20 
Sen
2021
16:46
114
17
4357
Virtual karabakh

Ədəbsiz hərəkət, dava, qan və 8,5 illik cəza... – İSTİNTAQ MATERİALLARI

20 Sen, 2021
16:46
4357

Ədəbsiz hərəkət, dava, qan və 8,5 illik cəza... – İSTİNTAQ MATERİALLARI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi cinayət işlərini oxuduqca, adamda sual yaranır: Yəni, xırda bir məsələyə görə, bunu etməyə dəyərdimi?

Görünür ki, bəziləri mübahisəni sözlərlə yox, fiziki güclə həll etmək qərarına gəldiyindən acı nəticələr ortaya çıxır. 

Oxu.Az məhkəmə materiallarına əsasən, belə hadisələrdən birini təqdim edir.

2021-ci ilin martın 16-sı, gecə saat 23:00 radələri. Ç. Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində, kirayə yaşadığı evdə 1,5 litr pivə içərək sərxoş vəziyyətə düşür.

Ç. əvvəllər də məhkum olunub, pivə içdikdən sonra keçmiş məhbusluq həyatı xatirələrində canlanır, tək olaraq Bakı küçələrini gəzmək istəyinə düşür. Yarım saatdan sonra “Oldschool” kafesinin yanından keçərkən qəfildən uca səslə gəyirir.

Bu zaman həmin yerdə olan oğlan (V.) və qız (G.) V.-ya tərs-tərs baxır, V. yoluna davam etmək istəsə də, içindən gələn bir səs onun qalmasını, qürurunu qorumaq üçün mütləq cavab verməsini ona pıçıldayır.

O, oğlana göz-qaş edərək nə baş verdiyini soruşur, onu yaxınlıqdakı binanın blokuna çağırır. “Niyə mənə tərs-tərs baxırdın” deyir. V. cavabında “sən ucadan gəyirirsən, niyə ədəbsizlik edirsən? Görmürsən ki, mən qızlayam?” bildirir.

Qız yaxınlaşsa da, V. hər şeyin qaydasında olduğunu bildirir, söhbəti yoluna qoyub qayıdacağını deyir. Qız aralanandan sonra Ç. ilə V. arasında mübahisə dərinləşir. Ç. əlini çantasında gəzdirdiyi bıçağa atır, V. isə acı nəticəyə gəlib çıxaracağını görür, “qaqaş, buna ehtiyac yoxdur” deyir. Lakin sərxoş vəziyyətdə olan Ç. inadından əl çəkmir, onlar arasında əlbəyaxa döyüş üçün zəmin hazırlanır. V. Ç-nın bıçaq saxladığı sol əlini sağ əlilə tutub ona bir daha “qaqaş, bu lazım deyil, qoy onu yerinə” deyir.

Bu zaman Ç. ona “mənə mədəniyyət öyrədəcəksən, ə?” deyir və bıçaq olan əlini dartışdırmağa başlayır.

Bu minvalla onlar arasında əlbəyaxa dava başlayır, V. axırda özünü qorumaq üçün Ç.-nı sinəsindən çəkərək yerə yıxır, ona iki yumruq zərbəsi vurur. Artıq V.-nın sevgilisi G. köməyə adam çağırır, köməyə gələn iki nəfər Ç. ilə V.nı bir-birindən aralayır.

Az keçməmiş V. bıçaqlandığını görür, sən demə Ç. dava zamanı V.-nın altında olarkən onun sağ qolundan və qarnından bıçaqla vurubmuş. Halsız olduğu üçün hadisə yerini qaçaraq tərk edən Ç.-nın arxasınca gedə bilmir.

Ç. martın 17-də şübhəli şəxs qismində saxlanılır, barəsində həbs qətimkan tədbiri seçilir.

Ç.-nın istintaq zamanı əleyhinə olan məsələlərdən biri də onun kustar üsulla hazırlanmış beşbarmaq və bıçaq gəzdirməsi olub.

O, əvvəllər də məhkum olunubmuş.

Ç. 2021-ci ilin 8 avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Halbuki Ç. bir kəlmə üzr istəsəydi fərqli sonluq olardı.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri