Apr
2015
17:45
72
21
3545
Virtual karabakh

Kababçını öldürməyə cəhd edən qəbiristanlıq gözətçisinə hökm oxundu

8 Apr, 2015
17:45
3545

Kababçını öldürməyə cəhd edən qəbiristanlıq gözətçisinə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramazanov əməlindən peşman olmadığını bildirib.

Bakı Apellyasiya Məhkəməsində Yevlax rayon sakini Elnur Ramazanovun (1978-ci il təv) CM-nin 29,120.2.11 (quldurluqla əlaqədar qəsdən öldürməyə cəhd) və 181.3.3 (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, ötən il aprelin 9-da Mehdiabad qəsəbəsi, T.İsmayılov küçəsi, ev 1 ünvanında əvvəllər məhkum olunan Elnur Ramazanov sərxoş vəziyyətdə tanışı Etibar Muradova bıçaqla ağır xəsarətlər yetirib, nəticədə sonuncu Kliniki tibbi mərkəzə çatdırılıb və həyatı həkimlərin müdaxiləsi nəticəsində xilas edilib. İlkin olaraq Abşeron RPŞ İstintaq bölməsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, sonra isə iş rayon prokurorluğuna verilib.

İstintaqla müəyyən edilib ki, ev sahibinin sərxoş olduğunu görən Elnur Ramazanov Etibar Muradova məxsus gündəlik tələbat malları mağazasına girərək vitrindəki əşyaları əlindəki torbaya yığıb. Həmin vaxt Elnurun arxasınca mağazaya daxil olan Etibar Muradov ondan əşyaları yerinə qoymasını və mağazanı tərk etməsini tələb edib, buna görə Elnur Etibarı bıçaqlayıb və sonra onun öldüyünü zənn edərək dükandakı malları götürüb, çıxıb gedib.

Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində dindirilən Elnur Ramazanov 3 ilə yaxın Mehdiabad qəbiristanlığında təmizlik işlərinə baxdığını, eyni zamanda məzar daşları hazırlanan sexdə gözətçi işlədiyini və elə orada qaldığını bildirib. Etibarı qəbiristanlıqda işlədiyi vaxtdan tanıyıb, onların evi onun iş yerinə yaxın idi, həyətlərinin qarşısında ərzaq mağazaları olduğu üçün tez-tez ora gedib-gəlib. Elnur Ramazanovun ifadəsinə görə, hadisə baş verən gecə Etibar onun yanına gəlib və özü ilə gətirdiyi arağı birlikdə içməyi təklif edib. Söhbət əsnasında Muradov ona həyat yoldaşının uşaqları ilə atası evinə getdiyini deyib və evində yeyib-içməyi təklif edib.

Təxminən 1 saatdan sonra siqaret götürmək üçün hər ikisi mağazaya keçib. Etibar yenidən içki təklif etsə də Elnur içmək istəmədiyini deyib, sonra qəflətən Muradov mağazadan götürdüyü bıçağı onun boğazına dirəyib və ünvanına söyüş söyüb.

Onun hərəkətinə dözməyən Ramazanov əlini kənara itələdikdə, boğazına dirədiyi bıçaq boynunu cızıb. Bıçağın yerə düşdüyünü görən Elnur onu götürüb Etibarın qarın və sinə nahiyələrinə zərbələr endirib, sonra onun öldüyünü düşünüb, bıçağı yerə tullayıb və iş yerinə gedib. Ramazanov özü DİN-in 102 xidmətinə zəng vurub bir nəfəri öldürdüyünü və olduğu yer barədə xəbər verib. Təxminən yarım saatdan sonra onu Abşeron RPŞ-nin əməkdaşları saxlayıblar. O, cinayətin baş verməsində Muradovu günahkar hesab edib və əməlindən peşman olmadığını bildirib.

Zərərçəkmiş şəxs qismində dindirilən Etibar Muradov ifadəsində kababçılıqla məşğul olduğunu, bir neçə il əvvəl narkotik vasitə qəbul etdiyinə görə 1 il müddətinə azadlıqdan məhrum olunduğunu göstərib. Onun sözlərinə görə, həmin gecə Elnur qapını döyərək nisyə araq və siqaret istədikdə, onu evində yeyib-içməyə dəvət edib. Təxminən gecə saat 2 radələrində Ramazanov heç bir söz demədən həyətə çıxıb, lakin 10-15 dəqiqə keçməsinə baxmayaraq geri qayıtmayıb.

Buna görə Etibar da həyətə çıxıb və Elnurun mağazaya girərək siqaretləri sellofan torbaya yığdığını görüb. O, yaxınlaşaraq tütün məmulatlarını yerinə qoymasını və mağazadan çıxmasını tələb etdikdə, Elnur onu öldürəcəyini deyib. Amma Muradov bunun zarafat olduğunu düşünüb. Qapının yanına çatanda Elnur qəflətən bıçaqla kürəyindən zərbələr vurub, o yıxılıb və huşunu itirib. Zərərçəkən təqsirləndirilən şəxsin onu vurmasının səbəbini bu günə kimi bilmədiyini və onun dediklərinin yalan olduğunu deyib. 

Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmlə əlaqədar təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsi cinayət işini araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb. 



C.H.  
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri