19 
Mar
2020
14:44
244
27
2603
Virtual karabakh

Bakıda mühafizə polisi qadına qarşı soyğunçuluq edən şəxsi yerindəcə zərərsizləşdirib

İctimai asayişin qorunması, şahidi olduğu cinayət xarakterli hadisələrə dərhal reaksiya və bu tipli hüquqazidd əməllər törədən şəxsin yerindəcə zərərsizləşdirilməsi hər bir polis əməkdaşının öndə gələn vəzifələrindən biridir.

Vətəndaşların təhlükəsizliyinin polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunduğunu sübut edən hadisələrdən biri paytaxtın Nizami rayonu ərazisində baş verib. Belə ki, rayonun R.Rüstəmov küçəsi, 24 ünvanında naməlum şəxs Bakı şəhər sakini T.Gərayevaya zor tətbiq edərək, onun içərisində 104 manat, mobil telefon, sənədlər və digər şəxsi əşyaları olan çantasını əlindən alaraq hadisə yerindən qaçıb.

Yaranan səs-küyə xidmətdən kənar vaxtda həmin yerin yaxınlığından keçən Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Əziz Qurbanov dərhal reaksiya verərək, qadının çantasını soyğunçuluq yolu ilə alıb qaçan şəxsi təqib etməyə başlayıb. Polis əməkdaşı çevikliyi sayəsində cinayəti törədən şəxsi yaxalayaraq, soyğunçuluq yolu ilə ələ keçirdiyi maddi sübutla birlikdə ərazi üzrə 24-cü Polis Şöbəsinə təhvil verib.

Bölmədə araşdırma aparılan zaman həmin cinayəti törədən şəxsin Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Şaiq Həsənov olduğu məlum olub və o, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində araşdırmalar davam etdirilir. Soyğunçuluq etməkdə şübhəli bilinən şəxsin digər analoji cinayətlərdə iştirak etdiyi istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri