Okt
2018
22:42
148
40
5287
Virtual karabakh

“Niyazi düzəldirəm…” və ya “acıdil”, amma uşaq kimi kövrək Niyazi

6 Okt, 2018
22:42
5287

“Niyazi düzəldirəm…” və ya “acıdil”, amma uşaq kimi kövrək Niyazi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Niyazi (Tağızadə-Hacıbəyov)...

Bu ad hər kəsə, hər birimizə çox şey deyir...

Onu tanımamaq mümkün deyil və bəlkə də günahdır...

Çünki 20-ci əsr Azərbaycan mədəniyyətinin, incəsənətin nəhənglərindən, azmanlarından, korifeylərindən, dahilərimizdən biridir...

Azərbaycan dirijorluq (milli) məktəbinin banisi, böyük bəstəkardır...

SSRİ xalq artisti və Sosialist Əməyi Qəhrəmanı fəxri adlarını alsa da (bu yüksək adları bir yerdə daşıyan tək-tük azərbaycanlı sənət fədailərindən olsa da), bəy-milli zadəgan-milli aristokratiya nəslinin dissident ruhlu nümayəndəsi,  ruhu, qanı, canı ilə milli mədəniyyət - milli sənət xadimidir...

Azərbaycan bəstəkarlıq, qəzetçilik məktəbinin banilərindən, milli ziyalılığımızın məhək daşlarından olan Üzeyirbəy Hacıbəyov və Ceyhunbəy Hacıbəyovun qardaşı oğlu, Zülfüqarbəy Hacıbəyovun övladıdır...

Maestronun Tağızadə soyadı da onun əsl, yəni, soy-köklə bağlı olan soyadı deyil…
Belə ki, anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı olub...

Onun faciəli şəkildə qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib...
Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürüb...
*
Niyazi ilk musiqi təhsilini Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyirbəy Hacıbəyovun tövsiyəsi ilə təhsilini 1925-1926-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirir.

1929-1930-cu illərdə isə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində təhsil alır. Ancaq həmin şəhərin havası ona düşmədiyindən və darıxdığından bu təhsil ocağını bitirə bilməyib.

Niyazi Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəyovun “Arşın mal alan” və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını (“Xumar oldum”, “Qaragilə”, “Ay bəri bax”, “Küçələrə su səpmişəm” və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə “Rast” və “Şur” muğamlarını (musiqi tarixində ilk dəfə olaraq) nota salıb.

Niyazi 1934-cü ildə “Zaqatala süitası”nı yazıb, 1944-cü ildə ikihissəli “Qəhrəmanlıq” simfoniyası üzərində işini bitirib. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynayıb. 

Niyazinin 1942-ci ildə yazdığı “Xosrov və Şirin” operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir.

Onun 1949-cu ildə yazdığı “Rast” simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir.

“Rast” müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənib, Çexiyada “Suprafon”, ABŞ-da “Rikordi” musiqi şirkətləri tərəfindən qrammofon valına yazılıb. 1951 – 1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülüb.

Qeyd etdiyimiz kimi,  Azərbaycan milli dirijorluq məktəbinin formalaşması da Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən, əmisi Üzeyirbəyin “Koroğlu” operası dünya musiqisinin qızıl fonduna daxil olub.

Niyazi M.Maqomayevin “Nərgiz”, Q.Qarayev və C.Hacıyevin “Vətən”, F.Əmirovun “Sevil”, P.Çaykovskinin “Qaratoxmaq qadın”, A.Borodinin “Knyaz İqor” və s. operalarını, S.Hacıbəyovun “Gülşən”, Q.Qarayevin “7 gözəl”, “İldırımlı yollarla” baletlərini tamaşaya hazırlayıb. 

1959-cu ildə korifey sənətkarlarımız - Rəşid Behbudov, Qara Qarayev və Adil İskəndərovla birgə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunub. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi.

O burada A.Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlayıb. Həmçinin, P.Çaykovskinin “Yatmış gözəl” və S.Prokofyevin “Daş çiçək” baletlərinin yeni quruluşuna dirijorluq edib, həmin baletlərlə Parisin “Qrand-Opera”, Londonun “Kovent-Qarden”  teatrlarında qastrol tamaşaları verib və böyük uğur qazanıb...

Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor ona bir azərbaycanlı kimi doğma olan Türkiyəni seçib.  Niyazi P.Çaykovskinin “Yevgeni Onegin” və “Qaratoxmaq qadın”, C.Verdinin “Aida” operalarına Ankara Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun “Koroğlu” operasına İstanbul Opera Teatrında ilk quruluş vermiş, onun ilk tamaşasına və “Yunus İmrə” oratoriyasına dirijorluq edib.

İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilib. 

Niyazinin “Konsert valsı” və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. Niyazi Ə. Haqverdiyevin “Dağılan tifaq”, C.Cabbarlının “Almas”, S.Vurğunun “Vaqif”, A. Korneyçukun “Polad qartal” dram tamaşalarına, həmçinin, “Almas”, “Kəndlilər”, “Fətəli xan” və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir...
*
Yuxarıda təsadüfi yerə qeyd etmədik ki, dissident ruhlu sənətçi...Başqa cür ola da bilməzdi...O, rəsmi titulları, ad-sanı ilə bərabər ruhən sovetlər qurluşuna yad idi...Bəy nəslindən olması onu sovet adamı edə bilməzdi və etmədi...Hər fürsətdə, hər bir addımında, hər bir əsərində gizli notlarla sovetlərə, sovet-kommunist ideologiyasına meydan oxudu...

Sovetlər dövründə “türk”, “Türkiyə” kəlməsini işlətmək, ağıza almaq nə qədər təhlükəli olsa da, Niyazi bu yasaqları bir-bir əzib, məhv edib, keçdi...O vaxtlar bədii şuraların türk ladında olan musiqi əsərlərinə qarşı kəskin münasibət olsa da, Niyazi hər zaman bu ladda əsər yazan, mahnı bəstələyən və ifa edən bütün gənc və orta nəsil sənətçilərini birmənalı olaraq müdafiə edib, onların əsərlərinin, ifalarının yasaqlanmasına imkan verməyib...

Bunu Azərbaycanın tanınmış sənətkarlarından, milli estradamızın yaradıcılarından olan Xalq artisti Niyaməddin Musayev özü də bir neçə dəfə etiraf edib, Niyazinin ona və başqa bir neçə gənc, perspektivli gəncə arxa çıxdığını, onları efir, səhnə yasağından qurtardığını bildirib...

Niyazi, obrazlı şəkildə desək, yetim-yesir atası olub, istər sənətçilər anlamında, istərsə də digər təbəqələrdən olanlar...Kimsəni qırmayıb, naümid geri qaytarmayıb...Sərt, zəhmli çöhrəsinin, baxışlarının, “bir batman balla udulmayacaq” acı sözlərinin arxasında, əsl qatlarında yumşaqlıq, müaliyimlik, həlimlik, kövrəklik, xeyirxahlıq dayanıb...

Sərt və zəhmli demişkən...Həqiqətən də, onu yaxından tanıyanlar və ya azacıq olsa belə, onunla ünsiyyətdə olanlar hər kəs Niyazinin olduqca sərt, zəhmli, tələbkar və bir qədər də “acıdil” olduğunu söyləyirlər...

Hətta, bu xarakteri, bu xüsusiyyəti ailə münasibətlərində, ailədaxili rəftarda da özünü büruzə verirmiş...Amma səmimilik, mərhəmətlilik, yumşaqlıq, kindən-küdurətdən uzaq olmaq da öz yerində...

Təxminən 33-34 il öncə o zamanların yeganə Azərbaycan kanalı olan AzTV-də “Tanış üzlər, tanış səslər” adlı veriliş yayımlanırdı...Əsasən də, sənət, mədəniyyət, söz adamlarından bəhs olunurdu bu verilişdə...Verilişin növbəti buraxılışlarından biri də mərhum Niyaziyə həsr olunmuşdu...Hansı ki, həmin vaxt artıq böyük və dahi sənətkar həyatda yox idi...

Verilişə ömür-gün yoldaşı, sədaqətli Həcər xanım da dəvət olunmuşdu... O, Niyazi ilə arasında baş vermiş bir hadisəni nəql edərək bildirdi ki, bir gün yenə Niyazi evə əsəbi şəkildə gəlir və bütün hirsini-hikkəsini yenə Həcər xanımın üstünə tökür... Bundan incik düşən Həcər xanım isə Niyazidən heyf-acıq çıxmaq qərarına gəlir:

“Yaxşı ətli şorba bişirmişdim, yemək şit də sayıla bilməzdi, duzu, filanı-hər şey yerində idi. Bir boşqab özümə, bir boşqab da Niyaziyə çəkdim. Hər dəfə də yeməkdən bir qaşıq ağzına aparanda, yeməyinə duz atırdım.Birdən Niyazi dözməyib, “ay Həcər xanım, yemək onsuz da duzludur, niyə hər dəfə üstünə duz tökürsən”- dedi, tövrümü pozmadan dedim ki, “Niyazi düzəldirəm...”.

Niyazinin bir andaca hirsli-hikkəli, qəzəbli çöhrəsi dəyişdi, şaqqanaq çəkib güldü, “dedi “hə, bildim, başa düşdüm, yəni, mən zəhərəm, amma daha zəhərlisini düzəldirsən...” (gülür). Beləliklə, hər şey bir andaca unuduldu, yoluna düşdü, Niyazi də səhvini başa düşdü və mənim könlümü almağa başladı. 

Nə qədər zəhmli, sərt, “acıdil” olsa da, bir o qədər ürəyiyumşaq, mərhəmətlili, uşaq kimi sadəlövh və kövrək bir insan idi...”.
*
Bir gün isə sənət yoldaşları Niyazini “yoxlamaq” qərarına gəlirlər...Onlar Niyazinin adi səsə, adi cingiltiyə, adi tıqqıltıya belə həssas olduğunu, gözündən heç nəyin yayınmağını bilsələr də, yenə də tərəddüd edirlərmiş, inanmaq istəmirlərmiş...

Odur ki, bir gün Niyazi növbəti dəfə konsert verməyə hazırlaşarkən az qala 200-300 nəfərlik orkestrin çalğıçılarından birinə deyirlər ki, ifa zamanı əsərin filan yerində aləti sakitcə tıqqıldat, görək Niyazi bunu biləcək, yoxsa, özünü bilməməzliyə vuracaq...

Həmin çalğıçı (ifaçı) da məhz deyilən hərəkət edir və həmin an Niyazi əsərin ifasını dayandırmadan,  onu səhnəni-orkestri tərk etməsi üçün əli ilə işarə edir. Və həmin çalğıçı bir andaca qorxusundan ilim-ilim itir.

Və beləliklə, Niyazi dahiliyi, Niyazi fitrəti, fitri istedadı bir daha özünü nümayiş etdirir...Sonra sənət dostları bunu ona danışanda, Niyazi gülə-gülə başını yelləyir və heç nə demədən çıxıb gedir...

Kamil HƏMZƏOĞLU

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri