28 
Fev
2019
13:10
108
17
4073
Virtual karabakh

“İntelligent” Həsəndən fağır Məmməd kişiyə - Cilddən-cildə düşən aktyor

28 Fev, 2019
13:10
4073

“İntelligent” Həsəndən fağır Məmməd kişiyə - Cilddən-cildə düşən aktyor

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün - fevralın 28-i Azərbaycanın kino və teatr səhnəsində maraqlı obrazlar yaratmış görkəmli aktyor, Xalq artisti Mustafa Mərdanovun doğum gündür.

1894-cü ildə Cənubi Azərbaycanın (indiki İranın - red.) Mərənd şəhərində anadan olan korifey sənətkarın 125 yaşı tamam olur.

Kiçik yaşlarında ailəsi ilə birlikdə Mərənddən Tiflis köçən Mustafa Mərdanov tezliklə burada teatra böyük maraq göstərib, hələ 16 yaşındaykən, yəni, 1910-cu ildən dram dərnəklərində çıxış edib. 

Daha sonra Tiflisdə Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışıb. Ən böyük arzusu ali təhsil almaq olan gənc aktyor Moskva Dövlət Teatr Sənəti İnstitutuna daxil olub. Burada sənətin sirlərini öyrənən aktyor 1924-cü ildə Bakıya gəlib və Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirib.

Yüksək aktyorluq texnikası, yumşaq yumor hissi Mustafa Mərdanovun sənəti üçün çox xarakterik olan cizgilər idi. O, teatr səhnəsinə gəlişi ilə milli aktyorluq sənətimizi zənginləşdirib, ona yeni rənglər, çalarlar gətirib.

Mustafa Mərdanov hələ teatrda işlədiyi vaxtlarda tez-tez filmlərdə çəkilmək dəvəti alıb. Çünki onun aktyor plastikası, sifət cizgiləri, obrazı qavramaq bacarığı kino aktyoru üçün olduqca vacib amillər sayılırdı.

“Bismillah” filmində Muzdur Qulu obrazı onun kinoda ilk rolu idi. Abbas Mirzə Şərifzadənin ilk rejissor işi olan bu film 1925-ci ildə ekranlara çıxıb. Bir il sonra isə ekranlara Aleksandr Litvinovun “Müxtəlif sahillərdə” filmi çıxıb. Aktyor bu filmdə Abbas rolunda çəkilib.

O dövr üçün Mustafa Mərdanovun kinoda ilk böyük rolu isə “Hacı Qara” filmindəki Kərəməli olub. Sonralar aktyor “Sevil” filmində Atakişi, “Lətif” filmində Ələsgər, “İyirmi altı komissar”da menşevik rolunu böyük məharətlə oynayıb.

Onun qardaşı, kinorejissor Səməd Mərdanovun “Kəndlilər” filmi aktyorun yaradıcılığında yeni bir hadisə olub. O, bu filmdə bir-birinə zidd olan iki rolu - kəndli Təhməz və menşevik obrazlarını yüksək sənətkarlıqla yaradıb.

Bu yerdə qeyd edək ki, Böyük Vətən Müharibəsi (1941-45-ci illər) Azərbaycan kinematoqrafiyasının inkişafına öz təsirini göstərsə də, bu illərdə də azsaylı filmlər yaranıb. Ancaq təəəsüflər olsun ki, Mustafa Mərdanov bu illərdə çəkilən filmlərdən heç birinə dəvət almayıb. O, yenidən 1955-ci ildə “Görüş” filmində çəkilib. Burada adi kolxozçu rolunu ifa edən aktyor, bir il sonra “Qara daşlar”da Dəmirov kimi çox ciddi rolda görsənib.

Şübhəsiz, böyük sənətkarın milli kinomuzda ən uğurlu rollarından biri bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə baxılan “O olmasın, bu olsun” filmindəki “intelligent”, əslində isə müftəxor və ziyalılıqla heç bir bağlılığı olmayan Həsən bəy obrazıdır. Bu obraz Mustafa Mərdanovun yeni aktyorluq keyfiyyətlərini üzə çıxarıb.

Sonralar “Əhməd haradadır” filmində oynadığı Məmməd kişi, “Qanun naminə”də müstəntiq Murtuz Murtuzov rolları görkəmli səhnə ustasını daha da şöhrətləndirib. 

Əgər Məmməd kişi obrazı sadəliyi, müaliyimliyi, bir qədər də sadəlövhlüyü ilə tamaşaçılar tərəfindən sevilidirsə və hələ də sevilməkdədirsə, Murtuzov obrazı özünün hiyləgərliyi, bicliyi, yeri gələndə cilddən-cildə düşməsi, üzünə “yazıqlıq”, “fağırlıq” maskası taxması, daxilində gizlənən qəddarlığı büruzə verməsi ilə televiziya seyrçilərində bir o qədər böyük hiddət, qəzəb doğururdu və doğrmaqdadır. Xüsusilə də, onun yazıq görkəm alaraq, “Anbardar Məmmədxan da gələcək” sözünü yüksək sənətkarlıqla ifadə etməsi uzun illərdir dillər əzbəridir... İnsanlar arasında daha çox zarafatlaşmalar zamanı bu sözdən, ifadədən istifadə olunmaqdadır... 

Bunlar isə təbii ki, Mustafa Mərdanov yaradıcılığının, sənətkarlığının ən yüksək cəhətləri idi. Məhz Mustafa Mərdanov kimi sənətkar(lar) belə inandırıcı, təsiredici obraz(lar) yarada bilərdi.

Lakin təəssüflər olsun ki, 1968-ci ildə çəkilən “Qanun naminə” filmindəki Murtuzov rolu aktyorun kinoda son işi olub. Mustafa Mərdanov həmin il dekabrın 12-də 74 yaşında dünyasını dəyişib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri