30 
Noy
2022
18:49
28
397
9870
Virtual karabakh

Qətlə yetirilən Elvinin atası: “Şikayətimi geri çəkmək üçün mənə pul təklif ediblər” - YENİLƏNİB

30 Noy, 2022
18:49
9870

Qətlə yetirilən Elvinin atası: “Şikayətimi geri çəkmək üçün mənə pul təklif ediblər” - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Onlar gizlin evləndikləri üçün mən ilk başlarda qəbul edə bilmirdim”.

Bu sözləri Oxu.Az-a açıqlamasında bu il yanvarın 3-də Ağstafanın Dağkəsəmən kəndində xanımı tərəfindən qətlə yetirilən Elvin Abdullayevin atası Mübariz Abdullayev deyib.

Xatırladaq ki, Ağstafada 1984-cü il təvəllüdlü əri Elvin Abdullayevi baltalayaraq qətlə yetirən qadının məhkəmə prosesi başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hadisə bu ilin yanvarın 3-də Ağstafanın Dağkəsəmən kəndində qeydə alınıb.

Bildirilirdi ki, ata oğlunu evdən qovub və o da qayınatasıgildə yaşayırmış.

Mübariz Abdullayevin sözlərinə görə, o nə gəlinini, nə də oğlunu evdən qovub:

“2006-cı ildə gizlin qaçmışdılar. Mənə demədiklərinə görə çox ağır gəlmişdi. Onları evə qoymadım. Ondan sonra küsülülüyü aradan qaldırdım. Ürəyim istədiyi kimi toy etdim. Dörd il birlikdə yaşadıq. Mənim ikimərtəbəli, atama məxsus evim var idi. Cavan ailə olduqları üçün onları orada yaşamağa göndərdim. Bir il orada yaşadılar. Daha sonra, 2011-ci il martın 8-də Aysu adında qızları dünyaya gəldi. Uşaq olandan sonra qızın anası Almaz xanım qızı evə apardı. 40 gün orada qalacaqdı.

Bir müddət sonra Almaz xanım mənə dedi ki, təkəm yanımda qalsınlar. Mən də razı oldum. 2015-ci ildə bir övladları da oldu. Normal yaşayırdılar. Elvin Fövqəladə Hallar Nazirliyinin Qazax Yanğından Mühafizə Xidmətində dispetçer işləyirdi. Orada yaşasalar da, bizə gəlib-gedirdilər”.

M.Abdullayev qeyd edib ki, qətldən bir gün öncə həmin evə çağırılıb:

“Yanvarın 2-də gecə mənə zəng gəldi. Qızın anası zəng vurdu ki, tez bizə gəlin, Elvin yeyib-içib, buranı dağıdır. Getdim, gördüm ki, sakitlikdir. Dedim ki, sabah gəlib, məsələni aydınlaşdıracağam. Daha sonra ayın 3-də zəng etdim. Telefonu Aynur götürdü. Soruşdum ki, Elvin haradadır? Dedi ki, Elvin aşağı düşdü, siqaret çəkdi, çay içdi. İndi də yatır. Halbuki, saat 5-də oğlumu öldürüb. Yanvarın 4-ü anası zəng edib, çağırdı. Dedi ki, heç kəsə heç nə demə. Yoldaşımı, oğlumu götürüb, getdim.

Aynur oğlumu öldürdüyünü etiraf etdi. Əvvəlcə dedi ki, “Elvin üstümə bıçaqla gəldiyi üçün bu əməli etdim”. Dedim ki, o bıçağı mənə ver. Bunu deyən kimi gecə yatdığı yerdə öldürdüyünü açıq şəkildə bildirdi. Heç bir mübahisə olmadan oğlumu öldürüb”.

Mübariz Abdullayev Aynurun ifadəsini dörd-beş dəfə dəyişdiyini vurğulayıb:

“Bunların arasında bir müddət imiş ki, ər-arvad münasibətləri olmayıb. Əsas ziddiyyət də buradan qaynaqlanırmış. Səbəb budur. Oğluma diqqət, qayğı göstərilməyib. Artıq nəsə demək mənə yaraşmaz. Şər, böhtan atırlar. Oğlumun ölüsündən də əl çəkmirlər. Bizim necə ailə olduğumuzu hər kəs bilir. Aynur uzun illər vərəm xəstəsi olub. Nə biz, nə də rəhmətlik oğlum bilmişik. Gizlədiblər. Uşaqlara keçməyib. Uşaqların həyatını da təhlükəyə atıb. Hətta vəkilləri və qızın anası Almaz xanım mənə bu işdən çəkilməyim üçün pul təklif ediblər.

Hadisə baş verən gün Almaz xanım mənə dedi ki, “daha olan olub, gəl deyək ki, pilləkandan yıxılıb”. Razı olmadım. Qıza dedim ki, hazırlaş, polisə təslim ol. Özüm zəng edib, məlumat vermişdim”.

Mərhumun atası məhkəmədə olan şahidlərin yalan ifadə irəli sürdüyünü qeyd edib:

“Uşaqlar məhkəmədə atasının onları vurmadığını deyiblər. Hətta məhkəmə gedişində ifadələrini dəyişiblər. Uşaqlar ana nənələrinin yanında qalırlar. Oğlumun ölümündə Almaz xanımın da əli var. Uşaqları onun qəyyumluğuna verdiyim üçün peşmanam. Qəyyumluğu almaq istəyirəm”.

Nəzrin Vahid

11:16

Ağstafada 1984-cü il təvəllüdlü əri Elvin Abdullayevi baltalayaraq qətlə yetirən qadının məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvarın 3-də Ağstafanın Dağkəsəmən kəndində qeydə alınıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Aynur Abdullayeva ifadəsində bildirib ki, hadisə günü Elvin sərxoş olub və bu səbəbdən evdə ailə üzvlərini öldürməklə hədələyib.

“Elvin son dövrlər spirtli içkilərə həddən artıq aludə olduğuna görə evdə tez-tez qanqaraçılıq, yersiz münaqişələr yaradırdı. Həmin münaqişələr vaxtı da ünvanıma nalayiq ifadələr işlədir, məni vururdu. Elvin Qazax Yanğından Mühafizə Hissəsində dispetçer vəzifəsində, kiçik çavuş rütbəsində işləyirdi. Bir gün işdə, iki gün isə evdə olurdu. İşə gedəndə, adətən, içki içməsə də,  qalan vaxtlarda, demək olar ki, ayıq vaxtı olmurdu. Yersiz qısqanclıqlar edirdi, hətta telefon işlətməyimə icazə vermirdi. Mən də söz-söhbət olmasın deyə telefon işlətmirdim.

Bir neçə dəfə rəsmi qaydada ayrılmaq istəsəm də, Elvin icazə vermirdi. Deyirdi, özbaşına yaşaya bilməzsən, məni ölümlə hədələyirdi. Hadisədən əvvəl məzuniyyətə çıxmışdı, bu müddətdə, demək olar ki, ayıq vaxtı olmurdu”, - A.Abdullayeva ifadəsində bildirib.

Qadının sözlərinə görə, hadisə günü Elvin sərxoş halda arvadından aşağı mərtəbədə yarım qalan arağı gətirməsini istəyib. Qadın arağı gətirmək istəmədiyi üçün Elvin ona şillə vurub. Elvinin qışqırığından uşaqların oyanacağından ehtiyat edərək gedib arağı gətirib. Təxminən bir saat sonra Elvin ayağa durub, “sizə demişdim ki, bu evdən bu gecə heç kim sağ çıxmayacaq” deyib. O, qalxıb şalvarını geyinərkən yerə yıxılıb. Aynur isə Elvinin onları öldürmək istəyindən şübhələnərək baltaya əl atıb. Elvinin yıxıldığını gördükdən sonra baltanı hər iki əliylə tutub Elvinin boynunun sol arxa hissəsindən var qüvvəsi ilə ilk zərbəni vurub. Zərbədən sonra Elvin xırıldamağa başlayıb. Bundan sonra daha iki zərbə vuraraq ərini öldürüb.

O, qətldən sonra yorğanı Elvinin üstünə çəkib, özü isə hadisənin həyəcanı ilə otaqdakı ventilyatorun yanında yerə çökərək dayanıb. Etdiyi əməldən peşman olub. Otaqdan çıxıb qapını örtüb, aşağıdakı yardımçı tikiliyə gedib.

Səhər açılanda isə öz anası Elvini soruşub, o isə ərinin yatdığını bildirib. O, qızlarına da eyni cavabı verib. Gün ərzində bir neçə dəfə qapını açıb tərpəniş olub-olmamasına baxıb. Evdəkiləri şübhələndirməmək üçün bir neçə dəfə əlində çay və şirniyyat otağa girib və geri qayıdıb. Gün ərzində anasıgil bir neçə dəfə Elvini soruşsalar da, durub, təkrar yatdığını bildirib. 

Yanvarın 4-də isə Aynurun atası evdən pis qoxunun gəldiyini hiss edib. Bundan sonra Aynur hadisəni gizlətməyin mənası olmadığını başa düşərək məsələni ailə üzvlərinə danışıb. Davamında isə atası ilə birlikdə taksiyə minib Ağstafa Rayon Polis Şöbəsinə yollanıb. Atası çöldə gözləyib, o isə növbətçi hissəyə gedib ərini balta ilə vurub öldürdüyünü, meyitinin evdə olduğunu, könüllü təslim olmağa gəldiyini bildirib.

Qeyd edək ki, Elvin Abdullayev Dövlət Sığorta Agentliyinin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur. Məhkəmədə məlum olub ki, Elvinin atası onu evdən qovduğu üçün gedib Aynurla birlikdə qayınatasıgildə yaşayırmış.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri