Sen
2020
13:45
40
133
6138
Virtual karabakh

Lənkəranda saxlanılan keçmiş əməliyyat müvəkkili narkotik maddələrin alverində şübhəli bilinir

5 Sen, 2020
13:45
6138

Lənkəranda saxlanılan keçmiş əməliyyat müvəkkili narkotik maddələrin alverində şübhəli bilinir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran Rayon Polis İdarəsinin əməkdaşları cinayət axtarışı bölməsinin sabiq əməliyyat müvəkkili, yerli sakin Nazim Xəlilovu qanunsuz olaraq saxlayır.

Bu barədə Oxu.Az-a saxlanılan şəxsin 28 yaşlı oğlu Qalib Xəlilov bildirib.

Onun sözlərinə görə, atası polislər tərəfindən iki gün fiziki təzyiqlərə məruz qalıb.

“Hər şey avqustun 5-də başladı: atam saxlanıldı və qızıl zinət əşyalarını oğurlamaqda ittiham edildi. Bununla əlaqədar əməliyyatçılar evimizə girərək bütün zinət əşyalarımızı götürdülər. Düzdür, sonra onları bizə qaytardılar. Saxlanılandan 58 saat sonra Lənkəran Rayon Məhkəməsi atama qarşı 4 ay müddətinə həbs qərarı çıxardı. Sonra qərardan Şirvan şəhər Apellyasiya Məhkəməsinə şikayət etdik. Məhkəmə avqustun 13-də əvvəllər seçilmiş həbs qətimkan tədbirini 4 ay müddətinə ev dustaqlığı ilə əvəz etdi və atamın ayağına elektron bilərzik taxıldı”, - deyə Q.Xəlilov bildirib.

Məhkəmədən qayıdan N.Xəlilov tibbi yardım üçün Masallı xəstəxanasına müraciət edib. Vəziyyəti ağır olduğundan tibb müəssisəsinin həkimləri onu müalicə almaq üçün 5 saylı Bakı Şəhər Klinik Xəstəxanasına göndəriblər. Həbs olunan şəxsin döyülməsi nəticəsində yeddinci qabırğanın, sağ ayağın, sağ qolun sınığı, baş-beyin travması və yumşaq toxuma zədəsi qeydə alınıb.

Oğlunun sözlərinə görə, sentyabrın  3-də əməliyyatçılar Xəlilovun müalicə aldığı xəstəxanaya girərək heç bir izahat vermədən pasiyentə qandal vurublar və şəxsi avtomobilə mindirib Lənkəran Rayon Polis İdarəsinə aparıblar.

“Hazırda atam Lənkəran Rayon Polis İdarəsinin istintaq təcridxanasındadır. Polis öz hərəkətləri ilə atamın istintaq təcridxanasında deyil, ev dustaqlığında olması barədə məhkəmə qərarını pozub. Üstəlik, atam ona qarşı seçilmiş qabaqlayıcı tədbirin şərtlərini pozmayıb. Vəkillərə indiyə qədər müvəkkillə görüşmək imkanı verilməyib”, - deyə saxlanılan şəxsin oğlu bildirib.

O, avqustun 6-da İnsan Hüquqları üzrə ombudsman Səbinə Əliyevanın Lənkəran RPİ-də olduğunu, N. Xəlilovla görüşdüyünü və söylədiklərinin hamısını qeyd etdiyini vurğulayıb.

“Atam Qarabağ müharibəsi qazisi, ikinci qrup əlildir. Uzun illər Masallı, Lerik, Lənkəran, Astara rayonlarının polis idarələrində işləyib, narkotiklə mübarizə işinə rəhbərlik edib, cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili olub. Heç bir cinayət törətməyib. Polisdə təqsirini sübut edəcək dəlil yoxdur. Bu günə qədər atam heç bir protokol imzalamayıb, ona qarşı irəli sürülən ittihamları qəbul etməkdən imtina edir”, - deyə Xəlilov bildirib.

Öz növbəsində, N.Xəlilovun vəkili T.İsmayılov Oxu.Az-a verdiyi açıqlamada sentyabrın 3-də saat 23.00 radələrində Lənkəran Rayon Polis İdarəsində olduğunu, lakin N.Xəlilovu görmək imkanının verilmədiyini qeyd edib.

“Ona yenidən fiziki təzyiq göstərildiyinə dair şübhələrimiz var. Əks təqdirdə, müvəkkilimlə görüşməyimə icazə verilərdi”, - deyə vəkil bildirib.

O, təqsirləndirilən şəxsin ayağında hərəkətini izləməyə imkan verən elektron bilərzik olduğunu qeyd etdi. Yalnız ev dustaqlığı qaydalarının pozulması halında həbs olunan şəxsə qarşı tədbirlər görülə bilər və hazırda N.Xəlilovun dəmir barmaqlıqlar arxasında saxlanması qanunun kobud şəkildə pozulmasıdır.

“Bu münasibətlə biz müvafiq orqanlara müraciət etdik və ümid edirik ki, hüquq-mühafizə orqanları baş verənlərə lazımi qaydada reaksiya göstərəcək”, - deyə İsmayılov bildirib.

Oxu.Az-ın müxbirinin vəziyyətin izahı üçün müraciət etdiyi Lənkəran Rayon Polis İdarəsində N.Xəlilovun soyğunçuluq təşkil etməkdə şübhəli olduğunu söylədi.

“Nazim Xəlilov bu il avqustun 1-də Lənkəranda zərgərlik mağazası sahibinin “Malış” ləqəbi ilə tanınan oğluna qarşı törədilən soyğun hücumunun əsas təşkilatçısıdır. 21 yaşlı Tural Fətullazadəyə hücum səhər 7-də küçədə həyata keçirilib. İki nəfər onu vurub və qızıl zinət əşyaları olan çantasını götürərək cinayət yerindən qaçıb. Adətən gənci iş yerinə qədər əmisi müşayiət edirdi. Ancaq həmin gün o, T.Fətullazadənin arxasında gedib, təcavüzkarlar hücum edəndə əmi cinayətkarların qarşısını almağa imkan tapmayıb”, - deyə idarədə bildirib.

İstintaq zamanı soyğunçuluqda şübhəli bilinən şəxslər - əvvəllər quldurluqla birlikdə, xüsusi amansızlıqla qətldə məhkum olunmuş Ziya Hüseynzadə, əmisi oğlu Elməddin Hüseynov və oğurluqda əvvəllər məhkum olunmuş İbrahim Məmmədli saxlanılıb. Onların hamısı Masallı rayon sakinləridir. Saxlanılan şəxslər etiraflarını ediblər. Beləliklə, T.Fətullazadəyə hücumun N.Xəlilovun təşkil etdiyi ortaya çıxıb.

“İstintaqa görə, N. Xəlilov narkotik alveri edib və Z.Hüseynzadə onun daimi müştərisi olub, hansı ki, ondan bir qramı 400-500 manata olan kokain aldığını etiraf edib. Sonra N.Xəlilovdan “metadon” almağa başlayıb. Bir müddət sonra Z.Hüseynzadənin pulu qurtarıb və N.Xəlilova xeyli miqdarda borcu qalıb. Məhz o zaman N.Xəlilov həm borclarını qaytarmaq, həm də qazanc əldə etmək üçün ona bu soyğunçuluğu təklif edib.

Hücumdan sonra Z.Hüseynzadə və N.Xəlilov oğurlanan malları qızıl alıcısına 82 min manata satıblar. Zinət əşyaları qaytara bilmədik, çünki qızıl alıcısı izləri ört-basdır etmək üçün onları əridib. Soyğunçuluqda şübhəli bilinən şəxslər ifadə verib və N.Xəlilovun cinayətdə iştirakını təsdiqləyiblər. N.Xəlilovun özü günahını etiraf etmir. Ancaq istintaq ona ikinci ittiham - soyğunçuluqda iştirak etmək irəli sürəcək”, - deyə polis idarəsində bildirilib.

Həbs zamanı N.Xəlilovdan içərisində 9,044 qram ağırlığında psixotrop dərman – “metamfetamin” olan 10 mini konteyner aşkar edilərək götürülüb. Bu, “metamfetamin”in şəxsi istifadə üçün deyil, satış üçün nəzərdə tutulduğunu göstərir. Bundan əlavə, saxlanılan şəxsin analizi zamanı sidiyinin tərkibində iki növ narkotik olduğu aşkarlanıb.

Polis idarəsində N.Xəlilovun döyülməsi nəticəsində qeydə alınan sınıqlar barədə məlumatlar həqiqəti əks etdirmədiyini bildirdilər.

“N. Xəlilov işində yol verdiyi pozuntulara görə iki dəfə (son dəfə 2018-ci ildə) daxili işlər orqanlarından qovulub. Xəstəxanaya yerləşdirilməsinə gəlincə, qeyd edirəm ki, Şirvan şəhər Apelyasiya Məhkəməsinin qərarından sonra o, dövlət xəstəxanasına deyil, özəl klinikaya  müraciət edib, orada ona göndəriş yazılıb.

Karantin rejimi ilə əlaqədar TƏBİB-in təsdiq etdiyi qaydalara görə, 5 saylı Bakı Şəhər Klinik Xəstəxanasının regiondan xəstə qəbul etmək hüququ yox idi. Bununla əlaqədar tibb müəssisəsinə qarşı ayrıca tədbirlər görüləcək”, - deyə polis idarəsində bildiriblər.

Qeyd olunan şəxslərə qarşı açılan cinayət işinin istintaqı davam edir, narkotik ticarəti ilə məşğul olan şəxslərin dairəsi müəyyən edilir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri