Apr
2019
20:15
769
462
7211
Virtual karabakh

Novruz Aslanov: Afaq Bəşirqızının da, Zeynəb xanımın da çıxışı məntiqli idi

1 Apr, 2019
20:15
7211

Novruz Aslanov: Afaq Bəşirqızının da, Zeynəb xanımın da çıxışı məntiqli idi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın müxbirinin suallarını tanınmış bəstəkar, millət vəkili Novruz Aslanov cavablandırır:

- Novruz müəllim, 11 aprel 2018-ci il seçkilərindən, dövlət başçısı İlham Əliyevin növbəti müddətə prezident seçilməsindən bir ilə yaxın vaxt keçir. Ötən bir ili mədəniyyət sferası baxımından necə dəyərləndirirsiniz?

- Ötən bir ilə yaxın dövr bir daha xalq-prezident birliyini, prezidentin daim öz xalqı ilə bir yerdə olmasını təcəssüm etdirdi, göstərdi. 

Özü də bu birliyi, bu vəhdəti biz hər gün, hər saat, hər dəqiqə görürük.

İstər fövqəladə hallar, hadisələr baş verəndə, istər regionların sosial-iqtisadi inkişafında, istər hansısa regional və transmilli layihələrin icrasında, istərsə də beynəlxalq forumların, tədbirlərin keçirilməsində bu məqamların şahidi oluruq.

Cənab Prezident bu gün təkcə Azərbaycanda yox, bütün dünyada bir lider nümunəsini göstərir və bu bizim fəxr mənbəyimizdir.

Açığı deyim ki, bu, hələ başlanğıcdır və inanıram ki, üzümüzə gələn illərdə prezidentin islahatlar siyasətinin növbəti mərhələlərinin, onun insanlara daha yaxın, daha açıq olmasının, daha müsbət və önəmli hadisələrin şahidi olacağıq.

- Yeri gəlmişkən, üstündən bir qədər keçsə də, ölkə prezidenti və birinci xanım Mehriban Əliyevanın sənət, mədəniyyət xadimlərinin bir qrupu ilə görüşü məsələsi ətrafında müzakirələr səngimək bilmir. Bu görüş barədə nə demək istərdiniz?

- Onu qeyd etmək istəyirəm ki, təkcə bir görüş bəs etdi ki, nə qədər məsələ öz müsbət həllini tapsın.

Orada qaldırılan bütün məsələlərin yüz faizi demək olar ki, həll olundu.

Həmin görüşdən dərhal sonra kinomuzun inkişafına, o cümlədən, iki dövlət teatrına “akademik” statusunun verilməsi ilə bağlı sərəncam verildi.

Həmçinin, cənab prezidentin başqa bir sərəncamı ilə Yazıçılar Birliyinə, Bəstəkarlar İttifaqına,  digər yaradıcılıq birliklərinə maddi vəsaitlər ayrıldı.

Bu vəsaitlər hesabına onlar öz fəaliyyətlərini daha da gücləndirəcək, müasir tələblərə uyğun işlərini quracaqlar.

Bütün bunlar hadisələrə operativ şəkildə reaksiya vermək deməkdir.

- Əgər siz özünüz həmin görüşə dəvət edilsəydiniz, hansı məsələni və ya məsələləri qaldırardınız?

- Bunu bir dəfə qeyd etmişdim və bir daha təkrar etmək istəyirəm: təklifim ondan ibarət olacaqdı ki, televiziyalarda bədii şuraların yaradılması çox vacib məsələdir.

Amma istəməzdim ki, bu, Sovet hakimiyyəti formatında olsun.

Yəni, bədii şuralar senzura formatında olmamalıdır.

Bunun adını da dəyişdirmək olar, misal üçün Ekspertlər Şurası. Ekspertlər Şurasının üzvləri təkcə mədəniyyət və incəsənət sahəsi ilə bağlı fikirlərini, rəylərini bildirməklə yanaşı, digər sahələri də əhatə etməlidirlər.

Daha doğrusu, üzvlərin tərkibində iqtisadçı ekspertlərin, siyasi analitiklər ində olması yaxşı olardı. 

Onlar öz tövsiyələrini versinlər ki, televiziyalarda hansı verilişlərin və yaxud hansı layihələrin həyata keçirilməsini daha məqbul sayırlar.

Burada milli-mənəvi dəyərlərimizin qorunması, əxlaqi məsələlər ön plana çəkilməlidır. Bu, tövsiyə xarakterli Ekspertlər Şurası olmalıdır.

Televiziyalar da, onların rəhbərliyi də, onların aparatı da həmin tövsiyələri nəzərə almalıdırlar.
Həmçinin, çox istərdim ki, Ekspertlər Şurası (əgər gələcəkdə belə adlandırılacaqsa) çox şəffaf və ictimaiyyətə açıq olsunlar. 

Onlar konkret  şəxsə, hansısa mahnının, yaxud, əsərin müəllifinə yox, əsərin özünə qiymət versinlər.

Bunun üçün də çox rahat və asan bir yol var, o da anonim səslənmədir. Yəni hansısa bir layihə səsləndirilir və ona qiymət verilir.

Ondan sonra bilinəcək ki, musiqinin, əsərin müəllifi kimdir. Ekspertlər şurası ancaq musiqi üzərində qurulmamalıdır.

Orada aparıcıların səviyyəsi və başqa təşkilati məsələlər də yer almalıdır.

Amma birmənalı olaraq qadağa prinsipi, senzura yanaşması olmamalıdır, tövsiyə xarakterli fikirlər olmalıdır.

Təbii ki, orada müəyyən qaydalar formalaşmalıdır.

Ola bilər ki, bir tövsiyə, iki tövsiyə kifayət etməsin, üçüncü tövsiyədə artıq qadağa məsələsi ortaya çıxsın. Bunlarla da bağlı hansısa bir sistem qurulmalı və müvafiq təlimatlar hazırlanmalıdır. 

Bir sözlə, cəmiyyətimizə, inkişafımıza zərər gətirə biləcək nə varsa, biz onların qarşısını almalıyıq.

- Onu da xatırlatmaq yerinə düşər ki, sovetlər dövrünün özündə belə bəzən Bədii Şura üzvləri tərəfindən yanlış qərarlar verilir, daha çox subyektiv mülahizələr əsas götürülürdü.

Məsələn, korifey cazmen, mərhum Vaqif Mustafazadənin əsərlərinə, Azərbaycan milli estradasının yaradıcısı Niyaməddin Musayevin bəzi məşhur mahnılarına qadağaların qoyulması nümunələri hələ də yaddaşlardan silinməyib... 

- Bəli, fikirlərinizlə razıyam.

O dövrlər böyük bəstəkarımız Ramiz Mirişlinin məşhur “Dalğalar” mahnısına qadağa qoyulmuşdu. 

Bədii Şura tərəfindən o zamanlar böyük bəstəkarımız Ələkbər Tağıyevin bir çox məşhur bəstəsinə qadağa qoyulmuşdu. 

Ona görə deyirəm ki, bu şuralar şəxsi münasibətlər, kiminsə düşmənçiliyinin üzərində qurulmamalıdır. Şəffaf, təmiz və peşəkarcasına qurulan bir qurum olmalıdır.

Odur ki, buna çox həssas yanaşmaq lazımdır. Bədii və ya Ekspertlər Şurası irəliyə və müasirliyə atılan bir addım kimi qəbul olunmalıdır.

Bunun üçün beynəlxalq təcrübədən də istifadə etmək tam yerinə düşərdi.

- Novruz müəllim, çox təəssüflər olsun ki, məlum görüşdən sonra tanınmış, korifey sənətkarlarımızı, məsələn, Zeynəb xanımla Afaq xanımı, Rasim Balayevlə Şəfiqə xanımı qarşı-qarşıya qoymaq cəhdləri oldu.

Siz bu cəhdlərlə bağlı nələri demək istərdiniz, ümumiyyətlə, həmin şəxslərin fikirlərinin hansını daha məntiqli hesab edirsiniz?

- Əvvəla, hər bir şəxsin subyektiv fikir söyləmək haqqı var.

Bu, onun vətəndaş mövqeyidir. 

Bu baxımdan, açığını deyim ki, Afaq xanımın da, Zeynəb xanımın da hər ikisinin çıxışlarını məntiqli sayıram.

Ona görə onların arasında heç bir seçim etməzdim. Hər kəs öz şəxsi, subyektiv fikrini söyləyir.

Bir məsələyə bir neçə baxış ola bilər.

Bir məsələyə siz ayrı cür baxa bilərsiniz, mən ayrı cür baxa bilərəm, yaxud həlli yollarını müxtəlif cür görə bilərik. 

Ona görə yanaşma müxtəlifdir.

Ən əsası odur ki, cənab prezident səslənən bütün fikirlərə diqqətlə, qayğı ilə yanaşdı və nəzərə aldı. Elə məsələlər var ki, onlar birdən-birə həll oluna bilməz, bunun üçün müəyyən zaman tələb olunur.

Məsələn, küçə adlarının verilməsi məsələsini götürək. 

Bunun üçün müvafiq qərarlar olmalıdır, müəyyən sənədlər hazırlanmalıdır. Amma mən tam əminliklə deyə bilərəm ki, orada qaldırılan məsələlərin hamısı öz həllini tapacaq.

- Fəxri adlar, titullar məsələsi ilə də bağlı birmənalı olmayan fikirlər var, bəziləri deyir qalsın, bəziləri deyir yığışdırılsın. Siz bir millət vəkili və sənət adamı olaraq, burada hansı mövqeyin tərəfindəsiniz?

- Bilirsiniz ki, bir çox ölkələrdə, ümumiyyətlə, fəxri adlar məsələsi yoxdur. Artist elə artistdir, müğənni elə müğənnidir.

Amma bununla belə deyərdim ki, fəxri adların, titulların verilməsi illər ərzində görülən işlərə, zəhmətə verilən bir qiymətdir.

Obrazlı şəkildə desək, əgər sizin övladınız hansısa bir yaxşı iş görürsə, təbii ki, ona təşəkkür edirsiniz, çox sağ ol, övladım, deyirsiniz.

Bunun özü də insanın uzun illər həsr etdiyi, yaratdığı əsərlərə dövlət tərəfindən verilən yüksək qiymətdir.

Amma  bunlar birmənalı olaraq obyektiv, qərəzsiz, şəffaf şəkildə həyata keçirilməlidir. Çünki bizim nə qədər sənətkarımız var ki, ömürlərini mədəniyyətimizə sərf ediblər, Azərbaycanımızı bütün dünyada tanıtdırıblar və tanıtmaqda da davam edirlər. 

Ona görə həmin sənətkarla digərləri arasında bir fərq olmalıdır. 

Mənə elə gəlir ki, bu fərqlilik o biri insanları daha da yaxşı çalışmağa sövq edəcək.

Onlar Əməkdar, Xalq artisti olmaq üçün daha çox çalışacaqlar, daha çox konsertlər, çoxlu yaradıcılıq tədbirləri keçirəcəklər.

Dövlət tədbirlərində daha çox iştirak edəcəklər, yaxşı əsərlər yaradacaqlar və yaxud yaxşı əsərlər ifa edəcəklər.

Bu, onlara bir yol açacaq.

Mənə elə gəlir ki, stimullaşdırmaq çox gözəl bir ənənədir.

Mən bunun lehinəyəm.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri