mikrorayonda yaşayıblar. Hər ikisi Sumqayıt şəhəri Yaşıllaşdırma İdarəsində işləyiblər. 

Lakin istintaqın gedişatında şərəf və ləyaqətin ləkələnməsi versiyası öz təsdiqini tapmayıb. Prokurorluq qətlin xuliqanlıq səbəbi ilə törədildiyi qənaətinə gəlib. 

Məlum olub ki, cinayəti törədən şəxs kiçik qardaşının təhriki ilə qətli həyata keçirib. Yaşar İbrahimov qardaşına yalan danışaraq, güya E.Kərimovun onun həyat yoldaşını izlədiyini deyib. Onun digər yalanı E.Kərimovun qardaşının həyat yoldaşının sosial şəbəkələrdə şəkillərini yayımladığından ibarət olub.

Yaşar İbrahimov istintaqa dediklərini sübuta yetirə biləcək hər-hansı dəlil təqdim edə bilməyib. Bundan əlavə, psixi pozuntudan əziyyət çəkən Y.İbrahimov bildirib ki, FHN əməkdaşının dostları onun yanında ədəbsiz ifadələrdən istifadə ediblər,  o isə söyüşləri şəxsi ünvanına yönəldiyini düşünüb. 

Qardaşının sözlərinə inanan Şəmsəddin İbrahimov cinayəti planlaşdırmaq qərarına gəlib: “Gedib Eminlə danışaq, əgər başa düşməsə, onu bıçaqla vuracağam”, - deyə qətli törədən şəxs qərarını dilə gətirib.

Fövqəladə Hallar Nazirliyinin binası önündə E.Kərimovla görüşən Ş.İbrahimov qardaşının namusunu müdafiə etməyə gəldiyini deyib. Cavabında mərhum E.Kərimov Yaşar İbrahimovun iddialarını həqiqətə uyğun olmadığını bildirib. Bu zaman böyük qardaş bıçağı çıxararaq Emin Kərimova zərbələr endirməyə başlayıb. 

 

Cinayət əməlini həyata keçirən qardaşlar yoldan keçən mikroavtobusa minib ərazidən uzaqlaşmaq istəsələr də, öldürülən şəxsin həmkarları tərəfindən saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil veriliblər. 

Maraqlıdır ki, qardaşlardan ancaq Şəmsəddin İbrahimov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir.

Kiçik qardaş – Yaşar İbrahimov isə səbəbi məlum olmayan məqamlardan dolayı cinayət məsuliyyətindən yayınıb. 

“Psixi pozğunluqdan əziyyət çəkən və qardaşını bu cür ağır cinayətə təhrik edən şəxs cəmiyyət üçün təhlükəlidir. Bununla əlaqədar hüquq-mühafizə orqanları onun təcrid olunması üçün zəruri tədbirlər görməlidir. Axı, heç kim onun tərəfindən belə bir cinayətin təkrarlanmayacağına zəmanət verə bilməz”, - öldürələn şəxsin atası bildirib.

          

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri