13 
Yan
2019
15:47
502
54
6834
Virtual karabakh

Heç kim Nizamiyə, Füzuliyə, Nəsimiyə sahiblənə bilməz, onlar bizimdir - RƏY

13 Yan, 2019
15:47
6834

Heç kim Nizamiyə, Füzuliyə, Nəsimiyə sahiblənə bilməz, onlar bizimdir - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin “Nəsimi İli”  elan edilməsi və bununla bağlı  tarixi sərəncamın imzalanması hər birimizin, xüsusilə, söz, ədəbiyyat adamlarının ürəyindəndir. Nəsimi kimi dahi şair və mütəfəkkir bunu haqq edirdi.

Odur ki, belə bir addıma görə ölkə prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərimizi ifadə edirik. Bu, Azərbaycan dövlətinin, ölkə prezidentinin sözə, sənətə, sənətkara verdiyi qiymətin daha bir nümunəsidir.

Bunu Oxu.Az-a açıqlamasında şair, millət vəkili Tahir Rzayev deyib.

O, qeyd edib ki, bu il Nəsiminin 650 illiyi tamam olur və bununla bağlı hələ ötən ildən dövlət başçısı tərədindən müvafiq sərəncam verilib.

“Nəsimi Azərbaycan xalqının ən böyük şairlərindən, söz adamlarından biridir.

Bunu da hər kəs bilir, geniş sübuta da ehtiyacı yoxdur. Amma inanıram ki, həm “Nəsimi İli” çərçivəsində, həm də ümumən 650 illik yubiley çərçivəsində keçiriləcək təbdirlər Nəsimini bir daha dünyaya tanıdacaq, bir daha onun Azərbaycan məxsusluğunu nümayiş etdirəcək.

Çünki çox təəssüflər olsun ki, bəzən Azərbaycan böyük mütəfəkkirləri ilə bağlı yanlış, həqiqətdən və reallıqdan uzaq olan iddialar səsləndirilir. Onların fars dilində yazması və ya məzarlarının qürbət ölkələrdə olmasından istifadə edib, bəziləri, bizləri sevməyənlər  həmin dahilərimizə şərik çıxmaq, sahiblənmək, özününküləşdirmək istəyirlər.

Belə cəhdlər də var. Bunlar yaşadığımız reallıqlardır. Amma bütün dünya bilməlidir ki, Nizami də, Füzuli də, Xətai də, Nəsimi də bizimdir.

Bizdən savayı, heç kimi onlara sahiblənə, yiyələnə bilməz və bilməyəcək, bu yöndə cəhdlər heç bir səmərə verməyəcək”.

Eldəniz Səlimov: “Nəsimi bu xalqın dərdlərinin, əzablarının şairidir...”

Digər millət vəkili Eldəniz Səlimov da ölkə prezidentinin son addımını çox yüksək qiymətləndirdiyini və təqdir etdiyini bildirib.

Qeyd edib ki, Azərbaycanda hər zaman ölkə və dövlət rəhbərliyi səviyyəsində söz, ədəbiyyat adamlarına, böyük şəxsiyyətlərə, mütəfəkkirlərə, bu xalqın və dövlətin taleyində böyük rolu olmuş yaradıcı şəxslərə qarşı böyük qayğı və diqqət olub.

Millət vəkilinin dediyinə görə, məhz elə bu səbəbdəndir ki, bu il 650 illiyi tamam olan dahi Azərbaycan şairi Nəsimi ilə bağlı həm ölkə prezidenti tərəfindən sərəncam verilib, həm də saatlar öncə məlum qərar açıqlanıb, 2019-cu il “Nəsimi İli” elan edilib.

“Bu, hər birimizin ürəyindən xəbər verən bir addımdır.

Bu, söz, ədəbiyyat adamları, yaradıcı insanlar kimi, hər birimizi, bütün xalqımızı sevindirir. Nəsimi bu xalqın dərdlərinin, əzablarının şairi, haqq-ədalət çarcısı olub.

Bütün əzab-əziyyətlərə, incidilmələrə, tərki-Vətən edilməsinə baxmayaraq, öz yazdıqlarının üstündən xətt çəkməyib, əqidəsindən dönməyib. Hətta, çox faciəli şəkildə, diri-diri dərisi soyulsa da, əzab verilərək, öldürülsə də, son anda da öz Nəsimiliyini, dönməzliyini, sınmazlığını, sarsılmazlığını sübut edib.

Odur ki, belə bir dahi şairin, böyük söz adamının xatirələrdə, hafizələrdə, yaddaşlarda yaşaması təbiidir, onunla bağlı prezident sərəncamının verilməsi və məlum tarixi-son qərarın elan edilməsi məntiqidir.

Neçə ki, Azərbaycanımız var, Nəsimi də var, neçə ki, Azərbaycan xalqı mövcuddur və yaşayır, Nəsimi də Azərbaycanımızla, ruhən bizlərlə yaşayacaq”-deyə, millət vəkilim sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri