24 
Dek
2019
13:28
10
101
3211
Virtual karabakh

Azərbaycanda cinayətkarlığın vəziyyəti - Rəqəmlər hər şeyi deyir

24 Dek, 2019
13:28
3211

Azərbaycanda cinayətkarlığın vəziyyəti - Rəqəmlər hər şeyi deyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi statistikanın rəqəmləri nədən danışır və Azərbaycanda cinayət nisbəti niyə artıb?

Oxu.Az bu suallara son illərin rəsmi məlumatlarından istifadə edərək cavab verməyə çalışacaq.

Cari ilin birinci yarısının göstəricilərini təqdim edirik, çünki respublikada 2019-cu ilin yekunları yalnız gələn ilin yanvar ayında toplanaraq dərc ediləcək.

Yarım il ərzində Azərbaycanda 120-dən çox qətl hadisəsi baş verib

Oxu.Az-ın əldə etdiyi statistikaya görə, 2019-cu ilin birinci yarısında respublikada 13534 cinayət qeydə alınıb və bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz çoxdur. Qeyd edək ki, ötən ilin altı ayında 12844 cinayət qeydə alınmışdı. Ümumilikdə, 2018-ci ildə 26381 cinayət qeydə alınıb.

2019-cu ilin birinci yarısında hər 100.000 nəfərə görə 135 cinayət qeydə alınıb - bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə altı faiz artıqdır (bütövlükdə, 2018-ci ildə hər 100000 nəfərə 265 cinayət qeydə alınıb).

13534 faktdan 59,9 faizi az ağır cinayətdir, 27,6 faizi böyük ictimai təhlükə daşımır, 12,5 faizi ağır və xüsusilə ağır cinayətlərdir.

Ümumilikdə 2708 hadisə - şəxsə qarşı, 5761-i iqtisadi sahədə törədilmiş, 4214-ü ictimai təhlükəsizliyə və asayişə qarşı, 850-i dövlət hakimiyyətinə qarşı cinayətlərdir (bunların 203-ü korrupsiya və vəzifə səlahiyyətləri ilə bağlıdır).

Qeyd edilən cinayətlərdən 1518 hadisə sağlamlığa yüngül zərərvurma, 309-u sağlamlığa qəsdən az ağır zərərvurma, 162-i qəsdən ağır xəsarət yetirmə, 126-sı qətl və qətlə cəhd, 29-u ehtiyatsızlıqdan qətl, səkkizi işgəncə və sairdir.

Əldə olunan məlumatlara görə, bu ilin 2018-ci ilin birinci yarısı ilə müqayisədə azalma müşahidə olunur:  Kredit borclarından qəsdən yayınma - üç dəfə; saxta pul və qiymətli kağızların istehsalı, əldə edilməsi, satışı - 2,2 dəfə; ictimai əxlaqa qarşı cinayətlər - 1,5 dəfə; cinsi toxunulmazlığa və azadlığa qarşı cinayətlər - 30,2 faiz;  torpaq mülkiyyəti ilə bağlı qanun pozuntuları - 27 faiz; xuliqanlıq - 24,8 faiz,  dələduzluq - 24,1 faiz;  soyğunçuluq - 23,8 faiz;  təhdidlə qəsb etmə - 20,4 faiz; odlu silah və döyüş sursatını qanunsuz olaraq daşıma, saxlama və əldə etmə - 18,5 faiz; yetkinlik yaşına çatmayanlara və məişət zorakılığına qarşı cinayətlər - 14,3 faiz; insan alveri - 4,5 faiz; oğurluq - 1,7 faiz azalıb.

Artım müşahidə olunur: cinayət yolu ilə əldə edilmiş pul və əmlakın leqallaşdırılması - üç dəfə; qaçaqmalçılıq - 1,7 dəfə; keyfiyyətsiz məhsulların istehsalı və satışı, vergidən və icbari sığorta ödənişlərindən yayınma, habelə korrupsiya və digər vəzifə cinayətləri - 1,6 dəfə (o cümlədən rüşvət 2,5 dəfə artmışdır); narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi - 36,3 faiz; dövlət sərhədinin qanunsuz keçilməsi - 25,3 faiz; qanunsuz ağac kəsilməsi – 25 faiz; soyğunçuluq - 2,1 faiz.

Hesabat dövründə cinayət törətmiş 8941 nəfər (2018-ci ilin altı ayı ərzində - 8231) müəyyən edilib, onlardan 6337 nəfəri məhkum edilib (6184). 6222 kişi, 315 qadın və 158 azyaşlı cinayət məsuliyyətinə cəlb edilib. 2018-ci ilin birinci yarısında 141 yetkinlik yaşına çatmayan, 283 qadın məsuliyyətə cəlb olunub.

Cinayət məsuliyyətinə cəlb edilənlərin 60,6 faizi əmək qabiliyyətli, işsiz və heç bir yerdə təhsil almayan şəxslərdir. Onlardan 15,5 faizi əvvəllər də məhkum olunublar.

2019-cu ilin birinci yarısında Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2472 cinayət aşkarlanıb. Bunların 60 faizi satış məqsədi olmadan saxlanma, istehsal və daşınma payına düşür, 33,2 faizi satış xarakteri daşıyıb.

Göstərilən müddət ərzində qadınlara qarşı, eləcə də onların iştirakı ilə törədilən cinayətlərin sayının 1,5 dəfə artması maraq doğurur. Yetkinlik yaşına çatmayanlara qarşı və onların iştirakı ilə olan cinayətlər 8,3 dəfə azalıb.

Cinayətdən zərər çəkən qadınların sayı artıb

Törədilən cinayətlər nəticəsində bu ilin ilk altı ayında 305 azyaşlı və 3345 qadın zərər çəkib. Eyni zamanda, zərərçəkən qadınların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,5 faiz artıb.

Məişət zorakılığı ilə əlaqəli 678 cinayət qeydə alınıb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz çoxdur.

Məişət zorakılığını törədənlərin 11,9 faizi əvvəllər məhkum olunanlardır, 3,1 faizi cinayət törədildiyi vaxt sərxoş olub. Məişət zorakılığı ilə əlaqəli cinayətlərin 90 faizi sağlamlığa yüngül və az ağır zərərvurma, 5,5 faizi qətl və qətlə cəhd, 1,9 faizi ağır bədən xəsarəti, 0,7 faizi işgəncə ilə müşayiət olunub. 

Hesabat dövründə məişət zorakılığı qurbanlarının sayı 21,6 faiz artaraq 699 nəfərə çatıb. Bunlardan 78,5 faizi qadın, 1,9 faizi azyaşlılardır.

Məişət zorakılığının coğrafiyası da rəsmi statistikada mühüm rol oynayır

Bu cinayətlərin qurbanlarının sayının azalması müşahidə olunub: Dağlıq Qarabağ iqtisadi zonasında - 18,8 faiz, Gəncə-Qazax iqtisadi zonasında - 15,4 faiz, Şəki-Zaqatala iqtisadi zonasında - 12,9 faiz.

Bu göstəricidə artım müşahidə olunur: Bakıda - 28,3 faiz, Lənkəran iqtisadi zonasında - iki dəfə, Dağlıq-Şirvanda - 1,7 dəfə, Aranda - 24,2 faiz, Abşeronda - 23,5 faiz, Quba-Xaçmazda - 13 faiz.

Məişət zorakılığının qarşısının alınmasında bu dinamikanın nəzərə alınmalı olduğunu yəqin ki, deməyə ehtiyac yoxdur.

18 il ərzində respublikada qətllərin sayı azalsa da, oğurluq və dələduzluq faktlarının sayı artıb

Statistikaya görə, 18 ildə Azərbaycanda cinayətkarlıq iki dəfə artıb. Bu, təkcə sosial-iqtisadi amillərlə deyil, həm də əhalinin artması ilə əlaqədardır. Əgər 2000-ci ildə Azərbaycan əhalisinin sayı səkkiz milyon nəfər idisə, 2018-ci ildə bu rəqəm təxminən 10 milyona çatıb.

Beləliklə, 2000-ci ildə qeydə alınan cinayətlərin ümumi sayı 13958, 2018-ci ildə - 26381 olub. Bununla belə qətl və qətlə cəhdlərin sayı azalıb. Əgər 2000-ci ildə 325 oxşar cinayət törədilibsə, 2018-ci ildə - bu göstərici 262 olub. Cinsi təcavüzlərin sayı da iki dəfə azalaraq 28 olub.

Artım oğurluqlarda - 7888 (2000-ci ildə 2534), soyğunçuluqda - 305 (145), dələduzluqda - 2782 (1232) və narkotikin qanunsuz dövriyyəsində - 2930 (1989) müşahidə olunub.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri