29 
Noy
2018
13:51
92
24
9833
Virtual karabakh

“Xalq düşməni”nin oğlu və məşhur rəssam

29 Noy, 2018
13:51
9833

“Xalq düşməni”nin oğlu və məşhur rəssam

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın dünya şöhrətli rəssamı Tahir Salahovun növbəti doğum günüdür. 

1928-ci ilin  noyabr ayının 29-da Bakı şəhərində tanınmış keçmiş partiya və dövlət xadimi Teymur Salahovun ailəsində dünyaya gələn məşhur rəssamın nə az-nə çox, düz 90 yaşı tamam olur.

O, cəmi 10 yaşında atasını itirməli olur. Belə ki, Stalin repressiyasından qurtula bilməyən atası Teymur Salahov “xalq düşməni” kimi ittiham olunur.

Daha doğrusu, 1937-ci ildə Laçın rayonunun birinci katibi vəzifəsinə təyin edilən Teymur Salahovun  sonuncu iş yeri olur bura. 1937-ci il sentyabrın 29-da həbs edilərək, ona qarşı trotskist-zinovyevçi əks-inqilabçı təşkilatının üzvü, ziyankar, terrorçu və Azərbaycanı SSRİ-dən ayırmağın təşəbbüskarı kimi dörd ən ağır ittiham irəli sürülür, “xalq düşməni” damğası vurulur və həbsindən doqquz ay sonra, 1938-ci ilin iyulun 4-də  güllələnir.

Arxiv sənədlərinə görə, məhkəmə protokolunda yazılır ki, istintaq zamanı Teymur Salahov özünü günahkar hesab etməyib, etiraz səsini ucaldıb, lakin cəmi 15 dəqiqə sürən məhkəmə güllələnmə qərarı çıxarıb və bu qərar dərhal həyata keçirilib.

Beləliklə, çox erkən yaşlarında atasını itirən Tahirgilin çətin, məşəqqətli günləri başlayır. Evdar qadın olan anası Sona xanım beş övladını təkbaşına, əziyyətlə böyütmək məcburiyyətində qalır.

Qeyd edək ki, həmin vaxt böyük qardaşı Sabirin 11, ortancıl qardaşı Mahirin 10, özünün doqquz, kiçik bacısı Zərifənin beş yaşı vardı, körpə Leyla isə cəmi iki aylıq idi.

Atalarını vaxtsız itirmələrinə, “xalq düşməni”nin övladları kimi əzablara qatlaşmalarına baxmayaraq, Tahir Salahovun və Salahovlar ailəsinin həyat, yaşamaq eşqi sönmür, əksinə, güclənir.

1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirən Tahir Salahov 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib, daha sonra V.İ.Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə, 1951-ci ildə  isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olur.

1955-ci ildə “Dalğa” və “Estakada” adlı ilk əsərlərini çəkərək, ümumittifaq, xarici və respublika sərgilərində iştirak etməyə başlayır. 1957-ci ildə Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirir,  diplom işi olan “Vaxtada” əsəri ilə Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş Ümumittifaq sərgisində iştirak edir və SSRİ Rəssamlıq İttifaqına üzvlüyə qəbul edilir.

Beləliklə, həmin illərdən gənc rəssamın şöhrətə gedən yolları başlanır və bir-birinin ardınca böyük uğurlar, nailiyyətlər ələ edir öz məşhur rəsmləri, rəsm əsərləri ilə…

1963-1967-ci illərdə ilk dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı olur, həmçinin, 1963-cü ildən 1974-cü ilə qədər keçmiş M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda professor vəzifəsində çalışır. 1966-1970-ci illərdə yenidən, 7-ci çağırış, 1970-1974-cü illərdə isə 8-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilir.

1972-ci ildə Azərbaycan SSR Rəssamlar İttifaqı idarə heyətinin sədri, 1973-cü ildə SSRİ Rəssamlarının IV qurultayında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi seçilir və düz 19 il, 1992-ci ilə qədər bu vəzifəni icra edir. Həmçinin, 1980-ci ildə 10-cu çağırış, 1984-cü ildə 11-ci çağırış  keçmiş RSFSR Ali Sovetinin deputatı seçilir.

“Deputat gərək peşəkar olsun, hüquqşünas olsun. Mən isə rəssamam...”

Amma maraqlıdır ki, müxtəlif dönəmlərdə beş dəfə deputat olan Tahir Salahov uzun illər sonra müsahibələrindən birində millət vəkili olmaq istəmədiyini bildirir. 

“Yox. Deputat gərək peşəkar olsun, hüquqşünas olsun. Mən isə rəssamam. Vaxtımı nə üçün orada, Məclisdə itirməliyəm?”, - deyə əlavə edir.

“Heydər Əliyev dedi ki, qoy, camaatın yadında necə çəkmisən, elə qalım”

Bu yerdə qeyd edək ki, Tahir Salahovun eks-prezident, mərhum Heydər Əliyevlə də şəxsi və gözəl münasibətləri olub.

Müsahibələrinin birində Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Tahir Salahov 1998-ci ildə mərhum dövlət başçısının portretini yaratdığını qeyd edir. Həmin portretin təxminən bir ilə çəkildiyini deyən məşhur rəssam bunları deyir: 

“Bu, Heydər Əliyevin portretidir, ona 1998-ci ildə, 75 illiyində bağışlamışam. İki-üç həftədən sonra mənə zəng vurdu ki, “Tahir, mən istəyirəm, bu portreti muzeyə bağışlayasan. Mən onu sənə verirəm ki, muzeyə bağışlayasan, orada qalsın, qoy, camaatın yadında belə, necə çəkmisən, elə qalım. Onun üçün də sənə verirəm” dedi. Ona görə əsəri muzeyə bağışladım”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri