28 
May
2019
13:35
165
37
3735
Virtual karabakh

“Yüksəl, Ey Azərbaycan” musiqi albomunun təqdimatı oldu - FOTO/VİDEO

28 May, 2019
13:35
3735

“Yüksəl, Ey Azərbaycan” musiqi albomunun təqdimatı oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

27 May 2019-cu il tarixində Azərbaycan Milli Konservatoriyasının (AMK) konsert zalında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Expressbank”ın tərəfdaşlığı ilə 2018-ci ilin dekabrında start verilmiş layihə çərçivəsində hazırlanmış Musiqi Albomunun təqdimat mərasimi keçirilib.

Prezident təqaüdçüsü, beynəlxalq festival laureatı, AMK-nın doktorantı Leyla Muradzadə tərəfindən hazırlanan albomda musiqi və qeyri-musiqi ixtisaslı kollektivlərin ifalarından ibarət 12 mahnı cəmlənib.

Burada Uşaq Xor Kapellası, Azərbaycan Milli Konservatoriyası, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası , Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə xorları, 23 və 35 saylı musiqi məktəblərinin xor kollektivləri, birləşmiş xor, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı Respublika xüsusi internat məktəbinin şagirdlərinin ifaları yer alıb.

Layihə rəhbəri Leyla Muradzadə çıxış edərək layihənin yaranma ideyası haqqında təqdimat iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra Azərbaycan Gənclər Fondunun şöbə müdiri Orxan Ərəbov, “Expressbank ASC”-nin nümayəndəsi Şəbnəm Hümbətova layihə barədə öz fikirlərini səsləndiriblər.

Tədbirdə Gənclər və İdman nazirinin müavinləri İntiqam Babayev,Fərhad Hacıyev, Milli Konservatoriyanin rektoru Siyavuş Kərimi, digər rəsmi qonaqlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Bir saat davam edən təqdimat mərasimində rəsmi hissədən sonra albomda yer alan dörd mahnı səsləndirilib.

Məlumat üçün qeyd edək ki, beş ay ərzində davam edən “Yüksəl, ey Azərbaycan” layihəsində ümumilikdə 250-dək uşaq və gənc iştirak edib. Layihənin məqsədi uşaq və gənclər arasında xor musiqisini təbliğ etmək, onların kollektiv ifa bacarıqlarını inkişaf etdirmək, eyni zamanda, vətənpərvərlik ruhunda tərbiyəsinə təsir göstərməkdir. Xüsusi olaraq qeyd etmək istərdik ki, layihəyə fiziki qüsurlu uşaqların cəlb olunması onların fəallığının artırılması və musiqi potensialının üzə çıxarılması ilə nəticələnib.

Layihə üçün xüsusi işlənmiş,onunla eyniadlı “Yüksəl, Ey Azərbaycan” mahnısı Bakı Musiqi Akademiyası və 23 saylı musiqi məktəbinin birləşmiş xor kollektivi tərəfindən ifa edilib. Mahnının sözləri Anar Məmmdəov, Musiqisi Rəna Qədimova, aranjimanı Etibar Əsədliyə
məxsusdur.

Tədbirin sonunda çıxış edən AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi layihə rəhbəri Leyla Muradzadəni təbrik edib, Azərbaycan xor musiqisinin inkişafı üçün belə layihələrin vacibliyini vurğulayıb.

Yekunda sosial layihələrə öz dəstəyi ilə fərqlənən “Expressbank ASC” tərəfindən uşaqlara hədiyyələr paylanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri