17 
Okt
2018
09:57
125
5
5484
Virtual karabakh

Gənc rəssam: Azərbaycanda səviyyəsiz şairlərə, falçılara dəyər verilir

17 Okt, 2018
09:57
5484

Gənc rəssam: Azərbaycanda səviyyəsiz şairlərə, falçılara dəyər verilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özünü ifadəetmə vasitələrindən biri də incəsənətdir. Əl işlərinin insanların daxili aləminin güzgüsü olduğu rəssamlıq sənəti bir çoxları üçün, sadəcə, pul qazanmaq vasitəsi olsa da, bəziləri üçün sevgi və həvəslə gördüyü bir işdir. Belə insanlardan biri də bugünkü müsahibimiz olan gənc rəssamdır. 

Əslən Qarabağlı olan 26 yaşlı Ceyhun Ənvərzadə yeddi yaşından rəsm çəkməklə məşğuldur. Bu sahədə olan bacarığını inkişaf etdirmək üçün 22 yaşında Ə.Əzimzadə adına təsviri incəsənət kollecinə qəbul olub. Eyni zamanda, ustadı saydığı Fikrət Cəfərovdan dərs alır. Onun haqqında belə deyir:

“O, tək rəssamlığı yox, həyatı bizə başa salırdı. Ustadımdan öyrənəcəyim çox şey var idi, heyif ki, həyat onu vaxtsız apardı”.

Yağlı boya ilə mənzərə, peyzaj çəkməyi çox sevən rəssam sifarişlə portretlər də çəkir.

Rəsmin onun üçün nə məna kəsb etdiyini isə belə ifadə edir: 

“Rəsm çəkəndə sanki başqa dünyada oluram. Özümü çox xoşbəxt hiss edirəm. Bəzi insanlar bu sənətə biznes kimi yanaşsa da, mən buna sevgi və həvəslə yanaşıram. Məqsədim pul qazanmaq yox, dəyər, sevgi qazanmaqdır. Halal zəhmətimlə insanlara faydalı olmaq istəyirəm”.

Bir fərdi sərgi keçirən rəssamın yenə sərgi açmaq fikri var, amma burada yox, xaricdə. Bunu belə izah edir:

“Çünki Azərbaycanda bizlərə yox, səviyyəsiz şairlərə, falçılara, Samiraldoya dəyər verilir”.

İlhamı insanlardan aldığını deyən rəssam paylaşdığı rəsmlərə olan reaksiyalar və fikirlərin onu yaşatdığını bildirir:

"Beş barmaq bir olmadığı kimi, fikirlər də fərqli olur. Bəzən elə fikirlər olur ki, gözucu baxıram, bəzən də hansısa fikirdən bir şey götürürəm. Çox şükür, hələ mənfi iradlar olmayıb”.

Rəssam, eyni zamanda, fiziki məhdudiyyətli olmağın ona işində mane olmadığından danışdı:

“Bu həyatda sağlam olmaqdansa, ən azı belə olmaq yaxşıdır. Məhdudiyyət bir sınaqdır. Ağlayıb sızlamaqla heç nə olmur. Öz həkimin olmalısan və bacardığın sənəti seçib irəliləməlisən. Sınmaq olmaz, insana yaraşmaz”.

Rəssam bu həyatda qeyri-mümkün heç nəyin olmadığını deyir:

“Əgər insan bir şeyi ürəkdən istəsə və öz üzərində daim işləsə, alınacaq. Ustadım Fikrət Cəfərov mənə deyirdi ki, əgər ruhun təmiz deyilsə, səndən rəssam ola bilməz. Daha doğrusu, olar, amma dırnaq arası rəssam. İnsanlara həmişə insanlıqlarını qoruyub-saxlamağı, paxıl, kinli olmamağı arzu edirəm”.

Nəzrin Həsənova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri