30 
Sen
2018
14:36
120
30
5023
Virtual karabakh

Almaszadə, Oruczadə və Axundova- İLKLƏRİMİZ

30 Sen, 2018
14:36
5023

Almaszadə, Oruczadə və Axundova- İLKLƏRİMİZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müsəlman Şərq aləmində, yerləşdiyi coğrafiyada bir çox sahələrdə  böyük uğurlara imza atan Azərbaycanın və Azərbaycan xalqının ilklərini saymaqla, bitirmək mümkün olmur, bir deyil, iki deyil...

İstər ədəbiyyatda, istər mədəniyyətdə, istər incəsənətdə, istərsə də digər sahələrdə və peşələrdə ilklər sanki Azərbaycanın, xalqımızın layiqli övladlarının boynuna biçilib... Və çox əlamətdar və qürurvecidir ki, bu ilklərdə kişilərlə yanaşı Azərbaycan qadınları, azərbaycanlı xanımlar da öz imzalarını qoyublar, ilklər imzasında onların da imzası var.

Onlardan bir neçəsi ilə növbəti dəfə oxucuları, xüsusilə, yetişməkdə olan gənc nəsli tanış etmək istərdik.  Beləliklə...

Şərqin “Tamara” ləqəbli ilk balerinası...

Nəinki Azərbaycanın, bütövlükdə Şərq aləminin (Müsəlman dünyasının) ilk balerinası kimi tanınmaq və tarixə düşmək xoşbəxtliyi “Tamara” ləqəbi ilə tanınan Qəmər Almaszadənin bəxtinə, qismətinə yazılıb.

10 mart 1915-ci ildə Bakı şəhərində kasıb, zəhmətkeş çəkməçi ailəsində anadan olan Qəmər xanımda bu sənətə uşaqlıqda baletlə məşğul olan dostu maraq oyandırıb. Bu sənətə dəli sevdası – onu gözləyəcək risqi və təhlükəni gözardı edərək- mühafizəkar müsəlman atasından gizli olaraq, dostunun məsləhəti ilə özəl balet studiyasına yazılmağa vadar edir (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir).

Atasını baletlə yox, idmanla məşğul olduğuna inandıra bilməyə nail olan Qəmər xanımın bir neçə ildən sonra sirrinin üstü açılır. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlir və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünür.

Azərbaycanın əfsanəvi bəstəkararlarından, azman sənətkarlarından olan Əfrasiyab Bədəlbəyli ilə 1931-ci ildə qurduğu evlilik övladları olmadığından “Qız Qalası” baletindən az sonra boşanma ilə sonuclanır.  Ancaq, bu, onların dostluğunu davam etdirmələrinə və birgə yaradıcılıq fəaliyyətlərinə mane olmur, onların dostluq və sənət bağlılıqları illərlə davam edir. 

Qeyd edək ki, 1930-cu ildə Xoreoqrafiya Məktəbini bitirib, Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayan Qəmər xanım bu arada həmçinin Ali Pedaqoji Məktəbinə də daxil olur. 1932-də Reynhold Qlierin “Şahsənəm” operasında ikinci dərəcəli rola seçilir. 1933-cü ildə indiki Sankt-Peterburqda Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olur və orada məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyur.

1936-cı ildə ali məktəbi bitirib Bakıya qayıdır. 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyur. Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edib ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplayır. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyir. Daha sonra həmin məktəbin direktoru olur.

1940-cı ildə Əfrasiyab Bədəlbəylinin “Qız Qalası” baletində ilk professional çıxışını edir. Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış edir.

1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün dəvət olunur. Ötən əsrin 50-ci illərində baleti tərk etsə də, 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışır...Və 2006-cı ildə 91 yaşında dünyasını dəyişir.

Kimyaçı, Əməkdar elm xadimi, akademik və anasına çarşabını atdıran ilk kino aktrisası...

Azərbaycanın ilk kino akrirsası dedikdə gözlər önünə heç şübhəsiz ki, İzzət Mirzəağa qızı Oruczadə (Orucova) gəlir.

16 sentyabr 1909-cu il tarixində Bakı şəhərində dünyaya göz açan İzzət xanım ixtisaca kimyaçı olsa da, özünü kinoda da sınamaq qərarını  verir və beləliklə, Azərbaycanın ilk qadın kino aktrisası olur.

O, dahi Cəfər Cabbarlının “Sevil” və “Almaz” filmlərində baş rollarda çəkilir, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olur. İzzət Orucova “Sevil”  filminin çəkilişlərində Cəfər Cabbarlının rejissorluq fəaliyyətini xatirələrində belə təsvir edir: 

“Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsini israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrarən çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi:

“Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kuliminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın”.

Nəhayət, “Sevil” filminin çəkilişi tamamlandı. Film ekranlara buraxıldı. Həmin gün anamı da kinoya baxmağa aparmışdım. Qohumlarımın çoxu da tamaşaya gəlmişdilər. Hamının biletini Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik olaraq tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi”.

Bundan sonra böyük yazıçımız eyniadlı əsəri əsasında “Almaz” filminin ssenarisini yazır. O, əvvəlki filmlərdə rejissorluq sahəsində lazımi təcrübə topladığı üçün böyük həvəs və ruh yüksəkliyi ilə “Almaz”a quruluş verməyi öz öhdəsinə götürür, rejissor ssenarisini yazır. O, yaradıcı qrupu özü komplektləşdirir. Aktyorlar arasında rolları bölüşdürür. Almaz roluna bundan əvvəl “Sevil” filmində çəkilmiş İzzəti təsdiq edir…

Ancaq İzzət xanımın şəxsi ailə həyatı o qədər uğurlu olmur. 1935-ci ildə qonşuluğunda yaşayan Mövsüm İsmayılzadə ilə ailə həyatı qursa da, 1937-ci ildə həyat yoldaşışını amansız sove repressiya aparatı “xalq düşməni” damğası altında həbs edir. Əvvəldən həbs olunacağını hiss edən Mövsüm isə dərhal İzzət xanımdan ayrılır. Bununla da İzzət Oruczadə və onların körpə oğlu Yılmaz sürgün təhlükəsindən xilas olur…

Onu da qeyd edək ki, səhnə-sənət fəaliyyətinə son qoyan  İzzət xanım ömrünün sonuna kimi kimya elmində, kimya sahəsində fəaliyyətini davam etdirir. Bir müddət keçmiş V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləyir (1932-1959),  sonralar həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri (1959-1967), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967-1971), Aşqarlar Kimyası İnstitutunda mühərrik yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri (1971-1983) olur. 1962-ci ildə texnika elmləri doktoru olur, 1964-cü ildə Azərbaycanən Əməkdar elm və texnika xadimi adına layiq görülür, 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü-akademiki seçilir...

O, 1983-cü ildə dünyasını dəyişir.

Şərqin ilk qadın opera bəstəkarı…

1924-cü ildə Şəki şəhərində anadan olan körpə qızcığazın - Şəfiqənin heç ağlına da gəlməzdi ki, o, vaxt gələcək Şərq aləmində ilk opera yazan qadın bəstəkar kimi mədəniyyət tarixinə qızıl hərflərlə həkk olunacaq.

1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyirbəy Hacıbəylidən dərs alan Şəfiqə xanım 1956-cı ildə  dahi bəstəkarın adını daşıyan keçmiş Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitir.

Qısa müddət ərzində bir-birindən gözəl mahnılar bəstələyən Şəfiqə xanım 1971-ci ildə  Xalq yazıçısı Süleyman Rəhimovun “Gəlin qayası” əsəri əsasında eyniadlı  operasını yazmaqla, Şərqin ilk opera yazan qadın bəstəkarı olur.

Ümumiyyətlə, yaradıcılığı dövründə 300-ə yaxın mahnı və romans bəstələyən Şəfiqə Axundova  “Leyla”, “Bəxtiyar ellər”, “Nədən oldu?” və sair gözəl manıların, “Ev bizim, sirr bizim” operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün “Aydın”, “Əlvida, Hindistan!”, “Sən nə üçün yaşayırsan?” tamaşalarının, “Təlxəyin nağılı”, “Dovşanın ad günü”  uşaq tamaşalarının musiqisinin müəllifidir. 

1998-ci ildə Azərbaycan Xalq artisti adına layiq görülən, 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilən sənətkar  2013-cü ilin 26 iyul tarixində vəfat edir, əbədiyyətə, çox erkən və vaxtsız itirdiyi tək övladına - oğluna qovuşur…

Kamil HƏMZƏOĞLU

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri