20 
İyl
2018
10:06
180
66
15728
Virtual karabakh

Sərxan Sərxan: Heydər Əliyevin o sözü məni çox tutdu

20 İyl, 2018
10:06
15728

Sərxan Sərxan: Heydər Əliyevin o sözü məni çox tutdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

40 ildir sənətdə, səhnədəyəm. Düz 30 il öncə Əməkdar artist fəxri adına layiq görüldüm. Bu il isə mayın 27-də ölkə prezidenti tərəfindən Xalq artisti fəxri adını aldım. İnanın ki, nə o vaxt, nə də indi xəbərim olmuşdu.

Hətta dostlarımdan biri zəng vurub təbrik edəndə bildirdim, niyə tələsirsən, ad günümə hələ 20 gün qalır, qayıdıb dedi ki, ad gününü yox, Xalq artisti adını təbrik edirəm.

Oxu.Az xəbər verir ki, bunu tanınmış sənətkar, Xalq artisti Sərxan Sərxan deyib.

O qeyd edib ki, sənətdə heç vaxt pul, şöhrət dalınca qaçmayıb. Xalq artistinin sözlərinə görə, sənətə pulun gözü ilə baxmaq düzgün deyil, sənətə sənət naminə gəlmək lazımdır və yalnız o zaman uğur qazana bilərsən.

Tanınmış sənətçi həm adının, həm soyadının Sərxan olmasına da aydınlıq gətirib.

Bildirib ki, gənc vaxtlarından Bakıdan Moskvaya üz tutmalı olub və o vaxt onu təqdim edərkən aparıcı soyadını söyləməkdə xeyli çətinlik çəkməli olub:

“Mənim gözəl soyadım var - Qurbanbəyov. Sərxan da babamın adıdır. Gördüm ki, soyadımı çəkməyə çətinlik çəkir, rus aparıcıya dedim ki, Sərxan Sərxan de (gülür). Elə ötən əsrin 80-ci illərindən də Sərxan Sərxan oldum və belə təqdim edildim.

Eyni zamanda, Sərxan adı o vaxt yeni və az qoyulan adlardan olduğu üçün mənim pərəstişkarım olan azərbaycanlıların - içərisində Rusiyada, ovaxtkı SSRİ-də yaşayan soydaşlarımız da var - bir çoxu övladlarına Sərxan adı verməyə başladılar. İndi həmin sərxanların bir çoxu ailə-uşaq sahibi olublar”.

S.Sərxan mərhum dövlət başçısı Heydər Əliyevlə bağlı maraqlı xatirəsini danışıb:

“Böyük dövlət adamı olan Heydər Əliyev hər zaman sənətə, sənət adamlarına xüsusi diqqət yetirib. Daim dövlət konsertlərindən sonra səhnənin arxasına gələrək sənət adamları ilə görüşüb, söhbətləşib. Bir gün yenə dövlət konsertlərindən biri idi, Heydər Əliyev konsertdən sonra sənət adamları ilə görüşürdü.

Hamı ilə Azərbaycan dilində danışırdı, mənə çatanda isə rus dilində danışdı. Dedim ki, Heydər Əliyevic, mənimlə də azərbaycanca danışın. O da gülə-gülə və özünəməxsus amiranəliklə dedi ki, o zaman sən də azərbaycanca oxu (gülür).

Bu söz məni əməlli-başlı tutdu. Elə həmin gün bir nəfər televiziyada çalışan dostum mənə bir xeyli şeir təqdim etdi. Əksəriyyəti də Tofiq Bayramın şeirləri idi, özü də hamısı gözəl idi.

Onlardan birini, tez bir zamanda hitə çevrilən “Ay gecikən məhəbbətim” şerini seçdim və ona musiqi bəstələdim, elə həmin gün, bir anın içində... Bu mahnım Azərbaycanla yanaşı, Moskvada, keçmiş SSRİ-də də çox məşhur oldu”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri