Dek
2021
16:44
20
179
4546
Virtual karabakh

Ana və iki uşağının DRAMI: Ferma sahibi onları kölə etdi... - MƏHKƏMƏ

6 Dek, 2021
16:44
4546

Ana və iki uşağının DRAMI: Ferma sahibi onları kölə etdi... - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda məcburi əməyin qeydə alındığı cinayət hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az istintaq materiallarına əsasən, həmin cinayətin motivlərini təqdim edir.

Tale Nadya Askerovaya (ad şərtidir) 1999-cu ildən başlayaraq xoşbəxt üzünü əsirgəməyə başlayır.

1999-cu ilin qış ayları – Rusiyanın Dağıstan Muxtar Respublikasında bazarların birində gəzişən Nadya ümidlərini taleyin gedişatına bağlayaraq çətinliklə dolanır.

Nadya həmin zamanlarda onunla ünsiyyətə girən insanlara bəlkə də son ümid yeri kimi baxırdı.

Dağıstanda azərbaycanlı qadınla tanışlığı ümid qığılcımlarını “alova” çevirir, artıq o, taleyin üzünə güldüyünə inanır.

Ancaq görünür ki, tale tərs üzünü Nadyadan döndərməyib, bundan sonra Nadyanın acınacaqlı, məşəqqətli həyatı özünün pik zirvəsinə çatır...

Şimaldan Azərbaycana gələn “gəlin”

Mahaçqaladakı bazarda azərbaycanlı qadın Nadyaya söz verir ki, onu ölkəyə gətirəcək və oğluna gəlin edəcək. Qadın Mahaçqalada olarkən Nadyanı oğlu ilə də tanış edir.

Onlar birlikdə Azərbaycana üz tuturlar, məsələ burasındadır ki, 1990-cı illərdə qanunsuzluqların, rüşvətin tüğyan etdiyi zamanlarda sərhəddə heç Nadya barədə sorğu-sual da aparılmır.

Hərçənd ki, Nadyanın üzərində heç bir sənəd olmayıbmış. Xülasə, üçlük evə gəlirlər, Nadya özünü xoşbəxt qadın və gəlin kimi hiss etməyə başlasa da, bunun ömrü uzun sürmür.

Dilənçi qayınana – evdən qaçış

Bir ay keçdikdən sonra Nadya “ərinin” və “qayınanasının” dilənçiliklə məşğul olduğunu görüb onların əlindən qaçır və bundan sonra bir daha onları görmür...

Əlacsız qalan Nadya paytaxt Bakıda ona geniş iş fürsətləri təqdim ediləcəyini düşünüb yolunu “küləklər şəhərinə” salır.

Nadya bir neçə sürücüyə xahişlər edərək, yalvarışlarını bu xahişlərinə calayaraq pulsuz-parasız Bakıya çatır.

1999-cu ilin Bakısı - işaxtaran fəhlələr, müharibənin vurduğu zərərlərin sosial izlərinin “hayqırtısı” paytaxtda da duyulur. Nadyanın da səsi bu “hayqırtılara” qarışır və o da işaxtaranlar sırasına qoşulur.

Nadya “Baksol” ərazisində tanış olduğu dağıstanlı qadından yardım istəyir, o da ən yaxşı halda Nadyanı donuz fermasında işə düzəldə biləcəyini deyir. Nadya razılaşır, razılaşır deyəndə ki, onun başqa çarəsi də yoxdur.

Donuz fermasının sahibi Nadyanı gülərüzlə qarşılayır, ona iş verir, pulunu vaxtlı-vaxtında ödəyir.

Fermadakı iş mühitində tanış olduğu Boris adlı şəxslə ailə qurur, daha dəqiqi, sənədləri olmadığı üçün Borislə ər-arvad kimi yaşayır. Boris xaraktercə mübahisəyə meyilli olduğundan fermanın sahibi ilə də sözləri çəp gəlir, 2000-ci ilin əvvəlində Nadyanı da götürüb başqa fermada işləyirlər.

Borisin və Nadyanın 2007-ci ildə qızı, 2009-cu ildə isə oğlan övladları dünyaya gəlir.

Ancaq bir neçə il keçdikdən sonra cütlük arasındakı münasibətlərdə ailə təməllərini sarsıdan mübahisələr ağırlıq təşkil edir.

Qohum axtarışı nəticəsiz qalır

Nadya 2019-cu ilin fevral ayında Borislə mübahisə etdiyi üçün uşaqlarını da götürüb Bakıya gəlir, Dağıstanda yaşayan qohumlarını tapmaq ümidilə jurnalist Xoşqədəm Hidayətqızının verilişinə çıxır.

Boris Bakıya gələrək arvadını, uşaqlarını geri qaytarır, bir müddət ər-arvad arasında münasibətlərdəki gərginlik səngisə də, bu, çox çəkmir.

Əri ilə yola gedə bilmədiyini görən Nadya uşaqlarını yenidən götürüb Yevlaxa yollanır, burada tanış olduğu Ayaz adlı şəxs ona iş vəd edir.

Ayaz Nadyanı ucqar rayonlardan birində fermaya aparır və onu ferma sahibinə öz arvadı kimi təqdim edir.

Ferma sahibi Həsən (ad şərtidir) onlarla yaxşı davranır, ta o zamana qədər ki, Ayaz fermadan gedir.

Kölə həyatı

Ayaz işlərinin çox olduğunu bildirərək Nadya ilə sağollaşır və fermanın ərazisini tərk edir. Nadyanın həyatındakı ən qara günləri də bu müddətdə başlayır, 2019-cu ilin avqsutun ortalarından oktyabrın ilk 10 günlüyünə qədər olan müddətdə Nadya, onun uşaqları Həsən tərəfindən məcburi əməyə cəlb edilir.

Həsən hədə-qorxu, zor tətbiq etməklə Nadyaya və uşaqlarına qənim kəsilir, onları heç bir şəraiti olmayan vaqona yerləşdirir, onlarla faktiki kölə kimi davranır.

Nadyanı qalın ağacla, onun uşaqlarını ilə nar çubuğu ilə döyən Həsən hədəsini də əsirgəmir.

“Çıxıb getsən, səni məhv edəcəyəm”, “polisə desən başına oyun açacağam, çünki sənin heç bir sənədin yoxdur” kimi hədələri ilə Nadyanı qorxudur.

Nadyanı və uşaqlarını mal-qara, qoyun-quzu otarmağa aparır, onları həyətdə işlədir.

Müqabilində isə Nadyaya və uşaqlarına ancaq kartof və soğan, bir də evində bişən yeməyin artığını verir.  

Bəzən isə fermasında ölən toyuqların baş-ayaqlarını verərək onları bişirib yemələrini bildirir.

Həsənin amansız davranışlarına, fiziki şiddət nümayişlərinə öz ailəsi də qarşı çıxır, son sözü elə Həsən özü deyir.

Hər necə olursa polis Həsənin hərəkətlərindən duyuq düşür (istintaq materiallarında detallı qeyd edilmir) və onun fermasına gələrək Nadyanı, ailəsini və Həsəni polis bölməsinə aparırlar.

Artıq arxayınlaşan Nadya olanları danışır, bədənində Həsənin “əl işini” göstərərək ondan şikayət verir.

Həsən ifadələrində ittihamla razılaşmasa da, dəlillər, ekspertiza onun yalan danışdığını üzə çıxarır.

Məhkəmənin hökmü ilə Həsən Cinayət Məcəlləsinin 144-2.2.1-ci (məcburi əmək iki və daha çox şəxsə qarşı törədildikdə) və 144-2.2.3-cü (məcburi əmək yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə təqsirli bilinib.

O, 7 il müddətinə azadlıqdan məhrum edilib.

P.S. İstintaq materiallarında Borisin sonrakı taleyi ilə bağlı məqamlar yer almayıb.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri