16 
Yan
2019
01:56
280
52
3613
Virtual karabakh

Nəsimi bütün dövrlərin qürurudur - RƏY

16 Yan, 2019
01:56
3613

Nəsimi bütün dövrlərin qürurudur - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi İli” elan edilməsi çox böyük mədəni və tarixi hadisədir.

Bildiyiniz kimi, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri İmaddədin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Hələ ötən ilin 15 noyabr tarixində də bununla bağlı dövlət başçısının müvafiq sərəncamı olub.

Yəni onun yubileyinin dövlət səviyyəsində, təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. 
Odur ki, adıçəkilən iclasda həm 2019-cu ilin “Nəsimi İli” elan edilməsi, ardınca isə bununla bağlı sərəncamın imzalanması Nəsiminin 650 illik yubileyinə, onun ruhuna, xatirəsinə ən böyük töhfədir.

Bu, həm də Azərbaycan dövlətinin, ölkə prezidentinin sözə, söz adamlarına, yaradıcılığa, mütəfəkkirlərimizə, örnəklərimizə verdiyi dəyərin, qiymətin daha bir və əyani sübutu, nümunəsidir. Buna görə hər birimiz dövlət rəhbərinə öz dərin minnətdarlığımızı bildiririk.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, akademik Ziyad Səmədzadə deyib.

O qeyd edib ki, ölkələrin inkişafı, qüdrəti təkcə onların iqtisadi, hərbi qücü ilə ölçülmür, həm də milli sərvətləri, dahiləri, mütəfəkkirləri, parlaq, aydın təfəkkürlü ziyalıları ilə ölçülür.

“Çox xoşbəxt xalqıq ki, bizim də həm təbii, həm milli sərvətlərimiz çoxdur. Dünyaya səs salan Nizami, Xaqani, Füzuli, Xətai, Nəsimi, Üzeyir bəy Hacıbəyli, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Müslüm Maqomayev, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Mikayıl Abdullayev, Bülbül, Səttar Bəhlulzadə, Rəşid Behbudov, Yusif Məmmədəliyev, Ziya Bünyadov, Toğrul Nərimanbəyov, Lütfi Zadə, Tahir Salahov kimi böyüklərimiz, mütəfəkkirlərimiz var.

Onlar bizim milli kimliyimizdir. Odur ki, onların daim xatırlanması, anılması, tədqiq edilməsi, yayılması vacibdir. Bu, bizim onlar qarşısında övladlıq, vətəndaşlıq, vəfa borcumuzdur”, - deyə akademik əlavə edib.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov isə deyib ki, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi xəbərini böyük məmnuniyyət və sevinclə qarşılayıb. Bildirib ki, bu, ölkə prezidentinin Azərbaycan xalqının dahi şəxsiyyətlərinə, xüsusən mənəviyyatımıza, ədəbiyyatımıza olan böyük qayğısının bariz nümunəsidir:

“Biz hər zaman ölkə rəhbərliyi səviyyəsində teatra, mədəniyyətə, ədəbiyyata yüksək diqqət görmüşük. Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Cümhuriyyət ili” elan olundu. İl ərzində bu sərəncamdan irəli gələn bir çox vacib tədbirlər keçirildi. Əminəm ki, bu il də böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ədəbi irsimiz, mədəniyyətimiz üçün son dərəcə əhəmiyyətli tədbirlər keçiriləcək.

Nəsimi təkcə şair yox, həm də sufidir, mütəfəkkirdir, böyük düşüncə və mənəviyyat adamıdır. Onun yaradıcılığı, sənətkarlığı çox ucadadır. Nəsimi təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biridir.

O, dünya vətəndaşı, bütün dövrlərin qürurudur. Hesab edirəm ki, prezidentimizin bu qərarı bizim düşüncə tariximizə verilən böyük töhfədir. Eyni zamanda, Nəsiminin irsinə yüksək münasibətdir”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri