21 
İyl
2018
11:45
439
28
9463
Virtual karabakh

Xalq artisti: Bizdə şou-filan yoxdur, toy bazarı var

21 İyl, 2018
11:45
9463

Xalq artisti: Bizdə şou-filan yoxdur, toy bazarı var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın müxbirinin suallarını Xalq artisti Aygün Bayramova cavablandırır:

-Azərbaycan mədəniyyətinin bugünkü durumu sizi qane edirmi? Xüsusilə də, şou-biznes adı altında neçə illərdir mədəniyyətimizə sırınanların fonunda, Aygün Bayramova özünü bir sənətçi kimi burada rahat hiss edirmi?

-Neçə illərdir bu sənətə xidmət edirəm, Milli Konservatoriyada dərs deyirəm ki, burada da yalnız ciddi sənətdən söhbət gedir. Eyni zamanda, bu günün özündə çox istedadlı  gənc ifaçılarımız var, yaxşı tələbələrimiz yetişir.

İnanın ki, dünyanın da harasına getmişəmsə - bu günə qədər 25-dən çox ölkədə konsertlərimiz, həmçinin, Azərbaycan Mədəniyyət günləri çərçivəsində tədbirlərimiz olub - hər zaman ancaq bir amalım olub ki, Azərbaycan musiqisini ölkəmizdən kənarda yüksək səviyyədə təbliğ edim, yüksək səviyyədə bu sənəti nümayiş etdirim. Bundan başqa heç nə düşünməmişəm və düşünmürəm.

Yerli və dünya şou-biznesinə gəlincə isə bunlar çox fərqlidir. Yəni, o şou-bizneslə ilə bizim şou-biznes dediyimiz arasında yerlə-göy qədər fərq var. 

Vallah, sözün açığını deyim, hətta, şounun içərisində olanlar da deyirlər ki, bu aləmdə olmağımıza baxmayaraq, əslində şou-filan yoxdur. Elə bil ki, toy bazarı var. Hər kəs çalışır ki, efirdə çox görsənsin, verilişlərdə çox iştirak etsin, hansı verilişdi, necə verilişdi, fərqi yoxdur. Eyni zamanda, kimin o verilişi aparmağından asılı olmayaraq, sadəcə, gündəmdə qalsın və toylara getsin.

Amma onu da bildirim ki,  şəxsən mən elə bir dövrdə bu sənətə gəlmişəm ki,  o zamanlar nə şou var idi, nə biznes. Deməkdə məqsədim odur ki, bizdəki şou-biznesdə şou-biznesdən əsər-əlamət yoxdur. Bizdəki tamam başqa bir şeydir (gülür).

-Qəzəlləri necə seçirsiniz?

 -Çox ehtiyatla. Qəzəlləri seçəndə çox diqqətli olmaq gərəkdir. Bəzən elə olur ki, ifadan öncə ən azı 10 qəzəli seçirəm, sonra onun içərisindən ikisini  və ya üçünü götürürəm, əzbərləyirəm, ifa edirəm. 

Qəzəlləri də oxuya-oxuya əzbərləyirəm. Çünki belə daha asan olur. Qəzəlləri əzbərləsən belə, o yadda qalmaz və ya beyində çox gec qalır. Amma onu  nəsə bir iş görə-görə, məsələn, yol gedərkən, maşın idarə edərkən ürəyində oxuyanda daha çox tez yadda qalır, yəni, haradasa, 3-4 günə o qəzəl, yaxud, qəzəllər əzbərlənir...

- Bəzən görürsən ki, bir sıra xanəndələr, muğam ifaçıları qəzəl yerinə adi şeir parçası oxuyur, ifa edirlər...Bu, nə dərəcədə düzgündür?

-Əlbəttə ki, muğamlar əsasən qəzəllə ifa olunmalıdır. Şeirə gəlincə, o, sadəcə, bəzən mahnının, təsnifin, muğamın hər hansı bir hissəsində  istifadə olunur. Amma xanəndələrin ifasında qəzəllər  kifayət qədərdir. İstər xalq mahnısında, istər təsnifdə, əgər yeri varsa, əlbəttə ki, orada bir qəzəl ifa olunur. O qəzəl də çox böyük olmamaq şərtilə.

Çünki qəzəllər çox geniş, çox böyük olur. Onun hər hansı bir beytini götürürsən, muğam hissəsində onu ifa edirsən.

- Siz özünüz tanınmış bir muğam ifaçısı, xanəndə kimi daha çox hansı şairlərin, qəzəlxanların qəzəllərinə üstünlük verirsiniz?

-Mən Əliağa Vahiddən çox istifadə edirəm. Çünki sadədir, tez başa düşülür. Məhəmməd Füzulinin qəzəllərindən də istifadə edirəm.

Amma açığı deyim ki, Füzulinin qəzəlləri, onların mənaları çox çətindir, gərək Füzulişünas olasan ki, onları olduğu kimi, dəqiq anlayasan (gülür).

Eyni zamanda Seyid Əzimdən, Mirzə Ələkbər Sabirdən, Mirmehdi Seyidzadədən istifadə edirəm. Yəni, hansı qəzəl mənim ürəyimcədir, rahatdır, onu oxuyuram, görürəm ki, filan qəzəl  filan muğama daha uyğundur, daha yatımlıdır, onu  əzbərləyirəm və ifa edirəm.

- Ötən əsrin 50-80-ci illəri arasında Azərbaycanda böyük bir xanəndə ordusu yarandı ki, bu gün də onların ifaları hamını valeh etməkdədir, onlara qulaq asdıqca asmaq istəyirsən. Bəs 80-lərdən sonra gələnlər arasında onlar kimi qulaq asılacaq xanəndələr varmı? Ən azı 20-30 ildən sonra onlar da əvvəlkilər kimi qəbul ediləcək və xatırlanacaqlarmı?

-Əslində bizim özümüz də bu sənətə o gözəl, o nəhəng sənətkarlara qulaq asıb, onlardan öyrənib, əxz edib gəlmişik. Şövkət Ələkbərovaya, Sara Qədimovaya, Tükəzban İsmayılovaya, Zeynəb Xanlarovaya, Arif Babayevə, İslam Rzayevə, Yaqub Məmmədova və digər korifeylərimizə qulaq asa-asa bu sənətə yiyələnimişik. 

Bu, çox çətin bir sənətdir. Bu sənətə yiyələnmək, bu sənətin arxasınca getmək asan deyil.

Həmçinin, burada fonoqramadan çox az istifadə edilir və edilməlidir.

Biz fonoqramadan yalnız o zaman istifadə edirik ki, görürük, orada artıq o şərait yoxdur. Misal üçün bir bayram konserti çəkilir, ancaq o zaman fonoqramadan istifadə olunmalıdır və ya istifadə oluna bilər. Amma çox az olur ki, xanəndələr fonoqramdan istifadə edirlər.

Çünki canlı ifa başqa bir şeydir, başqa bir aləmdir, ola bilər ki, canlı ifada səsində hər hansı bir xırıltı olsun, amma tamaşaçılar onu da gözəl qəbul edir. Ancaq təbii ki, bu, az hallarda baş verir. 

Bir dəfə böyük sənətkarımız Əlibaba müəllim çox gözəl bir fikir söylədi.

Səhv etmirəmsə, 2007-ci ildə Dövlət Filarmoniyasında ilk muğam müsabiqəsinin yekun konserti idi, Əlibaba müəllim dedi ki, qızım bu gənclər, bu qızlar sizə, digərlərinə baxıb, öyrənib bu səhnəyə çıxıblar, əvvəllər bu qədər qız muğam ifaçısı yoxuydu.

Dedim ki, Əlibaba müəllim, biz çox  xoşbəxt olarıq ki, onlar bizə qulaq asıb gəliblər, dedi ki, qızım, mən dünyagörmüş adamam, mənim az yaşım yoxdur, bunu həqiqətən deyirəm və əminəm ki,  belədir. Bunun özü bizə, şəxsən mənə verilən ən böyük qiymətdir. Ona görə arzu edirəm ki, yetişməkdə, səhnə arzusunda olan gənclər də hər zaman özlərindən öncəki sənətkarları, muğam ustadlarını dinləsinlər, onlardan öyrənsinlər, onların repertuarından istifadə edərkən adlarını çəksinlər.

Hətta, hansısa mahnını, təsnifi ifa edərkən onun müəllifinin, onu yazan şairin, onu bəstələyən bəstəkarın, onu ondan öncə ifa edən ifaçının, sənətkarın adını söyləsinlər. Çünki bəziləri qulaq asırlar, dinləyirlər, ifa edirlər, ancaq ad çəkmək istəmirlər. Ad çəkmək onları alçaltmaz, əksinə ucaldar.

Yəni, demək istəyirəm ki, səndən öncə sənin oxuduğun mahnının ifaçısının, müəllifinin adını çəkmək lazımdır. Bunu deyəndə xoş olur, burada heç bir əskiklik olmur.

Çünki zaman gələcək ki, onlara da qulaq asıb bu sənənə gələnlər olacaq. Heç kim bu sənəti, bu səhnəni tutub qalmır ki?

Ona görə hər kəsin əməyi, zəhməti qiymətləndirilməli, deyilməlidir.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri