12 
Yan
2019
00:54
31
125
5430
Virtual karabakh

Akademik: Bu, cəhalətə qarşı “ənə-l-həqq” deyən insanın möhtəşəm üsyanı idi

12 Yan, 2019
00:54
5430

Akademik: Bu, cəhalətə qarşı “ənə-l-həqq” deyən insanın möhtəşəm üsyanı idi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi İli” elan edilməsi çox əlamətdar və təqdirəlayiq hadisədir. İlk öncə ona görə ki, bu il bütün mütərəqqi bəşəriyyət tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Seyid İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək. UNESCO çərçivəsində də bu il Nəsimi ili elan edilir.

Bunu Oxu.Az-a açıqlamasında akademik, millət vəkili Gövhər Baxşəliyeva deyib.

“Bizim üçün 2019-cu ilin “Nəsimi İli” elan edilməsi xüsusi əhəmiyyət kəsb edir. Nəsimi böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir.

Yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur.

Şairin azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaragüruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı “ənə-l-həqq” deyən insanın möhtəşəm üsyanı idi”, - deyən o bildirib.

Akademikin sözlərinə görə, Nəsimi yaradıcılığı istibdada, sosial ədalətsizliyə, qəddarlığa, hər növ zülmə qarşı böyük etiraz idi. 

“Onun şeirləri insan əqlini və gözəlliyini vəsf edərək, şəxsiyyəti hər növ qadağalardan azad edərək, fanatizm və mövhumata qarşı yönəlmişdi. Bir sözlə, Nəsimi yaradıcılığının əsas ideyası - azad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsinə xidmət edir ki, bu da müasirliyimizlə kifayət qədər möhkəm uzlaşır.

Düşünürəm ki, möhtərəm prezidentimizin 2019-cu ili “Nəsimi ili” elan etməsi ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək, yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdıracaq.

Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan vuruşması böyük, möhtəşəm örnək olaraq bütün xalqımıza, ilk növbədə, gənc nəslimizə öz müsbət təsirini göstərəcək.

Əlavə etmək istərdim ki, bu kimi qərar ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür. Bütün bunlara görə ölkə prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”, - deyə G. Baxşəliyeva əlavə edib.

Kamil HƏMZƏOĞLU 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri