24 
Noy
2021
17:38
268
19
1624
Virtual karabakh

Bakıda qəbiristanlıqdan və evlərdən oğurluqlar edən şəxslər tutulub - VİDEO

Hövsan qəsəbəsində qəbiristanlıqdan və evlərdən oğurluqlar edən üç nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Hövsan qəsəbəsində yerləşən qəbiristanlıqdan dəyəri 400 manat olan qəbir daşını oğurlayan şəxs saxlanılıb.

Əməliyyat zamanı oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Şirməmməd Məmmədov tutulub. O, ifadəsində etdiyi oğurluq əməlini etiraf edib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Hövsan qəsəbəsində evlərdən birinin dəyəri 400 manat olan dəmir darvazasını və qəsəbə ərazisində yerləşən piyada keçidinin avadanlıqlarını oğurlayan Ağsu rayon sakini Rahim Məmmədov da saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 2 qram narkotik vasitə heroin də aşkar edilib.

İdarə əməkdaşlarının Hövsan qəsəbəsində həyata keçirdikləri digər əməliyyat zamanı isə evlərdən oğurluq edən daha bir nəfər, qəsəbə sakini Azər Əliyev saxlanılıb. Onun Hövsan qəsəbəsində iki mənzildən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Təqdim edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Şirməmməd Məmmədov, Azər Əliyev və Rahim Məmmədovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Suraxanı Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin “102” Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri