20 
Apr
2017
17:50
42
138
1918
Virtual karabakh

“Youthvision - 2017”-nin iştirakçıları Bakıdadır – FOTO

Aprelin 21-də Azərbaycanda keçiriləcək “Youthvision - 2017” beynəlxalq mahnı müsabiqəsinin iştirakçı və münsifləri artıq şəhərimizdədir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, qonaqlar şəhərimizin müxtəlif yerlərini gəzib, Qız qalası, Şirvanşahlar sarayı və digər tarixi abidələr ilə yaxından tanış olublar. Səfər çərçivəsində onlara Azərbaycan tarixi haqqında ətraflı məlumat verilib.

Bununla yanaşı, Bakının müxtəlif məkanlarında müsabiqədə təqdim olunması üçün iştirakçıların tanıtım çarxlarının çəkilişi də həyata keçirilib.

Müsabiqədə ümumilikdə 19 ölkənin - Azərbaycan, Slovakiya, Moldova, Polşa, Macarıstan, İtaliya, Belarus, İsrail, İran, Serbiya, Qırğızıstan, Rusiya, Tacikistan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Böyük Britaniya və Finlandiya dövlətlərinin ifaçı və münsiflərindən ibarət 60-a yaxın gənc iştirak edir.

Ümumilikdə, yarışma 14-35 yaşarası gənclər arasında keçirilir. Müsabiqədə qiymətləndirilmə beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. Bu məqsədlə hər iştirakçı dövlətdən 1 nəfər münsif üzvü dəvət olunur.

Müsabiqənin ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə Gənclər və İdman nazirliyi tərəfindən həyata keçirilən “Youthvision - 2017” beynəlxalq mahnı müsabiqənin əsas məqsədi yaradıcı və istedadlı tələbələrin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

A.S.
www.oxu.az

 

Digər Mədəniyyət xəbərləri