18 
Sen
2021
15:01
55
417
26350
Virtual karabakh

Kafe, masaj salonu, sauna: Xarici vətəndaş döyülür, kişilərlə cinsi əlaqəyə məcbur edilir – MƏHKƏMƏ İŞİ

İnsanın fantaziyaları sərhədsizdir, insanı da heyvandan fərqləndirən məhz budur. Canlılar içərisində insan bütün ideyalarını şüurlu və məqsədli şəkildə həyata keçirən bir varlıqdır.

İnsan şüuru pul qazanmaq üçün fövqəladə zəkaya sahibdir, plan və hədəflərin sərhədləri sonsuzdur.

Yəqin buna görədir ki, başqalarını istismar edərək pul qazanmaq təbiətin insana tanıdığı amansız imkanlardan biridir.

Hələ söhbət cinsi istismardan gedirsə... Şəhvət, cinsi istək reproduktiv rəqabətdə heyrətamiz şəkildə ortaya çıxıb.

İqtisadi münasibətlər formalaşdıqca isə insanın instinktiv təbii ehtiyaclarını qarşılamaq üçün şirnikləndirici və təşviqedici ideyalar formalaşıb.

Cinsi istismar, bunun müqabilində pul qazanmaq da çirkin ticari niyyətin təzahürləri kimi ortaya çıxıb.

Müasir dövrdə vüsət alan cinsi istismar halları Azərbaycandan da yan keçmir.

Oxu.Az məhkəmə istintaq materiallarına əsasən, cinsi istismar üçün əxlaqsız yuvaların təşkil edilməsi hallarından biri ilə bağlı təfərrüatı təqdim edir.

1963-cü il təvəllüdlü Z. (qadındır) gəlir və fayda əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməklə əxlaqsız yuvalar təşkil edib, bu yolda hədə-qorxu gəlmə, zor tətbiq etmək kimi davranışlardan belə çəkinməyib.

2017-ci ilin martında N. şüurunun dərinliklərində gizlənən çirkin niyyətini əməli müstəviyə keçirmək qərarına gəlir.

Quba şəhərindəki “Tamerlan” adlı kafedə yemək-içmək verməkdən əlavə, paralel olaraq masaj xidməti adı altında fahişəlik xidməti də təşkil edir. Qısa qeyd edək ki, bu kafe onun oğlunun adını daşıyırmış.

Tamerlan isə bivec adamdır, anasının işlərinə qarışmır, ara-sıra kafeyə gəlir, bəzi işlərə nəzarət edir. Vəssalam, onun işi bundan ibarətdir.

Z qadınlardan birini fahişəliyə cəlb edir, onun üçün “şərait” yaradır, kafenin arxasında qadının fəaliyyəti üçün masaj otağı düzəltdirir.

Şərt kəsir, şərti bu olur ki, qadın həmin otaqdan istifadə etdiyinə görə ona 5-10 manat pul versin.

Bu minvalla işləri yaxşı gedir, iki il müddətində gəlir əldə edir, sauna da düzəldir, tamahı da böyüyür, əlavə günah işlərə girişməkdən çəkinmir.

2019-cu ilin fevral ayında həmin kafedə vaqeə edən bir hadisə qadınları cinsi istismara məruz qoyan şəxsin pul qazanmaq üçün hər şeyə yol atacağını göstərir.

Həmin tarixdə Özbəkistan vətəndaşı olan M. (qadın) həmin kafeyə gəlir, məqsədi həm orada işləyən rəfiqəsini görmək, həm də burada işləmək olub. Necə deyərlər, həm ziyarət, həm ticarət. Özbək qadın qətiyyən bu kafeyə cinsi əlaqə müqabilində pul qazanmaq niyyəti ilə gəlməyibmiş, sadəcə onun məqsədi kafedə xidmətçi işləyib çörəkpulu qazanmaq olub.

İstintaq metaeriallarına əsasən, Z. kafesinə xidmətçi kimi işləməyə gəlmiş M.-ə qarşı zor tətbiq edərək onu fahişəliyə məcbur edib.

Buna qədər isə Özbəkistan vətəndaşını bir neçə dəfə toruna salmaq istəsə də, qadın bundan imtina edir, lakin yeni qazanc yerini əldən buraxmaq istəməyən kafe sahibi qadını masaj otağına salır, onu döyür və hədələyir ki, fahişəliklə məşğul olub ona pul gətirsin.

İki gün belə keçir, artıq özbəkistanlı qadın Z.-dən qorxur, bununla belə tanışı Elmar adlı şəxsə məlumat göndərə bilir. O, ilk məlumatı hələ otaqda girov saxlanılarkən göndərmişdi.

Bu müddətdə kafedə xidmətçi işləyən qadınlar, eyni zamanda pul müqabilində kişilərlə cinsi münasibətdə olan qadınlardan biri özbək qadına acıyır, ona kömək etməyə çalışırlar. Lakin Z-nın zəhmi və ondan qorxu imkan vermir ki, həmin qadınlar özbəkə lazımi köməklik etsin.

Bəs Z.-dən niyə qorxurdular?

Z.-nin amansızlığı dəhşətlidir, hətta bir dəfə kafedə işləyən qadınlardan birini özünə aş bişirib yediyi üçün də döyübmüş.

İstintaq materiallarına əsasən, Z. dəfələrlə kafedə işləyən qadınları hədələyib, onlara polisdə də “yaxşı adamlarının” olduğunu bildirib. Deyib ki, əgər qadınlardan biri ona qarşı yanlış hərəkətə yol versə, bu zaman polisdəki adamlarını dövriyyəyə salacaq və onları tutduracaq.

Zira, Elmara xəbər çatandan sonra o, Z. ilə əlaqə saxlayır, bildirir ki, özbək tanışını buraxsın. Lakin Z. elə birini tanımadığını deyir, Elmar isə arqumentlərini ortaya qoyur. Deyir ki, M. ona burada girov kimi saxlanıldığı xəbərini çatdırıb.

Söhbətin xarakterinə əsəbi notlar qarışır, aqressiya güclənir, Z. axırda Elmarı kafedən qovur.

Digər qadınlara isə qəti tapşırıq ki, M. barədə heç kimə bir kəlmə də bildirməsinlər, əks təqdirdə onların başına oyun açar, əlindən gələn pisliyi edər.

M.-ə də çatdırır ki, əgər ondan şikayət etsə, cibinə narkotik atıb tutduracaq.

Bununla belə, çox keçməmiş Z. polisin əlinə keçir, polislər M.-i da xilas edir. Onların şöbədə ifadələri alındıqdan sonra sərbəst buraxılırlar.

Əl-ayağa düşən Z.-nin xarakterində və davranışlarında müvəqqəti yumşalmalar başlayır. M.-ə deyir ki, ona qarşı ifadəsini geri götürsün, hətta ona yalvarmağa da başlayır.

M. ilk vaxtlarda razı olur, çünki onun beyninə yeridilmişdi ki, bəs bu işə görə sən də həbsə gedəcəksən, çünki sən də fahişəliklə məşğul olmusan.

Lakin M... Birincisi, öz vicdanına güvənir, ikincisi də hüquqi ədalətin bərqərar olacağına ümid edir. Buna görə də, “sülh təklifindən” imtina etmək qərarına gəlir.

İstintaqdan sonra təqsirləndirilən şəxs Z. Bakı Ağır Cinayətlər Məhkəməsinin önünə çıxarılır.

Məhkəmənin 2021-ci il 13 sentyabr tarixli hökmü ilə Z. Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri), 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri