26 
Apr
2019
12:27
26
104
3842
Virtual karabakh

Alman nəsimişünas: O, edamına səbəb olan sözləri dediyini inkar etmişdi

“Məndə sığar iki cahan...” qǝzǝlində bizim görǝ bilmədiyimiz “dünya”dan söhbət gedir.

Adını klassik Azərbaycan ədəbiyyatına qızıl hərflərlə yazdıran şair və mütəfəkkir İmadəddin Nəsiminin bu il 650 illiyi qeyd olunur. Bununla bağlı Prezident İlham Əliyev 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı sərəncam imzalayıb. Biz də öz növbəmizdə bu ilə töhfə olması üçün Almaniyada yaşayan nəsimişünas alim, filologiya üzrə elmlər doktoru Maykl Reynhardla söhbətləşdik.

Onun Oxu.Az-a müsahibəsini təqdim edirik.

Qısa xatırlatma:

Maykl Reynhard Hess 1967-ci ildə Almaniyanın Offenbax am Main şəhərində anadan olub. Frankfurtdakı Yohan Volfanq Höte adına Universitetdə yeni tarix, yunan tarixi, islamşünaslıq və türkologiya ixtisası üzrə təhsil alıb. Berlin Azad Universitetində “İmaddədin Nəsimi irsi” fundamental araşdırmasını apararaq 2005-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

M.Reynhard 130-dan çox elmi məqalənin müəllifidir. O, həmçinin, klassik Şərq poeziyasından tərcümələr edir. Araşdırmaçının Azərbaycanla bağlı bir neçə kitabı var. Bunlardan ən əsası araşdırdığı Nəsimi irsi haqqında olan “İlah-insanın dili. İmadəddin Nəsiminin türk divanının araşdırması” (Die Sprache des Menschengottes. Untersuchungen zu Imad äd-Din Näsimis (fl. ca.1400) türkischem Divan) adlı əsərdir. Bu əsərdə elmi təhlilin başlıca fokusu Nəsiminin türkcə yazılmış əsərlərinin dil xarakteristikasıdır. Araşdırmada dil olaraq türk dili xüsusi qeyd edilir.

Alim “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” adlı kitabın müəllifidir. Kitab 2016-cı ilin Aprel döyüşlərindən sonra qələmə alınıb.

Hazırda Maykl Reynhard Hess Berlin və Giezen şəhər Universitetlərində türkologiya kafedrasında çalışır. O, Azərbaycan, Türkiyə, özbək, başqırd və tatar türkcələrini bilir. 

- Cənab Reynhard, necə oldu ki, Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi haqqında araşdırmalara başladınız?

- İstanbulda olarkǝn Nəsimi yaradıcılığı ilə bağlı mǝqalǝ yazmaq üçün İngiltǝrǝdǝn tǝklif gǝlmişdi. O mǝqalǝni yazmaq, Nəsimini öyrənmək üçün zaman lazım idi və onu araşdırdım, nəticədə, bu barədə məqalə yazdım. Sonradan doktorluq işimə görə Avropa üçün az tanınan bu şəxsiyyət haqqında araşdırma apardım. Beləcə, Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixində mühüm yeri olan Nəsimi haqqında doktorluq işimi yazmağa başladım.

- Sizcə, Nəsimi poeziyasında nəyi aşılamaq istəyirdi, onun təliminin əsas məqsədi nə idi?

- Nəsiminin əqidəsi uğrunda həlak olması barədə müxtəlif fikirlər var. Bunu dəqiq deyə bilmərəm. Amma bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Mǝsǝlǝn, Nǝsiminin hǝyatı barǝdǝ ǝn tǝfǝrrüatlı mǝlumat verǝn tarixçilǝrdǝn biri Hǝlǝbdǝ yaşamış Sibt ǝl-Әcǝmi (ölümü 1480-dǝn ǝvvǝl) “Künuz ǝz-zǝhǝb” adlı ǝsǝrindǝ yazır ki, Nǝsimi mǝhkǝmǝdǝ olarkǝn ittiham edilmǝsinǝ sǝbǝb olan sözlǝrin “onun tǝrǝfindǝn deyildiyini inkar edib” (nǝfa ma qilǝ ǝnhu). Buna baxmayaraq, sonra edam olunub.

Nǝsimi çox incǝ ruhlu insan olub. Şeirlǝrində insan vǝ Allah arasındakı münasibǝt barǝdǝ danışıb. “Mǝscud” (yǝni Allah) vǝ “sacid”in (yǝni insanın) “vahid” (bir) olduğunu yazıb. Bu, tǝbii, günümüzdǝ olduğu kimi, o vaxt da şǝriǝtçilǝrin, dini tǝǝssübkeşlǝrin və ələlxüsus dini siyasǝt alǝtinǝ çevirmək istəyənlərin xoşuna gǝlmǝyib.

Mǝncə, Nǝsimi hǝqiqi dinin vǝ insanlığın arasında fǝrqin qalmadığına inanıb. Bu, nikbinlik və güc mənbəyini ilham edǝn ǝqidǝdir. Bǝlkǝ, onun şeirinin gözǝlliyinin, uca qüvvǝsinin bir mǝnbǝyi dǝ bundadır. Baxın, Nǝsimini “kafir” deyǝ lǝnǝtlǝyǝn, yǝni onun qǝti düşmǝnlǝrindǝn olan Sibt ǝl-Әcǝmi belǝ “onun incǝ şeirlǝri var” (lǝhu şi´r rǝqiq) deyǝ bildirib.

Yǝni şeirlǝri o qǝdǝr güclü idi ki, düşmənlǝri belǝ qüvvǝsini etiraf edir... Nəticə etibarilə, Nəsimini alman ədəbiyyatının görkəmli nümayəndəsi Şillerlə müqayisə edərdim. Çünki onun kimi, öz düşüncələri, inandığı əqidəsi uğrunda hər çətinliyi, maneəni gözə alan şəxsiyyətdir.

- Sovet dövründə Azərbaycan oxucusuna Nəsimi daha çox anti-İslam düşüncələrə malik olan, buna görə də öldürülən şair kimi tanıdılırdı. Amma sonradan məlum oldu ki, Nəsimi heç də dinə, inanclara qarşı deyilmiş. O, hətta Seyyid Əli, Seyyid Hüseyni təxəllüsləri ilə şeirlər yazıb. Araşdırmalarınızda Nəsiminin dini dünyagörüşü haqqında hansı qənaətə gəlmisiniz?

- Nǝsiminin, demǝk olar ki, əksər şeirlǝrindǝ “Quran”, hǝdislǝr kimi islami mövzulardan sitatlar var. Bu baxımdan, “şeirlǝri anti-İslam” idi deyilməsi düzgün deyil, çünki hǝr qǝzǝlindǝ İslam ǝnǝnǝsindǝn nümunələr var. Lakin Nǝsimi “İslam”ının haradan başlayıb harada bitdiyini söylǝmǝk, mǝncǝ, o qǝdǝr asan iş deyil. Ümumiyyǝtlǝ, Nǝsimi şeiriyyəti xaricində də bu çǝtin problemdir. Asan iş olsaydı, İslam dünyasında şiə-sünni fǝrqi, bu qǝdǝr mǝzhǝb, sǝs-küylü mübarizǝlər olmazdı.

Әlavǝ olaraq, Nǝsiminin bu misrasına qulaq asın: “Aşiq qatında İslam ilǝ küfr birdir”. İndi “İslam” ilǝ “küfr” bir olsa, bǝs harada “İslam”, harada “küfr” olsun? Bu yerdǝ bir dǝ görǝ bilirik ki, Nǝsimi fövqǝl incǝ, dǝrin fikirli şairdir. Onun fikirlǝrini, mǝncǝ, sadǝcǝ olaraq “hǝ”-“yox”, “İslam”-“anti-İslam”, “İslam”-“küfr” kimi ikili ziddiyyǝtlǝrǝ döndǝrmǝk yanlış nəticələrə gətirib çıxarar.

- Nəsiminin poeziyasının ideya və aspektləri Avropa klassik və müasir fəlsəfi fikrində təxminən hansı cərəyanla uzlaşa bilir?

- Nǝsiminin ustadı olan Fǝzlullah Astrabadinin (Nəimi) (1340-1394) fikirlǝrinin bir mǝnbǝyi Mövlanə Cəlaləddin Rumidir (1203-1270). Rumi isǝ İbn ǝl-Әrǝbinin (1165-1240) sufiliyindǝn tǝsirlənib․ Şǝrqşünaslar bizǝ İbn ǝl-Әrǝbinin dǝ Plotindǝn (203-270) ilham aldığını deyir.

Ümumiyyǝtlǝ, İslam sufiliyinin vǝ Avropa fǝlsǝfǝsinin birbaşa münasibǝti var. XIV ǝsrin əvvəllərinədək Avropa ilǝ İslam ölkǝlǝrinin mǝdǝniyyǝt sahəsinda çox dǝrin vǝ zǝngin münasibǝtlǝr olub. Üstǝlik, Avropada da orta ǝsrlǝrdǝ hürufiliyǝ bǝnzǝyǝn vǝ onunla ortaq mǝnbǝlǝri olan cǝrǝyanlar olub, mǝsǝlǝn, Qabbala.

- Nəsimi fəlsəfəsində bu gün akademik çevrələrdə qəbul olunan elmi tezislərə hər hansı bir işarə var? Məsələn,
“Ay ilə, Günəş yerin heyranıdır,
zülf ilə ənbər saçın tərxanıdır, 
çün Nəsimi dünyanın sultanıdır, 
dövr onun, dövran onun dövranıdır”.

Burada tutaq ki, hər hansı astronomik qeydlər ola bilərmi?

- Bəlkə də, ola bilǝr, çünki Nəsimi poeziyası, fəlsəfəsi çox dərindir. Lakin bu sahə ilə - astronom bağlantıları barədə bir şey deməyim çətindir.

- “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlində iki cahan və ya “gövhəri laməkan mənəm, kövnü məkana sığmazam” deməklə Nəsimi hansısa bizə məlum olmayan dünyanı, özünü və ya məchul qüvvəni nəzərdə tutur?

- Nǝsimi bizǝ necǝ başa düşmǝk lazım olduğunu izah etmədiyindən bu cür misralara şəxsi gǝtirmǝyǝ ehtiyacımız var. Hǝr halda, bu cür misraların vǝ qǝzǝllǝrin dərin mǝnası var. “Mǝn” ilǝ kimi göstǝrdiyini dəqiq demək çətindir. Bu mən Allahdırmı, insandırmı? Yuxarıda insan mǝninin vǝ Allahın “vahid” olduğunu oxumuşuq, bǝs ikisi dǝ ola bilǝrmi? Vǝ ya bəlkə, heç biridir, nə budur, nə o. “Məndə sığar iki cahan...” qǝzǝlini mǝn elǝ başa düşürǝm ki, azı bizim görǝ bilmədiyimiz “dünya”dan söhbət gedir, ikinci bir cahandan. Mǝnǝ elǝ gǝlir ki, Nǝsimi ikinci dünya barǝdǝ danışır.

- Nəsiminin edamı ilə bağlı yanaşmalarınız maraqlıdır. Çünki bəzi alimlər onun edam olunmadığını deyirlər. Həm də başqa Nəsimi adlı şairlərin olduğu və gerçək İmadəddin Nəsimi ilə səhv salınması barədə eşidirik...

- Mǝn tǝkcǝ tarixi mǝnbǝlǝrǝ baxa bilǝrəm. Mǝsǝlǝn, Sibt ǝl-Әcǝmi Nǝsiminin edam olunduğunu aydın-aşkar bütün tǝfǝrrüatlarla yazır. Çağdaş nǝsimişünasların çoxu da Nǝsiminin edamını fakt kimi göstǝrirlər. Digǝr Nǝsimilǝrǝ gǝlincǝ, onları İmadǝddin Seyyid Әli Nǝsimi ilə dəyişik salmaq olmaz. Necə ki, Şirvanşah İbrahimi Osmanlı sultanı İbrahimlǝ...

- Son olaraq, Nəsimi haqqında elmi sferada daha nə kimi planlarınızın olduğunu bilmək maraqlıdır...

- 2019-cu ilin “Nǝsimi ili” elan olunması münasibǝtilǝ bu böyük mütəfəkkir barǝdǝ geniş məzmunlu elmi mǝqalǝ vǝ ya kitab nǝşr etdirməyi planlaşdırıram.

Anar TURAN

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri