25 
Okt
2018
14:50
4
24
1950
Virtual karabakh

Aybəniz Haşımovanın yubiley konserti keçirilib - FOTO

Dünən, oktyabrın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış və sevilən müğənni, Əməkdar artist Aybəniz Haşımovanın yubiley konserti, sənət-yaradıcılıq gecəsi keçirilib.

Oxu.Az-ın xəbərinə görə, konsert sənətçinin müəllimi, ölməz və korifey sənətkar Şövkət Ələkbərovanın xatirəsinə həsr olunub.

Konsert A.Haşımovanın 50 illik yubileyi və səhnə fəaliyyətinin 40 ilinin tamam olması ilə bağlı təşkil olunub. Konsert yüksək səviyyədə və alqış sədaları altında baş tutub.

Müğənni həm Ş.Ələkbərovanın repertuarına müraciət edib, həm də özünün illər ərzində ifa etdiyi mahnıları yeni aranjimanda, təqdimatda oxuyub. Daha çox Tahir Əkbərin, Oqtay Kazıminin, Ramiz Mirişlinin və digər böyük bəstəkarların mahnılarını ifa edib.

Konsert zamanı müğənni özünün yazdığı və şəhid həyat yoldaşı Xalid Quliyevə həsr etdiyi şeirlərini oxuyub, dinləyiciləri duyğulandırıb. Konsetdə müğənninin “Bülbüllər” qrupunun və rəhbəri olduğu Sənət Akademiyasının tələbələrinin ifaları dinlənilib və böyük alqışlarla qarşılanıb.

Xüsusilə də, 9 yaşlı Həsən Əliyevin oxuduğu və səhnələşdirdiyi “Kor ərəbin mahnısı” dinləyicilərdə böyük coşqu yaradıb.

Konsertə ən böyük damğanı isə sənətçinin bacısı, böyük sənətkar, Xalq artisti Şahnaz Haşımova vurub. O, ifa edə-edə səhnəyə gəlib və sonra duet halında mahnını oxumaqda davam edib. Bu isə tamaşıçların gur və arasıkəsilməyən alqışlarına səbəb olub.

Konsert təxminən üç saat davam edib və müğənni sonda hər kəsə onun sənət gecəsinə, ən əsası ustadı Ş.Ələkbərovanın xatirəsinə həsr etdiyi konsertə gəldiyi üçün minətdarlığını ifadə edib.

“Hər birinizə ayrılıqda “Sağ olun” deyirəm. Hamınızın qarşısında baş əyirəm. Mənə böyük sevinc və xobəxtlik yaşatdınız. Əgər sizlərə xoş anlar yaşada bildimsə, özümü dünyanın ən xoşbəxti saya bilərəm”, - müğənni deyib.

Jurnalistlərlə söhbətində A.Haşımovanın müəllimlərindən, ustadlarından olan Xalq artisti Arif Babayev gözəl bir sənət gecəsi yaşadığını deyib:

“Aybəniz həm gözəl, böyük ürəyə malikdir, həm də gözəl səsə. O, mənim ən istəkli, ən sevimli tələbələrimdəndir və bir müəllimi kimi ona uğurlar arzulayıram”.

“Aybənizi çox sevirəm, özü də həddindən artıq. Çox böyük zövq aldım. Səviyyəli, peşəkar ifa. Gözəl musiqilər, nəğmələr bir-birini əvəz edirdi. Çox duyğulandım, çox ağladım. Sanki repertuarımda olan bütün manılarımı yenidən kəşf etdim və sevdim. Aybəniz mənim musiqi ruhumun qidasıdır. Yəni, çox mükəmməl bir konsert, sənət gecəsi yaşadım, yaşatdı bizə Aybənizim. Allah onu Azərbaycan musiqisinə, Azərbaycan mədəniyyətinə çox görməsin”, - Əməkdar artist Firuzə İbadova bildirib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri