16 
Sen
2021
11:12
173
16
2566
Virtual karabakh

Bakıda yaqut daşını soyğunçuluq yolu ilə ələ keçirənlərə HÖKM OXUNDU

16 Sen, 2021
11:12
2566

Bakıda yaqut daşını soyğunçuluq yolu ilə ələ keçirənlərə HÖKM OXUNDU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və soyğunçuluqda təqsirləndirilən Röyal İmamverdiyev və Ruslan Orucovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.İmamverdiyev 8 il və R.Orucov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Cəlilabad rayon sakini olan bir nəfər Xətai RPİ-yə müraciət edərək bildirib ki, bir müddət əvvəl ona məxsus çəkisi 14,88 qram olan qiymətli, nadir tapılan çəhrayı yaqut daşını satmaq istəyib.

Daha sonra özünü Türkiyə Respublikasının vətəndaşı “Çağdaş” kimi təqdim edərək onunla əlaqə saxlayan bir nəfər həmin daşı almaq üçün onunla görüşmək istədiyini bildirib.

Zərərçəkənlə Xətai rayonu ərazisində görüşən həmin şəxs daşın keyfiyyətini və saflığını yoxlamaq məqsədi ilə çəhrayı yaqutu ondan alıb, daha sonra qaçaraq hadisə yerindən uzaqlaşıb.

Xətai RPİ-nin əməkdaşlarının zərərçəkənin şikayəti əsasında “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qısa zamanda müəyyən edilib ki, qeyd edilən hadisə əvvəllər məhkum olunmuş paytaxt sakinləri R.İmamverdiyev və R.Orucov tərəfindən törədilib.

Həmin şəxslərin yaşadıqları mənzilə baxış zamanı zərərçəkənə məxsus yaqut daş, həmçinin R.Orucovun evindən əlavə 4 kiloqram 735 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, R.İmamverdiyev və R.Orucov cinayət yolu ilə əldə etdikləri yaqut daşı bir müddətdən sonra Türkiyəyə və ya Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq satmağı planlaşdırıblar.

Faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 180.4 (Soyğunçuluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 234.4.3 (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri