30 
İyl
2019
15:36
82
260
6536
Virtual karabakh

Biz dinləmiriksə, bəs Üzeyirə, Damlaya qulaq asan milyonlar kimdir? - “Günahkar” axtarışında

Son illər mahnı yaradıcılığı sahəsində ciddi böhran, qarşısıalınmaz problem yaranmağa başlayıb. Bu, o həddə çatıb ki, hər yerdə bayağı mahnılar səslənir. 

Gənclər, hətta azyaşlı uşaqlar belə sosial şəbəkələrdə bu cür musiqilərin sədaları altında oynadıqları videoları paylaşırlar. Müğənnilər, sanki bu cür mahnılar üçün rəqabətə çıxır. Toylarda da insanlar bu mahnıların sədaları altında fəxrlə rəqs edirlər. Bununla da heç bir məna daşımayan - söz yığınından və notlardan ibarət olan mahnılar musiqi mədəniyyətimizə daxil olur.

Cəmiyyətdə kimə yaxınlaşırsansa, bayağı musiqi dinləmədiyini, az qala, həmin mahnıları oxuyanları tanımadığını deyir. Lakin “Youtube” göstəriciləri bunun tam əksini göstərir.

Məsələn, bayağı musiqiləri ilə dünyada məşhurlarmış gənc müğənni Üzeyir Mehdizadə: “Youtube”da “Yaxşı olar” klipinə 93 milyon baxış gəlib. Bəs biz baxmırıqsa, dinləmiriksə, bu milyonlarla baxış haradan gəlib?

Götürək son vaxtlar pərəstişkarlarının uğrunda canından keçməyə hazır olduqları Damlanı. “Sevmişdim” adlı klipinə 10 milyon baxış toplanıb. 10 milyonluq xalq olaraq hərəyə bir dəfə baxsaq, Damla bütün ölkədə məşhurdur, hərəmiz azı bir dəfə onu dinləmişik deyə bilə bilərik. Bu və ya digər şəkildə: taksidə, avtobusda, yanımızdan keçən hər hansı avtomobildə...

Məsələ ilə bağlı Oxu.Az-a danışan bəstəkar, əməkdar artist Gövhər Həsənzadə hazırda hökm sürən bayağılığın təbliğində telekanalların günahkar olduğunu deyib:

“Bayağı musiqilərin artmasının səbəbi onun təbliği ilə bağlıdır. Vətəndaşlar uşaqlıq yaşından eşitdiyi mahnıların ruhunda böyüyür. Zövqü də bununla formalaşır. Bayağı musiqi öz-özündən, göbələk kimi yağışdan sonra bitmir. Onu gündəmə gətirib efirlərə daşıyanlar kimdirsə, Azərbaycan mədəniyyətinə, incəsənətinə ziyan vuran insanlar da onlardır. Bilmirəm ki, onlar hansı məzhəbə qulluq edirlər. Amma bayağı musiqilərin telekanallarda və radio dalğalarında nə işi var ki, onu da dinləsinlər?!

Ümumiyyətlə, bayağı musiqi oxuyan adam gedib hamının qapısını döyüb bir-bir disk paylamır. Milyonlarla insan bayağı musiqidən haradan xəbər tutur? Əlbəttə ki, telekanallara baxır və internetdə görür”. 

Gövhər Həsənzadə əlavə edib ki, məhz sözügedən çirkabı, bayağılığı təbliğ və bəzi insanları zombiləşdirmək üçün sosial şəbəkələrdən istifadə olunur:

“Lakin kanallar həmin mahnılarla bağlı hər hansı anons, ipucu verməsə, insanlar gedib sosial şəbəkələrdə, “Youtube”da onları axtarmaz”. 

Əməkdar artist televiziyalarda yaradılan Bədii Şuraların bu özbaşınalıqlara son qoyacağına ümidlidir:

“İnanıram ki, yeni sezondan telekanallarda yaradılan Bədii Şuralar yavaş-yavaş öz fərqini və təsirini efirdə göstərəcək. Çünki bu özbaşınalıq baş alıb gedə bilməz. Dünya ağlını o qədər itirməyib ki, hər gün inkişafın getdiyi bir zamanda insanlar avamlığa və ya cahilliyə getsin. Bu, ötəri boşluqdan istifadə olunan hay-küydür. Ələnəcək. Əminliklə deyirəm ki, bu belə davam etməyəcək”.   

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu isə bu məsələyə bircə cümlə ilə cavab verib:

“Cəmiyyətimizin səviyyəsi nədirsə, onların da zövqü odur”. 

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri