12 
Mar
2019
16:04
27
188
6086
Virtual karabakh

Nuriyyə Hüseynova prezidentlə görüşsəydi, nə xahiş edərdi? - MÜSAHİBƏ

12 Mar, 2019
16:04
6086

Nuriyyə Hüseynova prezidentlə görüşsəydi, nə xahiş edərdi? - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın müxbirinin suallarını tanınmış xanəndə, Əməkdar artist Nuriyyə Hüseynova cavablandırır:

- Bildiyiniz kimi, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü keçirildi. Bu görüşə dəvət olunsaydınız, hansı məsələləri dilə gətirərdiniz?

- Əvvəla, qeyd edim ki, həmin görüşə dəvət olunmamışdım. Əgər həmin görüşə dəvət alsaydım, deyərdim ki, mədəniyyət, incəsənət adamlarının, sənətkarların işi-gücü ancaq öz işi, öz sənəti ilə məşğul olmaq, sənətini, yaradıcılığını inkişaf etdirməkdir.

Bir millətin mədəniyyəti onu dünyada təmsil və tərənnüm edən, tanıdan ən başlıca məsələlərdən biri olduğu kimi, sənət insanının sağlığı, onun hüzuru, maddi rifahı, həyat, yaşam tərzi də gözəl olmalıdır ki, o, ancaq öz sənəti ilə məşğul olsun. Çünki bu məsələlərdə sağlamlıq birinci şərtdir.

Bununla belə, bəzi məsələlər bəzən sağlamlığa imkan vermir. Çox qaçırıq ora-bura, çox əziyyət çəkirik. Burada tək özümü nəzərdə tutmuram, bütün sənət insanlarını, yeni, elə muğam müsabiqələrinin özündən gəlmiş gənc xanəndələr, gənc ifaçılar ki var, öz halal əməyi, halal zəhməti ilə çalışır, yaşayır, sırf sənətə xidmət edir, əsl yaradıcılıq ortaya qoyur, şoudan, bayağı musiqilərdən uzaq dayanırlar, onları nəzərdə tuturam.

Klassik musiqi mədəniyyətini, klassik Azərbaycan ifaçılıq mədəniyyətini - o sənət ki, biz öz müəllimlərimizdən öyrənmişik, görmüşük, bu gün onları yaşadırıq və gələcəyə ötürürük. Ona görə bu işlə məşğul olan insanlar pul arxasınca qaçmırlar.

Onlar sırf sənətə xidmət edirlər. Mən və mənim kimi minlərlə sənət insanı istəyərik və istəyirik ki, bizə qayğı elə olsun ki, fikrimiz, düşüncəmiz ancaq sənətə yönəlsin, digər problemlərlə, qayğılarla yüklənməyək. Şəxsən mən özüm hər toya, hər məclisə gedən, hər təklifi qəbul edən deyiləm. “Təki pul gəlsin” deyə hara gəldi gedib oxumaq mənlik məsələ deyil.

Bunlar xarakterimlə daban-dabana zidd olan məsələlərdir. Mən daim çalışmışam və çalışıram ki, öz halal əməyimlə, sənətimlə, zəhmətimlə yaşayım. Amma bəzən maddi durum mənfi mənada öz sözünü deyir.

Mən tək özümü demirəm, sənət dünyasında olan yüzlərlə, minlərlə insanın haqqını deyirəm, onların adından danışıram və daim mədəniyyətə, mədəniyyət xadimlərinə, sənətkarlara xüsusi diqqəti, qayğısı ilə seçilən cənab prezidentdən xahiş edirəm ki, bizlərə də dəstək verilsin.

Bəzən görürsən, sənət aləmində elə adamlar var ki, verilən təqdimat əsasında prezident təqaüdü, dövlət mükafatı, mənzil, fəxri adlar alırlar. O zaman düşünürəm ki, mən də bu sənətin daşıyıcısı, nümayəndəsi deyiləm? Mən hansı xalqın musiqisinə xidmət edirəm? 

Mən də bu ölkədə yaşayıram, biz də bu ölkədə yaşayırıq. Mənim və mənim kimilərin əməyi, zəhməti heç də digərlərindən az deyil, bəlkə də, qeyri-təvazökarlıq kimi səslənməsin, daha çoxdur. Mən də əziyyət çəkirəm, biz də əziyyət çəkirik. Ya birdəfəlik fəxri adların, mükafatların, təqaüdlərin hamısı yığışdırılsın, ləğv olunsun, ya da hər bir kəsin haqqı olduğu kimi verilsin.

Yəni təqdimat verən, siyahı tərtib edən insanlar, qurumlar bunu mütləq nəzərə alsınlar, ayrı-seçkiliyə yol verməsinlər. Çünki onların təqdimatından çox şey asılıdır. 

Allah hər kəsin özünə qismət etsin, amma bəzən elə sənətçilər mükafatlara, təqaüdlərə təqdim edilir ki, onların, əslində, həmin mükafatlara, maddi vəsaitə ehtiyacları yoxdur, həm adları-sanları yetərincədir, həm də maddi durumları yerindədir.

Amma beş ildir, 10 ildir alırlar, elə sənət adamları da var ki, kirayədə yaşayır, ya da maddi vəziyyətləri, sağlıq durumları yaxşı deyil. İlk növbədə belələri nəzərə alınmalıdır, təqdimat verilərkən bu məqamlara diqqət yetirilməlidir. Bunları deməklə şəxsən kiminsə adını hallandırmaq fikrim yoxdur.

Mən söz-söhbətlərdən, xoşagəlməz məsələlərdən uzaq dayanan bir insanam, vətənimə, dövlətimə, millətimə, dəyərlərimizə hörmətlə yanaşan, onu yaşatmağa çalışan bir insanam, sənətçiyəm. Ona görə istəyirəm ki, hər bir məsələdə tarazlıq gözlənilsin. Dünya nemətləri, fəxri adlar, titullar tarazlı şəkildə təqdim olunmursa, bölünmürsə və ya yaşlı vaxtında bunlar olursa, bəlkə də, heç lazım deyil, hər şey zamanında, məqamında olanda gözəldir.

Mənim yaşımın elə bir dövrüdür ki, yaratmaq, gözəl işlər, gözəl layihələr ortaya qoymaq istəyirəm.

2018-ci ildə səhhətimdə çox ciddi, elə dəhşətli problemlər yaşandı ki, durub işə gedəcək, sənətlə məşğul olacaq halım yox idi. Amma buna baxmayaraq, işimdən, sənətlə məşğul olmaqdan qalmırdım, iynə vurdurub, dərman qəbul edib işə gedirdim. Xəstə-xəstə gedib ABŞ-da konsert proqramı ilə çıxış edib, qayıdıb gəlirdim. İynə vurdurub, o vəziyyətdə təyyarə ilə Macarıstana getmişəm, sağlığımın bu halında Fransada, UNESCO-da konsert proqramı ilə çıxış edib, geri dönmüşəm.

Həmçinin, ölkəmizin özündə üç şəxsi layihəm olub ki, onları reallaşdırmışam.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı “Vətənimizi sevirik”, “Bura vətəndir!” və böyük Hüseyn Cavid yaradıcılığına aid “Mənim Tanrım gözəllikdir, sevgidir” adlı layihələrlə çıxış etmişəm. İnanın, özünü öymək, tərifləmək kimi çıxmasın, indinin özündə belə məni görəndə deyirlər ki, bəlkə də, son illərdə belə layihələr, sənət nümunələri görməmişik.

Dəyərlərə hörmət, hər şey musiqinin dili ilə anladılıb, insanlara, tamaşçılara çatdırılıb. Bütün bunlara böyük əmək, zəhmət sərf olunub. Yəni səhhətimdəki problemlərə baxmayaraq, işimi, sənətimi axsatmamışam, əksinə, uğurlarım daha çox olub. Bu, heç də o demək deyil ki, bu işləri gördüyüm üçün mənə pul verilsin, ad verilsin, xeyr, mən belə iddiada deyiləm, bunları dövlətim, xalqım, millətim, mədəniyyətimiz üçün təmənnasız şəkildə etmişəm.

İstədiyim odur və məsələ ondadır ki, hər bir məsələ zamanında olmalıdır, mən və mənim kimilərinin də əməyi, zəhməti nəzərə alınmalıdır.

Nuriyyə Hüseynova və Nuriyyə kimi bir çox sənət insanları da məhz Azərbaycana, Azərbaycan mədəniyyətinə xidmət edirlər. Biz Azərbaycanımızı, vətənimizi sevirik, ölkə prezidentinin, birinci xanım Mehriban Əliyevanın Azərbaycan naminə gördüyü işləri, bütün fədakarlıqları dəstəkləyir və qiymətləndiririk.  

Yenə deyirəm, şəxsən bir bayağı manhıdan ötrü mənim qabağıma milyonlar qoysalar da, mən bu addıma getmərəm.

Bəzən mənə elə yerlərdən, elə toy, şənlik, ad günü məclisləri üçün dəvətlər gəlir ki, bir deyil, iki deyil, amma mən onları qəbul etmirəm. Tanımadığım, bilmədiyim məclislərə “təki pul olsun” deyə, getmirəm, getmərəm də.

Mən tək öz adıma-sanıma deyil, bütövlükdə ölkəmin nüfuzuna, ad-sanına ləkə gəlməsini istəmirəm. Dünyanın hər bir yerində də bunu qoruyub-saxlamağa çalışan bir insanam.

Yəni həmin görüşdə bunları, yuxarıda qeyd etdiklərimi deyərdim.

- Necə hesab edirsiniz, bu gün Azərbaycan sənətinin, Azərbaycanın mədəniyyətinin üzü hansı istiqamətədir: inkişafa, yoxsa çöküşə, milli dəyərlərimizlə heç də uzlaşmayan şou-biznes tərəfə?

- Bilirsiniz, hər bir dövrdə sənət aləmində tənəzüllə uğramalar, axsamalar olub. Hətta sovetlər dövründə də belə hallar var idi. Bayağı musiqilər, bayağı ifaçılar o zamanlarda da olub. Yəni bunlar hər zaman olub və olacaq. İnsanları bir neçə qrupa, kateqoriyaya ayırsaq, biz o zaman yanılmarıq və düzgün nəticələr çıxararıq.

Hər bir insanın səbri, gücü çatmır ki, ciddi və gözəl musiqini dinləsin. Heç də hər bir insanın beyninin, düşüncəsinin gücü imkan vermir ki, səviyyəli bir musiqiyə qulaq assın. Təbii ki, insanların yemək zövqü, geyim tərzi, ağız dadı bir başqa, fərqli olduğu kimi, onların musiqi zövqü və duyumu da fərqlidir.

Nuriyyəni dərk edən, onu dinləyəcək, bayağı musiqini oxuyan başqa bir ifaçını isə başqası dinləyəcək, bəlkə də, Nuriyyədən artıq sevəcək. 

Biz burada kiməsə qadağa, senzura qoya bilmərik. Onu zaman özü həll edir, ələyir, ələkdən, süzgəcdən keçirir, kim lazımdırsa, saxlayır, kim lazım deyilsə, yox olub, gedir.

Əgər bu günümüzə qədər Azərbaycan klassik musiqisi, mədəniyyəti yaşayıbsa, dünyanın hər yerində sevilirsə, hara gediriksə bu sevgini görürüksə, bu, sadəcə, mədəniyyətimizin, musiqimizin gücüdür. İkincisi də, bu mədəniyyətə, bu musiqiyə xidmət edən insanlar hələ ölüb, bitib, qurtarmayıb.

Onlar mövcuddur və dövlətimizin dəstəyi sayəsində arxadan gələnlər də var, yəni yeni istedadlı nəsil gəlməkdədir. Biz müəllimlər olaraq həmin gəncləri mararifləndiririkmi deyim, yönəldirikmi deyim, bunların hamısı şərtdir, hər halda istedadlı gənclər var və gəlməkdədirlər.

Şəxsən mən özüm məktəbimi yaratmışam və məndən sonra da o davam edəcək, yaşayacaq. Bu gün mən onu görürəm. 

Azərbaycan musiqisi hər zaman olub və olacaq.

Bayağı musiqilər və musiqiçilər, ara oxuyanları, toy, şou üçün yazanlar, bunu nümayiş etdirənlər zamanın çərçivəsində, öz-özlüyündə ələnib, əriyib gedəcəklər.

Buna görə narahat olmayın. Hələ bu ölkədə, bu millətin içində musiqimizi qoruyacaq, yaşadacaq insanlarımız var.

Həmçinin, dövlətimizin bu yöndə dəstəyi, iradəsi var.

Kamil HƏMZƏOĞLU 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri