Dek
2018
11:50
69
27
3549
Virtual karabakh

Nizami Cəfərov: Teatra getmək estetik yox, sosial dəb idi

Oxu.Az-ın müxbirinin suallarına akademik, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov cavab verir:

- Ötən əsrin 90-cı illərinin əvvəllərindən günümüzədək mediada, cəmiyyətdə, mədəniyyət aləmində teat və tamaşaçı məsələsi bir problem olaraq müzakirə olunmaqdadır.

Bəziləri bunun səbəbini güclü ssenarilərin, gözəl əsərlərin və peşəkar ssenaristlərin, yaxud yüksək səviyyəli rejissor və ya aktyor işinin olmaması, bəziləri maddiyyatın önə keçməsi və sairə ilə əlaqələndirməyə çalışırlar. Bu sahə ilə yaxın olan bir şəxs, bir ziyalı olaraq bu haqda nə fikirdəsiniz?

“Ötən əsrin 40-50-ci illərində teatrlara getmək estetik yox, sosial dəb olub”

- Ümumiyyətlə, Azərbaycanda teatra baxmaq mədəniyyəti heç vaxt dünyadakı o səviyyə ilə müqayisə olunmur və oluna da bilməz. Çünki dünyada bunun təcrübəsi var, vərdiş sistemi var, bu işə maraq var. Özü də dünyanın hər yerində yox.

Məsələn, Avropanın məşhur teatrları var ki, orada məhz dediyim məqamlar mövcud olub, yaşanıb və bu gün də var. Azərbaycanda isə  bunun əsası, əslində, bir xeyli dərəcədə süni şəkildə qoyulub.

Belə deyək ki, ötən əsrin 20-30-cu illərində xalqı zorla teatra gətirmək şəklində addımlar atılıb. Belə “maraq” da olub. Eyni zamanda, ötən əsrin 40-50-ci illərində də bu, bir az sosial dəb olub.

Bəlkə də, əslində, heç estetik dəb olmayıb. Yəni, cəmiyyətin özünün ruhundan, daxilindən gələn bir şey olmayıb, belə demək mümkünsə, “mən də varam” şəklində ayrı-ayrı ziyalıların teatrlarda iştirak etməsi şəklində bir dəb yaşanıb.

“Vaqif” pyesi teatr əsəri kimi zəifdir”

- Bunu nədən bilirsiniz, faktlar, yoxsa intuisiyanız əsasında?

- Ondan bilirəm ki,  teatr prosesləri bizdə zəif olub. Hətta müəyyən dövrlərdə deklarativ xarakter daşıyıb. Məsələn, bizdə teatr səhnələrində dahi Səməd Vurğunun  “Vaqif” dramından çox göstəriləni, quruluş veriləni olmayıb. Bu əsər dahiyanə əsərdir, amma teatr əsəri kimi zəifdir.

Teatrda qoyuluşu da çox zəifdir. Bu dramın nə qədər tamaşası gedib, nə qədər insanlar gəlib, amma bu əsərin ciddi bir dram əsəri, ciddi bir teatr əsəri, ciddi teatr əhval-ruhiyyəsində olması ilə bağlı təhlillər yoxdur.

“İndi teatra tamaşaçı yığmaq problemdir”

- Bəs, Xalq  yazıçısı İlyas Əfəndiyevin əsərlərinə, yəni teatrlarda uzun illər səhnələşdirilən, quruluş verilən əsərlərinə bu fikirləri şamil etmək mümkündürmü?

- Əslində, şamil etməzdim. Çünki İlyas Əfəndiyevdə müəyyən qədər dramaturji teatrla bağlılıq  oldu. Məsələn, bu ötən əsrin 60-cı illərində, 70-80-ci illərində bir xeyli effekt doğurdu. Onun əsərlərində, dramaturgiyasında teatrallıq var idi. Həqiqətən də, bu tamaşalara artıq hansısa bir siyasi, ictimai, ideoloji diktə və yaxud hansısa bir sosial özünügöstərmə ilə yox, öz qəlblərinin hökmü ilə gəlib tamaşa etmək tendensiyası vardı.

Bu tamaşalar insanlar üçün maraqlı idi, tamaşaçılar həmin tamaşaları seyr etmək üçün maraqlı idilər, gedirdilər, baxırdılar. Amma bu da elə bilirəm ki, çox çəkmədi. İndi isə teatra tamaşaçı yığmaq problemdir və səbəblər də çoxdur.

“Bu gün bizdə aktyor işi zəifdir”

- Məsələn?

- Bu gün yaxşı əsərlər də azdır, olsa belə, yaxşı əsərə bir dəfə baxarsan, iki dəfə baxarsan. Düzdür, yaxşı rejissor işi bizdə heç vaxt pis olmayıb, yaxşı rejissor işlərimiz var, amma bizdə aktyor işi zəifdir, peşəkar aktyorlarımız azdır. Çünki XX əsrin əvvəllərində teatrlara, tamaşalara əsərə, müəllifə görə yox, məhz aktyora görə gəlirdilər və həqiqətən də, çox təəssüflər olsun ki, bu, sonrakı dövrlərdə itdi.

“Teatr artıq cəmiyyəti, insanları incəsənətin başqa sahələrinin əlindən almalıdır”

- Səbəb nə idi?

- Səbəblərdən biri o idi ki, aktyor məsələsi sovet dövründə həmişə problem olub. Düzdür, o illərdə bu və ya başqa bir aktyoru yüksəldiblər, amma onun içində ayrı məsələlər də olub. İndi hər halda güman eləmirəm ki, bundan sonra Azərbaycan teatrı çox sürətlə inkişaf edəcək, amma hər halda cəhdlər var və əslində, daha çox çalışmaq lazımdır. Burada dərhal proqnoz vermək çox çətindir.

Yəni potensiya var, amma xalqın özünün teatra maraq potensiyası zəifdir. Cəmiyyətin özündə bu, zəifdir. İndi ola bilsin ki, başqa sahələr bunu daha çox götürüb, yer qalmayıb, amma teatr artıq cəmiyyəti, insanları incəsənətin başqa sahələrinin əlindən almalıdır.

Bilirsiniz, indi insanlar artıq əvvəlki dövrlərdə olduğu kimi, boş yerə gəlmir teatrlara. İndi teatrlar incəsənətin müxtəlif növlərinin nüfuzu uğrunda mübarizə apardığı bir məkanda fəaliyyət göstərir. Ona görə teatlar çox çalışmalıdır, hər halda ümid edək ki, irəliləyiş ola bilər.

“Elçin üçün maraqlı deyildi ki, İlyas Əfəndiyevdən sonra Azərbaycan teatrında aparıcı fiqur olsun”

- Teatrların monopoliyaya alınması,  yəni “atalar”dan, “oğullar”a keçməsi, məmurların bu sahəyə marağının “artması” ilə də bağlı artıq neçə illərdir ki, müzakirələr, mübahisələr, fikir mübadilələri gedir.

- Bəli, belə söhbətlər hərdənbir olur, amma deyim ki, məsələn, Elçin üçün maraqlı deyildi ki, - yaradıcılığının xarakterinə görə deyirəm -  atasından sonra Azərbaycan teatrında aparıcı fiqur olsun.

Düzdür, müəyyən əsərlər yazdı və o əsərlərin bizim teatr üçün, həqiqətən, müsbət təsirləri oldu. Onlar yeni bir mühit, absurd teatr anlayışını gətirdi.

Belə demək mümkünsə, İlyas Əfəndiyevin lirik-romantik, sonra da tarixi teatrından fərqli olaraq, o daha çox insanların daxili aləmini açan, insanın mahiyyətini göstərən teatr gətirdi. Yəni Elçin öz işini gördü.

Eyni zamanda, demək olmaz ki, o, İlyas Əfəndiyevin bilavasitə davamçısı idi, heç də belə deyil.

Şəxsi amil də burada rol oynamır. Çünki həmin dövrlərdə Azərbaycan teatrında çoxlu sayda müəlliflər iştirak edib, orada Elçin tək olmayıb, monopoliya təşkil etməyib.

İlyas Əfəndiyev dövründə başqa müəlliflərin tamaşaları gedirdi və digərlərinə heç bir maneə yox idi. Burada monopoliyadan danışmaq olmaz.

Sadəcə, ola bilər ki, bu gün müəllif və teatr, müəllif və teatr rəhbərliyi dialoqunda bir az maddi məqamlar üstündür. Teatr rəhbərliyi də çalışır ki, nüfuzlu bir müəllifin əsərini tamaşaya qoysun. O müəllifin ki, əsərin uğurundan öncə həmin müəllifin nüfuzu nəsə gətirsin.

“Klassiklərin əsərləri əvvəlki effekti vermir”

- Klassiklərin əsərləri əvvəlki effekti verirmi?

- Son illərdə hərdən klassiklərin əsərlərini qoyurlar teatrlarda, onlara da müraciət edilir. 

Yalnız bizim teatrlara aid deyil, ümumən götürəndə onlar artıq əvvəlki effekti vermir. Effekt vermir deyəndə, bir, iki, üç tamaşa olur, gedənlər də olur, amma o, yenə əvvəlki kimi insanları özünə çəkmir.

Bəlkə də, bu, dediyim kimi, daha çox dövrün özünün xarakterindən irəli gəlir. Bir maraqlı cəhət də var ki, əsərlərin böyük əksəriyyəti, əslində, teatr üçün yazılmır, sonradan teatrlaşdırılır. Bax, bu da təsir edir. Yəni, mənşəyi etibarilə bu, teatr əsəri deyil, teatr mühitində yaranmır.

Eyni zamanda, elə əsərlər də var ki, dram kimi yaradılır, amma mətn kimi oxunmağı daha maraqlıdır, nəinki tamaşada baxılmağı. Bu cəhətlər də var. Amma hər halda yenə də güman eləmirəm ki, teatr bütünlüklə süqut edir.

Potensial imkanlar çoxdur, amma görünür, hələ teatr, tamaşaçı və dram arasında o munis münasibət istənilən səviyyədə deyil.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri