14 
İyl
2017
10:52
58
117
3966
Virtual karabakh

Leyla Əliyeva Kannda Azərbaycan mədəniyyəti günlərinin açılışında – FOTO

14 İyl, 2017
10:52
3966

Leyla Əliyeva Kannda Azərbaycan mədəniyyəti günlərinin açılışında – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günləri başlayıb.

Mədəniyyət günləri çərçivəsində Kannın “Gare Maritime” sərgi pavilyonunun binasında “Toğrul Nərimanbəyov: rənglər melodiyası” sərgisinin açılış mərasimi keçirilib.

Fonddan Oxu.Az-a verilən xəbərə görə, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbirdə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək, Fond tərəfindən müxtəlif ölkələrdə təşkil olunan və Azərbaycanın tərənnümünə yönələn bu cür layihələrin ölkəmizin tarixi və mədəniyyətinin tanıdılması, Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılması baxımından əhəmiyyət daşıdığını bildirib.

Kann şəhəri merinin müavini Frank Şıkli nitq söyləyərək, Azərbaycan mədəniyyəti günlərinin burada təşkil edilməsinin ənənəyə çevrildiyini vurğulayıb. O, Azərbaycanın və Kann şəhərinin mədəniyyətə böyük önəm verdiyini söyləyib.

“Toğrul Nərimanbəyov: rənglər melodiyası” sərgisi Kann sakinləri və turistlər üçün avqustun 1-dək açıq olacaq. Sərgidə rəssamın 30-dan çox əsəri təqdim edilir.

Kiçik kinoteatr zonasında görkəmli rəssamın həyat və yaradıcılığı haqqında videomateriallarla tanış olmaq mümkündür. Eləcə də, sərgi zalı ərazisində milli üslubda zona yaradılıb. Burada ziyarətçilərə Heydər Əliyev Fondunun Azərbaycan və Toğrul Nərimanbəyov haqqında nəşrləri təqdim olunur.

Dünən Azərbaycan mədəniyyəti günləri çərçivəsində konsert proqramı da təqdim edilib.

Sonra Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel çıxış edərək, ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilindən danışıb.

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində kiçik Zəhranın həlak olması ilə bağlı Fransa prezidentinə müraciət etdiklərini, onu sülhün bərqərar olması istiqamətində səylərini səfərbər etməyə çağırdıqlarını xatırladıb.

J.Mansel qarşıdan gələn 2018-ci ilin Azərbaycan üçün önəmli olduğunu – müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin tamam olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Kann şəhəri merinin müavini Frank Şıkli Kann şəhərinin Azərbaycana xüsusi hədiyyəsi olduğunu bildirərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fransız rəssam Olll Olivier Domin tərəfindən çəkilmiş portretini Anar Ələkbərova təqdim edib.

Daha sonra tədbir Azərbaycan musiqiçilərinin konsert proqramı ilə davam edib.

Qonaqlar Kannda ənənəvi olaraq keçirilən pirotexnika festivalı çərçivəsində təşkil olunan atəşfəşanlığı izləyiblər.

Qeyd edək ki, Heydər Əliyev Fondu Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarix və ənənələrinin təbliği, ölkələr və xalqlar arasında əlaqələrin genişlənməsinə xidmət edən layihələr çərçivəsində mütəmadi olaraq sərgilər, konsert proqramları, “Azərbaycan şəhərciyi” və digər tədbirlər təşkil edir. Bu layihələr Azərbaycanı yaxından tanımağa geniş imkanlar yaradır.

Bu günədək Kannda “Qız Qalası”, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri”, “Azərbaycan xalçaları incəsənətdə”, “Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə”, “Bir günəş altında” və digər bu kimi sərgilər keçirilib, muğam, klassik musiqi, caz musiqilərindən ibarət konsert proqramları, atəşfəşanlıq şouları təşkil olunub.

Mədəniyyət günləri müddətində həm də Kannın məşhur Kruazett bulvarı boyunca əsl Azərbaycan ab-havası yaşanır. Belə ki, bu günlərdə Kann şəhəri və bulvar ərazisi Azərbaycanın tanıtım baner və posterləri ilə bəzədilir.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri