27 
May
2023
02:34
20
310
5400
Virtual karabakh

Evə görə nənəsini öldürüb zibilliyə atdı: Bakıda qandonduran cinayətin DETALLARI - FOTO

27 May, 2023
02:34
5400

Evə görə nənəsini öldürüb zibilliyə atdı: Bakıda qandonduran cinayətin DETALLARI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-сi il aprelin 12-də Yeni Suraxanı qəsəbəsi, “14 iyul” küçəsində yerləşən zibillik ərazidə 1953-cü il təvəllüdlü Natalya Popovanın meyiti aşkalanır. Dərhal hadisə ilə əlaqədar polis və prokurorluq əməkdaşları hərəkətə keçiblər. Onu qətlə yetirən nəvəsi, Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Murad İmanov saxlanılıb.

O etiraf edib ki, qadını bıçaq zərbələri ilə yaşadıqları Zərdabi küçəsi, ev 12, mənzil 4-də öldürüb. Sonra isə meyiti əl arabasına qoyaraq, zibillə gətirib və orda tullayıb.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Natalya Popovanın meyitində 9 ədəd bıçaq yarası aşkar edilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, aprelin 9-da İrina Popova Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nə müraciət edərək, oğlu Murad İmanovun onu öldürməklə hədələməsi və yaşadıqları evin məişət əşyalarını satmasını bildirib. Murad anası tərəfindən verilmiş şikayət ərizəsinin geri götürülməsinə nail olmaq üçün aprelin 11-i saat 15 radələrində yaşadıqları mənzildə bıçaqla nənəsi Natalya Popovanın boynuna zərbə vurub. Aldığı xəsarətdən ağrı və iztirab çəkməklə, öldürülməməsinə dair yalvarışlarına məhəl qoymayan Murad İmanov müstəsna dərəcədə rəhmsizliklə qadının üzünə və başına zərbələr endirib. İstifadə etdiyi bıçaq əyildiyindən, mətbəxin divarında asılmış digər kəsici aləti götürüb, zərbələr vurmaqda davam edib. Bu hərəkəti ilə, Murad İmanov zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürüb.

İş üzrə dindirilmiş Murad İmanov bildirib ki, anası İrina və nənəsi Natalya ilə birlikdə Zərdabi küçəsi, ev 12, mənzil 4-də yaşayıb. 3 yaşı olanda atası ilə anası boşanıb:

“Əvvəllər fərdi qaydada tikintilərdə fəhlə, müxtəlif restoranlarda aşpaz işləsəm də, son vaxtlar heç yerdə işləmirdim. Anam Montin qəsəbəsində, gözəllik salonunda saç ustası işləyir. 2019-cu ilin axırlarında işləmək üçün Türkiyəyə getdim. Təxminən 8 aydan sonra Bakıya qayıdanda nənəmlə anamın mənim evdə yaşamağımı istəmədiklərini hiss etdim. Sərbəst insan olaraq, istədiyimi edirdim, böyüklərin sözlərinə qulaq asmırdım.

Murad İmanov

Evlənib ailəmlə birlikdə hadisə baş verən ünvanda yaşamaq, nənəm və anamın isə Bakıxanov qəsəbəsindəki evə köçməklərini istəyirdim. Amma nənəmgil bununla razılaşmadılar. Buna görə də aramızda daim mübahisələri baş verirdi. Aprelin 6-da pula ehtiyacım olduğu üçün evdə olan kondisoneri internet vasitəsi ilə 250 manata tanımadığım şəxsə satdım. Bunu bilən nənəm və anam barəmdə polisə şikayət etdilər və məni evdən qovdular. Binanın qarşısında, istifadəmizdə olan hamamda yerə döşək salıb, orda gecələdim. Hadisə baş verən günə kimi hər gün onlara, “şikayətinizi götürün və evdən çıxın, mən özüm burda ailə həyatı qurub yaşayacağam”, - deyirdim. Aprelin 11-də həyətdə olanda anamın işə getdiyini gördüm. Bundan sonra çay içmək üçün evə getdim. Nənəm məni içəri buraxmadı, dəhlizdə gözlətdi. Özü çay süzərək, gətirib mənə verdi. İkinci dəfə evə qalxanda, nənəmə corablarımı dəyişmək istədiyimi söylədim. Mətbəxdə olanda, qadına “axırıncı dəfə sənlə ciddi danışmaq istəyirəm, gedin şikayətiniz geri götürün, yoxsa pis olacaq”, dedim. Nənəm isə sanki lağ edirmiş kimi, sözlərimi ciddiyə alımadı. Gülümsəyərək “sən heç nə edə bilmərsən, səni polisə verəcəm” söylədi. Ciddi olduğumu nəzərinə çatdırmaqdan ötrü, bıçaqla nənəmin boğazına ilk zərbəni vurdum. Qadın yerə çöküb oturdu. Boğazından təzyiqlə qan gəldiyini görüb geriyə yol olmadığını başa düşdüm və bıçaqla qadının boğazına xatırlamadığım sayda xəsarətlər yetirdim. Bıçaq əyildi. Nənəmin ölmədiyini görüb, digər bıçağı götürdüm və zərbələr endirməkdə davam etdim. Qadının öldüyünü gördükdən sonra, göz qapaqlarını əlimlə bağladım. Sonra evi təmizləyib həyətə düşdüm. Anbar kimi otaqdan 2 ədəd mələfə götürüb geri qayıtdım. Meyiti evdən çıxarıb gizlətməyi düşündüm. Əyilən bıçağı zibil vedrəsinə atdım, digərini yuyub yerinə qoydum”.

Nənəsinin meyitini atdığı zibillik

Cəsədi mələfələrə bükərək, aşağı düşürüb və həyətdə olan 2 təkərli əl arabasına qoyub. Evdən təxminən 2 km aralıda, yaşayış evləri bitdikdən sonra, zibillik ərazidə meyiti arabadan düşürüb:

“Heç kim görməsin deyə üzərini daşlarla örtdüm. Meyiti gizlədib həyətə qayıdanda İlqar adlı xalam nəvəsini gördüm. İlqar üzümə yumruqla zərbələr vuraraq, nənəmin yerini soruşdu. Mən isə heç nə bilmədiyimi dedim. Evə qalxanda, xalam zibil vedrəsində olan bıçağı göstərib, “qadının harda olmasını?” soruşdu.  Cavab olaraq xalama ”məndən niyə soruşursunuz, gedin axtarın, verin polisə” dedim. Həmin gün mərhuma məxsus telefonu Nərimanov rayonunda, tanımadığım şəxsə 50 manata satdım. Anam nənəmin itkin düşməsi ilə əlaqədar polisə məlumat verdi. Əvvəl polis əməkdaşlarına heç nə demədim. Amma ayın 12-də növbəti dəfə sorğu-sual olunarkən, qadını öldürdüyümü etiraf etdim. Daha sonra polis və prokurorluq əməkdaşları mənim iştirakımla hadisə yerinə baxış keçirdilər. Nənəmi öldürdüyüm və gizlətdiyim yeri göstərdim”.

Natalya Popova

Murad İmanov əlavə edib ki, yaşadığı evi satmaq fikri olmayıb, sadəcə orda tək yaşamaq istəyib.
 
Şahid İrina Popova ifadəsində göstərib ki, onlara atasından Bakıda 2 ev miras qalıb:

“Biri Yeni Suraxanı qəsəbəsində, digəri isə 5-ci mikrorayonda yerləşir. Mikrorayon ərazisindəki evi satıb Bakıxanov qəsəbəsində yeni ev alıb kirayə verdik. Yeganə övladım olan Murad sevdiyi qız olduğunu və evlənmək isdədiyini dedi. Yaşının az olduğu və işi olmadığı üçün onun evlənməsinə qarşı çıxdığımız üçün, münasibətimiz pisləşdi. Murad tez-tez əsəbiləşən uşaq idi. Bir müddətdən sonra Murad həmin qızla ayrıldı. 2021-ci ilin mart ayında oğlum Rusiyaya getdi və bir müddət orda tikintidə fəhlə işlədi.

Qayıdandan sonra Murad çox dəyişildi, evdə dava-dalaş salaraq məni və nənəsini incidirdi. Əsas mübahisələrimiz evlə bağlı idi. Oğlum evlənib tək yaşamaq istədiyini, buna görə də bizim mənzildən çıxmağımızı tələb edirdi. Dəfələrlə bizi hədələyib. 2022-cİ ilin fevralında Muradın hərəkətlərinə dözməyən nənəsi digər qızı Yuliya Quliyevanın evinə getdi və təxminən 2 ay orda qaldı. Hadisədən 1 həftə əvvəl növbəti mübahisədən sonra Murad məni evdən qovub. Bir neçə gün bacımın, daha sonra isə rəfiqəmin evində qaldım. Aprelin 9-da biz evə qayıdanda, kondisionerin və qab-qacağın satıldığını gördük. Mübahisədən sonra, 102 xidmətinə zəng edib Muraddan şikayət etdik. Oğlumun qaçmasına mane olmaq istəsək də, o, pəncərədən həyətə tullandı və həmin gecə evə gəlmədi. Aprelin 11-də işə gedəndə anama Murad gəlsə, qapını açmamasını dedim. Saat 15 radələrində işdə olanda ev telefonuna zəng vursam da, cavab verən olmadı”.

Hadisənin törədildiyi bıçaq

Narahat olub Natalya adlı qonşusundan, gələnədək, anasının yanında qalmasını xahiş edib:

“1 saatdan sonra qonşum zəng vuraraq dedi ki, Murad çöldən evin qapısını bağlayıb. Murad nənəsinin harda olmasını soruşduqda isə, qonşum anamın “getdiyini” söylədiyini bildirib. Oğlumun, yenə evdən nələrisə götürüb, satmağa apardığını fikirləşdim. Dərhal taksi ilə evə qayıtdım. Evin açarı qapının üzərində idi. İçəri girib, səsləsəm də, anamı tapa bilmədim. Daha sonra bacıma və qohumlarıma zəng edib anamın onlara gəlib-gəlmədiyini soruşdum. Göz yaşlarımı sildiyim salfetı zibil qabına atarkən içərisində əyilmiş vəziyyətdə, üzərində qan ləkələri olan qara dəstəkli bıçaq görüb qışqırdım. Muradın anamı yaraladığını düşündüm. 102 xidmətinə zəng vurub məlumat verdim. Evə gələn polis əməkdaşlarına hadisə barədə məlumat verdim. Növbəti gün səhər saat 11 radələrində anamın meyiti zibillik ərazidə tapıldı”. 

Məhkəmə-narkoloji ekspertizasının rəyinə görə,  Murad İmanov müxtəlif narkotik vasitələrdən periodik istifadə edib, amma müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməyib.

Qətlin törədildiyi ev

Məhkəmə iclasında Murad İmanov ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxin hüquqi varisi Yuliya Quliyeva təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.

Məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayət əməlini qoca şəxsə qarşı törətməsini İmanovun cəzasını ağırlaşdıran hal kimi nəzərə nəzərə alıb. 

Məhkəmə Murad İmanova CM-in 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Murad İmanov 18 il müddətinə azadlıqdan məhrum olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri