23 
Noy
2018
16:34
454
15
2579
Virtual karabakh

Dahi Üzeyir Hacıbəyovun anım günüdür

23 Noy, 2018
16:34
2579

Dahi Üzeyir Hacıbəyovun anım günüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur.

Oxu.Az xəbər verir ki, o, 1885-ci il sentyabrın 18-də Ağcabədidə kənd mirzəsi Əbdülhüseynin ailəsində dünyaya göz açıb.

Uşaqlığı Şuşada keçib. Şuşada, Tiflisdəki Qori müəllimlər seminariyasında, Moskvada, Sankt-Peterburqda təhsil alan gənc Üzeyir Cəbrayıl qəzasının Hadrut kənd məktəbində, sonra Bakıda müəllim işləyir. Bir müddət “İslamiyyə”, “Təbriz” mehmanxanalarında və kirayədə yaşayır. “Leyli və Məcnun” operettasını mehmanxanada qalarkən yazır. 

1908-ci il yanvarın 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan “Leyli və Məcnun” ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulur.

Gənc bəstəkar bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazır.

 Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları onu çox məşhurlaşdırır. Üzeyir yaradıcılığının zirvəsi “Koroğlu” operası sayılır.

Qeyd edək ki, Azərbaycanın müstəqilliyi elan edilərkən ölkəmizin himni olaraq Koroğlu üverturasının seçilməsi təklif olunurdu. Azərbaycanın bu gün qəbul edilmiş dövlət himninin müəllifi də dahi Üzeyir Hazıbəyovdur.

Üzeyir bəy də belə nadir şəxsiyyətlərdən biridir ki, həm bəstəkar olub, həm də publisist. “Ü”, “Filankəs”, “Behmankəs” və digər gizli imzalarla felyetonlar yazıb. Onun “Ordan-burdan” başlığı altında dərc olunan felyetonları öz dövrü üçün çox dəyərli idi.

Dahi bəstəkar dövrünün ən yüksək mükafatlarına və fəxri adlarına, o cümlədən SSRİ Xalq artisti adına layiq görülüb.

1948-ci il noyabrın 23-də vəfat edən Üzeyir Hacıbəyli son mənzilə Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında yola salınıb. O Fəxri xiyabanda dəfn olunub.  

Dahi bəstəkarın doğum günü 1995-ci ildən Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri