19 
May
2017
09:31
105
10
1158
Virtual karabakh

Xalq artisti Məhluqə Sadıqovanın xatirə tədbiri keçiriləcək

Bu gün Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Məhluqə Sadıqovanın xatirə tədbiri keçiriləcək.

Teatrın mətbuat katibi Cavid Zeynallının Oxu.Az-a verdiyi məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq.

Xatirə gecəsində Məhluqə Sadıqovanın Azərbaycan teatr və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, onun yaratdığı obrazlar qalereyasına nəzər salınacaq.

Mərasim Məhluqə Sadıqovanın xatirəsinə həsr olunan “Nazirin xanımı” tamaşası ilə davam etdiriləcək. 1970-ci ildə Akademik Milli DramTeatrının səhnəsində Branislav Nuşiçin müəllifi olduğu pyes əsasında görkəmli rejissor Tofiq Kazımovun quruluş verdiyi “Nazirin xanımı” tamaşasında Xalq artisti Məhluqə Sadıqova Nata xanım obrazını canlandırıb.

Qeyd edək ki, Məhluqə Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. O, Akademik Milli Dram Teatrında üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.

O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. Qırx ildən çox radionun “Bulaq” folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub. Məhluqə Sadıqova 21 iyul 1949-cu ildə Azərbaycan SSRİ-nin Əməkdar artisti və 10 yanvar 1978-ci ildə Azərbaycan SSRİ-nin Xalq artisti fəxri adlarına layiq görülüb.

Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.

A.S.
www.oxu.az

Digər Mədəniyyət xəbərləri