16 
Noy
2017
15:54
16
49
1911
Virtual karabakh

“İkinci pərdə” filminin “Park Cinema”da baş tutmuş qala gecəsindəki dirçəlişi

16 Noy, 2017
15:54
1911

“İkinci pərdə” filminin “Park Cinema”da baş tutmuş qala gecəsindəki dirçəlişi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

14 noyabr tarixində “Park Cinema Flame Towers” kinoteatrında böyük marağa səbəb olan yerli “İkinci pərdə” filminin qala gecəsi keçirilib.

Oxu.Az xəbər verir ki, kinoteatrda bir çox tanınmış simalar bir araya toplaşıb. Onların arasında kino sənayesi, televiziya və şou-biznes ulduzları, KİV nümayəndələri, bloqerlər və digərlərini qeyd etmək olar. Tədbirdə iştirak edən qonaqlar filmi ilk izləyənlərdən biri olmaqla yanaşı, həmçinin çəkiliş qrupunun üzvləri ilə ünsiyyət qurmaq imkanı əldə ediblər.

Yüksək səviyyədə təşkil olunan tədbirdə qonaqların sayının gözləniləndən çox olduğunu nəzərə alaraq kinoteatr rəhbərliyi üç dolu zaldan əlavə, dördüncünü də qonaqların ixtiyarına verib və bununla da hər kəsə filmdən zövq almaq imkanı yaradılıb.

“İkinci pərdə” -  istedadlı rejissor Emil Quliyevin müasir cəmiyyətin acı həqiqətlərini üzə çıxaran sosial drama janrında çəkilmiş filmidir. 2016-cı ilin aprel ayında ekranlara çıxan filmin birinci hissəsi böyük rezonans doğurduğundan, ikinci hissə bütün Azərbaycan izləyiciləri tərəfindən səbirsizliklə gözlənilirdi. Bu gözləntilər özünü doğrultdu: ikinci hissə izləyicilərdə daha böyük məmnunluq hissi doğurdu. Gecənin qonaqları filmin səhnələrini şərh edərək və ən təsirli səhnələri alqışlayaraq öz duyğularını saxlaya bilmirdilər.

“İkinci pərdə” filmi hər bir izləyici üçün mühüm olan dostluq, sevgi və namus mövzularına toxunmuşdur. Hadislər yenə uşaqlıq dostlarının ətrafında cərəyan edir, lakin bu dəfə ilk hissədə gördüyümüz dostların yox.

Filmin baş qəhrəmanlarının biri çox çətin bir vəziyyət qarşısındadır – bütün dostlarının və öncəliklə özünün həyatını dəyişəcək sirrin üstünü açmalıdırmı? Dostun ailəsini dağıtmalı, yoxsa yalan üzərində qurulmuş firavanlığı saxlamalıdırmı? Filmin süjeti məhz bu dilemma ətrafında cərəyan edir.

Filmdə “Pərdə” filmindən tanıdığımız Tural Əhməd, Zaur Şəfiyev və Azər Aydəmirin canlandırdıqları qəhrəmanlar - üç dost Zaur, Emin və Fuad da yer alıb. 

Yeni qəhrəmanlar – Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov, Rövşən Ağayev, Elşən Hacıbalayev, Gülnarə Abdullayeva və digərləri öz aktyorluq məharətləri ilə izləyiciləri heyran ediblər.  

Xatırladaq ki, filmin baş prodüsseri Orxan Mərdan, ssenari müəllifi – Emil Quliyev, Pərviz Həsənov və Orxan Mərdan, operator – Dmitriy Suvorov, quruluşçu-rəssam və kostyum rəssamı – Şahin Həsənlidir.

Qeyd edək ki, “Park Cinema” Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə “Park Bulvar”, “Metro Park”, “Zagulba Mall” ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə “IMAX” formatlı nümayişlərin təqdim olunduğu “Flame Towers”, həmçinin Masallı rayonundakı “ASAN Həyat”da yerləşən kinoteatrlar və “Amburan Beach Club”da yerləşən yay kinoteatrı daxildir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri