31 
Yan
2014
12:40
758
114
23556
Virtual karabakh

Əli Tudə – 90

31 Yan, 2014
12:40
23556

Əli Tudə – 90

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, 1 yaşında olarkən atasını, 5 yaşında isə anasını itirib.

Azərbaycan şairi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1986), Əməkdar incəsənət xadimi (1987) Cavadzadə Əli Qulu oğlunun (Əli Tudə) bu gün doğum günüdür.

Oxu.Az xəbər verir ki, əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçüb və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olub.

Atası Qulu neft mədənində fəhləlik edib, sonra isə buruq ustası kimi çalışıb. Əli 1 yaşında olarkən atası, 5 yaşında isə anası dünyasını dəyişib. O, nənəsi Qəribin himayəsi altında böyüyüb. 150 saylı orta məktəbdə oxuyub. Bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub.

Artıq 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə “Kommunist”, “Yeni yol” qəzetlərində çap olunub, radioda səslənib. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri çap olunub. 1938-ci il repressiya dövründə 7-ci sinifdə oxuyarkən, o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilir. Təhsili yarımçıq qalır. İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirir. Lakin şəxsi mütaliəsi, ədəbiyyata güclü meyli onda yazıb-yaratmaq həvəsini söndürmür.

1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə aparır. Milli ruhlu şeirləri ilə xalqı istiqlala çağırır. 1944-cü ildə “Vətən yolunda” qəzetində “Əli Tudə” imzası ilə şeirləri çap olunur. 1944-1946-cı illərdə Ərdəbildə çıxan “Ziddi-faşist”, “Cövdət” qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində, “Şəfəq”, “Azərbaycan” məcmuələrində, “Şairlər məclisi” almanaxlarında şeirləri müntəzəm çap olunub.

O, “Hizbitudeyi İran” partiyasının üzvü olub (1944). Bir ildən sonra, 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına qoşulub. İran xalq partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı (1944-1945), Milli hökumət yarandıqdan sonra Təbrizdə maarif nazirliyi tədris şöbəsinin müdiri (1945-1946) işləyib. “Ana dili” kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayıb. Sonra isə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradıb və onun ilk və son müdiri olub. Mahal-mahal, kəndbəkənd gəzərək istedadları bu böyük mədəniyyət ocağına cəlb edib.

Əli Tudə Cənubi Azərbaycan Demokratik ədəbiyyatının yaradıcılarından biridir. İctimai-siyasi fəaliyyəti ilə bərabər şair öz qələminin qüdrətindən inqilabın nailiyyətlərinin qorunub saxlanılması üçün ustalıqla istifadə edir. Yaradıcılığını, yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə yollarında məşələ çevirən Əliyə Təbrizin şairlər məclisində müdriklər tərəfindən “Tudə”, yəni Xalq təxəllüsü verilir. Milli hökumət onu ali mükafat “21 Azər” medalıyla təltif edir. O vaxt şairin cəmi 22 yaşı var idi və ilk şeirlər kitabı da çap ərəfəsində idi. Lakin tale burda da öz qəddar hökmünü verdi. Bu xoş günlər, azadlıq və səadət uzun çəkmədi. Min bir əzabla, qanlar bahasına qurulmuş Milli hökuməti İran dövləti beşikdəcə boğdu. Şairin üsyankar ruhlu şeirlər kitabı mətbəədəcə yandırıldı. Tutulduğu anda məhkəməsiz-filansız qətlə yetirilməsi barədə şahın fərmanı verildi. Şair mübarizəni davam etdirmək və qayıtmaq məqsədilə öz məsləkdaşları ilə bir daha Vətəndən Vətənə mühacirət etmək məcburiyyətində qaldı. 1946-cı il dekabrın 12-də sərhəddə yazdığı “Mən nə gətirdim” şeri Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi oldu. O taydan gələn qardaş-bacılarımızın manifestinə, həyat məramına dönən bu şeir tez bir zamanda dillər əzbərinə çevrildi.

 Milli demokratik hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra Bakıya mühacirət zamanı “Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi vəzifəsində işləyir. Ona ali təhsil almaq imkanı yaranır. BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirir (1947-1952). Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali partiya məktəbində müdavim, “Azərbaycan” qəzetində (Azərbaycan demokratik firqəsinin orqanı) ədəbi-şöbə müdiri olur (1952-1962). Sonra bütün həyatını bədii yaradıcılığa həsr edir.

Ümumittifaq tədbirlərində, Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda və s. iştirak edib. “21 Azər” (1946), “Əməkdə fərqlənməyə görə” (1959)  medalları ilə mükafatlandırılıb. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub (1984). Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilib (1960-cı ildən). 50 poemanın, 40-a yaxın kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunub.

Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qalıb. Sovet pasportu daşımayıb. Bir çox yüksək titul və mükafatlardan məhrum olub.

1996-cı il fevralın 26-da Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri