16 
Avq
2017
11:54
75
22
8895
Virtual karabakh

Şeyx Əbdül: “Vicdan haqqı”nı Elxan Cəfərovun filmləri ilə müqayisə etmək gülməlidir

16 Avq, 2017
11:54
8895

Şeyx Əbdül: “Vicdan haqqı”nı Elxan Cəfərovun filmləri ilə müqayisə etmək gülməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gözlərin gözlərimə gözləyirəm gözlə dedi
Sevgisin, məhəbəttin sözlə deyil, gözlə dedi”.

Müsahibimiz söhbətə bu misralarla başlayaraq belə davam etdi:

“Mən təpədən dırnağa qədər kino adamıyam. Ömrümün 74 ilinin, demək olar ki, 70 ilə yaxınını kino aləminə həsr etmişəm. Kinonun mənə doğma olan tərəfi odur ki, o, sözdən çox baxışların üzərində qurulur. Mərhum aktyorlar – Yusif Vəliyev ilə Həsən Məmmədovun böyüklüyü onda idi ki, tamaşaçıya istədiklərini danışıq ilə deyil, baxış, mimika, susmaqları ilə daha effektli şəkildə ötürə bilirdilər”.

Onun ilk dəfə kinoya gəlişi uşaqlıq illərində çəkildiyi “Bir məhəllədən iki nəfər” (12 yaşında) və “Leyli və Məcnun” (1961) filmləri ilə baş tutub. Sonrakı illərdə siz onu “Nəsimi”, “Bizim Cəbiş müəllim”, “Yeddi oğul istərəm”,  “Axırıncı aşırım”, “Şərikli çörək” və s. kimi filmlərdən sevməyə başlamısınız.

Beləliklə, Oxu.Az-ın qonağı kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudbəyov saytımıza müsahibəsində yaradıcılığındakı yeniliklər, gələcək planları, karyerası boyunca arzusunda olduğu üç arzusu və digər məqamlardan bəhs etdi.

Bu gün Azərbaycanda kino məktəbi pozulub

- Hazırda yaradıcılığınızda hansı yeniliklər var?

- “Zabit namusu” və “Dimitrov yüz neçə” adlı iki filmə çəkilmişəm. Cəfər və Vüqar (Akif  İslamzadənin qardaşı oğludur) adlı gənc rejissorlarımız mənə öz yeni filmlərində rol almağı təklif etdilər. Onlar həmin filmləri diplom işi ilə bağlı hazırlayırdılar. Biri Hollivuddakı Kino Akademiyasını, digəri isə Avstraliyanın Melbrun şəhərində Kino Akademiyasını bitirib. Hər iki filmin ssenarisini oxudum, xoşuma gəldi və çəkildim. Artıq çəkilişlər bitib. Yəqin ki, yeni mövsümdən nümayiş olunacaq.

Eyni zamanda, yeni mövsümdə ARB TV-də yayımlanacaq “Xalqın şairi” adlı yeni layihədə iştirak edirəm. Verilişi “Qulp” və “Rezonans” verilişlərindən yaxşı tanıdığınız Mübariz Əsgərov təqdim edəcək. Telemüsabiqədə şairlik istedadı olanlar yarışacaqlar. Mən orada Nəsimi obrazındayam. İki rəsmi münsif Mübariz bəylə Baba Vəziroğlu və Nizami, Xaqani, Nəsimi, Mirzə Ələkbər Sabirin obrazında olan digər münsiflər gənc yazarları dinləyib, seçim edəcək. Artıq 200 nəfərin ərizələrinə baxmışıq. Sonda qalibə ev təqdim olunacaq.

- Dediniz gənc aktyor və rejissorlara dəstək olursunuz. Bəs indi lentə alınan film və seriallar sizi qane edirmi?

- Bu gün Azərbaycanda kino məktəbi pozulub. Sovet dövrünün kino məktəbi var idi, hamımız orada Kozintsev, Qerasimov, Tarkovski və digərlərindən təhsil alırdıq. O məktəbin nümayəndələrindən, demək olar ki, iki-üç nəfər hazırda sağdır, digərləri rəhmətə gedib.

İndi isə serial deyilən televiziya filmləri var, orada isə ssenari yoxdur.

“Vicdan haqqı”nı Elxan Cəfərovun filmləri ilə müqayisə etmək gülməlidir

- Düzdür, mən bu sahənin peşəkarı deyiləm. Amma müşahidə etdiyim və bildiyim qədərilə “Nabat”, “Axınla aşağı”, “Sonuncu” filmləri beynəlxalq festivallarda mükafat qazanıblar. Həmçinin Rövşən İsaxın “Vicdan haqqı” serialını da tamaşaçılar çox bəyənirlər...

- “Nabat”ın rejissoru Elçin Musaoğlu istedadlı oğlandır. Amma “Nabat”dan sonra işsiz qalıb. Niyə? Nəsillərin dəyişməsinə qısqanc yanaşmaq lazım deyil, əksinə, kömək etmək lazımdır. Deyirlər, Kino bayramı keçiririk, bu, belə deyil. Biz faktiki olaraq kinonun “Qara bayramını” qeyd edirik.

Rövşən İsax isə mənə çox yaxın adamdır. Bunu deyə bilərəm ki, rejissorda “hiss ölçüsü” deyilən bir dəyər var. Artıq dayanmaq vaxtıdır. O mövzuda həmin motiv serialın bu qədər bölümü üçün yaramır, artıq taftalogiya, təkrarçılıq başlayır və baxılmır. Bu əsəri “Nabat”la, Elxan Cəfərovun filmləri ilə müqayisə etmək gülməlidir. Əvvəlki bölümləri çox baxımlı idi, elə orada da dayanmalı idi.

Ümumiyyətlə, mənə indiki dövrdə lentə alınan film və seriallar barədə danışmaq gülməli gəlir. Buna peşəkarlar nəzarət etməlidir, yoxsa hərə öz tanış qız və oğlan dostunu dəvət edib, sponsor dəstəyi ilə film və seriala çəkir. Lüzumsuz filmlərə Azərbaycandan “çırpışdırdıqları”, “oğurladıqları” pulları xərcləyirlər. Həmin insanların haqqında cinayət işi qaldırmaq lazımdır!

Biz hələ o səviyyədə deyilik ki, hansısa seriallar çəkək. Bu, o demək deyil ki, işləməyək, film çəkməyək. Cavan rejissorlara etibar etmək, onlara yol açmaq lazımdır. Bunu isə yalnız peşəkarların nəzarəti altında etmək olar. Bu gün Azərbaycan Dövlət və Mədəniyyət Universitetinin təhsil sistemi yenidən işlənib hazırlanmalıdır.

- Sizin sözünüzə qüvvət olaraq demək istəyirəm ki, hazırda bəzi aktyor, aktrisa, rejissorlar var ki, istedad yoxdur deyə, qalmaqal ilə gündəmə gəlməyə çalışırlar. Sizin gənclik illərinizdə də bu tipli qalmaqallar yaranırdı, yoxsa indiki kimi, saytlar, sosial şəbəkələr yox idi deyə, söz-söhbətlər o qədər də yayılmırdı?

- Tofiq Kazımov, Ədil İsgəndərovun qarşısında kim söz deyə bilərdi? Ancaq sənət nümayiş etdirmək olardı. O vaxt görmək, oxumaq, öyrənmək, inkişaf etmək prinsipləri var idi. Mən tələbəlik illərimdə gecə-gündüz institutda yatırdım ki, səhnə hərəkətləri, plastika öyrənim. Kənddən gəlmişdim, ilk dəfə piano görəndə qaçdım, dedim görəsən, bu nədir belə? Rusiyanın Böyük Teatrının solisti bizə dərs deyirdi. Artıq 3-cü kursda oxuyanda onun assistenti idim, şəhər uşaqlarına dərs deyirdim.

Təkcə istedad həmişə hər şeyi həll etmir, onun arxasında bilik, savad, zəhmət yoxdursa, o itib-batır.

Uçuq-sökük evdə yaşayıram

- Karyeranız boyunca yaratmaq istədiyniz obraz və əldə etməyə çalışdığınız hansı mükafatlar olub, hansı ki, bu arzunuz hələ də rellaşmayıb?

- Ədil müəllim həmişə məni milli ruhda olan rejissor kimi yetişdirmək istəyib. Elə mən də bu eşqə düşdüm və taleyim kinoda yaxşı alındı, böyük ustadlarla işlədim, kinoaktyor kimi karyeram açıldı. Diplom filmimdə ilk dəfə baş rola Rasim Balayevi çəkmişəm.

Hər zaman folklarımızla bağlı film və verilişlər çəkmək istəmişəm. Həmişə üç arzum olub. Şah İsmayıl Xətai, Ağa Məhəmməd Şah Qacar və Qarabağ ziyalıları (Mirzə Kazım bəy, Mirzə Adıgözəl bəy, Qasım bəy Zakir və digərləri barədə) haqqında film çəkmək.

Digər arzum budur ki, “İrsimiz” verilişimi yenidən bərpa edim. Həmçinin kinoaktyor studiyası açmaq, orada yeni nəsil aktyorlar yetişdirmək istəyirəm. Mənim Fuad Poladov, Vaqif Mustafayev, Telman Adıgözəlov kimi tələbələrim olub.

Bu yaşıma qədər kino sahəsində nə bacarıramsa, etmişəm. Hələ də fəaliyyətdəyəm, ssenari yazıram, gənclərə dəstək olmağa çalışıram. Bu işləri yaşadığım uçuq-sökük bir evdə görürəm. Mənim dişim, dırnağım, gecə- gündüz zəhmətimlə əldə etdiyim evimi uçurublar. Bununla bağlı qurumlara müraciət etmişəm. Xeyrimə üç məhkəmə qətnaməsi var, amma Hacıbala Abutalıbov üç ildir buna əməl etmir.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri