12 
Dek
2018
09:14
131
24
7415
Virtual karabakh

Ən çətini düzgün səhnələr seçmək oldu - 15 yaşında film çəkən azərbaycanlı

12 Dek, 2018
09:14
7415

Ən çətini düzgün səhnələr seçmək oldu - 15 yaşında film çəkən azərbaycanlı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən günlərdə Gürcüstanda yaşayan azərbaycanlılar Əli QəniyevƏziz Qəniyev Moldovada təşkil edilən festivalda “ADAMI Media Prize 2018” mükafatına layiq görüldülər. Onlar bu mükafatı “Aşağı Saral kəndində gənc olmaq” filmi ilə qazandılar.

Qeyd edək ki, “ADAMI” media sahəsində insanların öz audio-vizual əsərlərini beynəlxalq səhnədə təqdim etmələri üçün nadir imkandır. Bu mükafat 2015-ci ildə Avropa xadimləri tərəfindən Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin – Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın kinematoqraflarının və jurnalistlərinin həvəsləndirilməsi məqsədilə yaranıb.

“ADAMI”nin məqsədi miqrasiya, tolerantlıq və mədəni müxtəliflik mövzularının işıqlandırılması, irqçiliyə və ədavətə qarşı mübarizə, Avropada KİV nümayəndələri arasında ünsiyyət platforması yaratmaqdır. 

Oxu.Az-ın bugünkü müsahibi 15 yaşında qatıldığı festivaldakı filmi ilə iki il sonra “ADAMI” mükafatını qazanan Əziz Qəniyevdir.

- Özünüz haqda məlumat verin, zəhmət olmasa.

- Əziz Qəniyev, 17 yaşım var. Marneuli rayonunun Kvemo Sarali kəndində yaşayıram və on ikinci sinif şagirdiyəm.

- Film çəkmək ideyası necə yarandı?

- Gürcüstanda “GIPA” (“Georgian İnstitute of Public Affairs”) Universiteti jurnalist olmaq istəyən uşaqlar, gənclər üçün layihə elan etmişdi. İki il əvvəl bu barədə eşitdim. Həmişə jurnalist olmağı arzuladığım üçün oraya getdim. Kamera ilə işləməyi, şəkil, video çəkməyi - sıra ilə hamısını öyrətdilər, sonra foto və video müsabiqələri keçirdilər. 

Video müsabiqəsində qəhrəman seçib film çəkməli idik, biz də bu filmi çəkdik. Film bir gün ərzində çəkildi, bir gün ərzində montaj olundu.

- Film çəkərkən ən çətin gələn nə oldu?

- Ən çətin olan düzgün səhnələr seçmək və mənim üçün olmasa da, qəhrəmanım üçün “Ətrafdakılar nə deyər?” məsələsi oldu.

- Belə bir mükafat gözləyirdiniz, yoxsa təəccübləndiniz?

- Əlbəttə ki, gözləmirdim. Ancaq özümü hazırlamışdım. Məclisdə qarşımıza qoyduqları jurnalda filmin “special mention” (“xüsusi qeyd”) kimi seçildiyini və mükafat alacağını oxumuşdum.

- Gələcək üçün planlarınız nələrdir? 

- Tam rejissorluq etmək istəməsəm də, böyük həcmli filmlər çəkmək istəyirəm. “GIPA Docu” festivalına qatılıb filmimin treylerini təqdim etdim, bəyənildi. Hazırda 9-10 dəqiqəlik film çəkməliyəm. 

“GIPA” universitetinə qəbul olub bakalavrı Gürcüstanda, magistraturanı isə xarici ölkədə oxumaq istəyirəm. “Soros” fondunun elan etdiyi layihəyə müraciət etmişəm, qəbul olsam, film çəkəcəyəm.

Nəzrin Həsənova
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri