15 
Mar
2017
15:42
222
51
2572
Virtual karabakh

Bakıda “Plov festivalı” keçirilib

Azərbaycan paytaxtında “Plov festivalı” keçirilib.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, festivalda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, turizm şirkətlərinin təmsilçiləri və başqaları iştirak ediblər. 

Nazir bildirib ki, təkcə Bakıda yox, regionlarda da müxtəlif tədbirlər və festivallar keçirilir: 

“Azərbaycanda turizmin inkişafında ən vacib sahə bizim mətbəximizdir. Ona görə bu festivalda hər region özünün dəyərli töhfələrini nümayiş etdirir. Bu cür festivalların təşkil olunması eyni zamanda ənənələrin gənclər arasında təbliğ olunmasına, qorunub-saxlanılmasına təkan verir.

Bizim mətbəx mədəniyyətimiz böyük tarixə malikdir. Bu gün turizmin inkişafı proqramları çərçivəsində Azərbaycan mətbəxi olduqca böyük rola malik olmalıdır. Bu festivallar eyni zamanda xarici qonaqlar üçün də maraqlı olur. “Plov festivalı”nın keçirilməsi təkcə mədəni tədbir deyil, eyni zamanda bizim mədəni zənginliyimizdən xəbər verir. Bu festival gələcəkdə daha geniş məkanlarda təşkil olunacaq”. 

Tədbirdə Azərbaycanın müxtəlif bölgələrində bişirilən plov nümunələri təqdim olunub, onlar haqqında ətraflı məlumat verilib. 

Festivalda “Şah plov”, “Döşəmə plov”, “Şüyüd plov”, “Fisincan plov”, “Boranı plov”, “Çığırtma plov” və başqa mətbəx nümunələri təqdim olunub. 

A.S.
www.oxu.az

 

Digər Mədəniyyət xəbərləri