Sen
2019
16:31
162
37
5903
Virtual karabakh

Qafqazda ən qədim kilsə, erməni kilsəsinə getməyib evdə dua edən udinlər - REPORTAJ

4 Sen, 2019
16:31
5903

Qafqazda ən qədim kilsə, erməni kilsəsinə getməyib evdə dua edən udinlər - REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələnin Nic qəsəbəsi - hazırda əsli-kökü Qafqaz albanlarına gedib çatan xristian udinlərin yaşadığı yeganə məkan.

Sentyabrın 1-də Azərbaycan Turizm Assosiasiyası (AzTA) tərəfindən təşkil olunmuş tur sayəsində qəsəbəni ziyarət edən Oxu.Az-ın müxbiri maraqlı qeydlərini oxuculara təqdim edir.

Qəbələ rayonunun ən böyük yaşayış məntəqəsi, təxminən 100 kvadrat kilometr ərazisi olan Nic rayon mərkəzindən 20 kilometr cənub-qərbdə yerləşir. Statistik məlumatlara görə, ümumi sayı təqribən 10 min nəfər olan udindən (udi) dörd mini Nic qəsəbəsində yaşayır.

Udinlər Nax-Dağıstan ailəsinin ləzgi qrupuna aiddirlər, udi dilində danışır və Qafqaz Albaniyasının digər xalqlarının da istifadə etdiyi qədim yazıya malikdirlər.

Ləzgilər, arçinlər, buduxlar, qrızlar, aqullar, rutullar, tabasaranlar, xınalıqlar, saxurlar udinlərlə qohum xalqlardır. Udinlər Qafqaz Albaniyasının təməlini qoyan 26 alban tayfasından biridir. Hazırda Qəbələ və Oğuz rayonlarında məskunlaşıblar.

Nic qəsəbəsinə tur əbəs yerə təşkil olunmayıb. Azərbaycanın bu nöqtəsi bir çox turistləri, xüsusən də avropalıları cəlb edir. Kənd sakinləri çox sayda qədim abidələri qoruyub saxlaya biliblər.

Bu, bir daha onu göstərir ki, Qafqaz Albaniyasının qanuni varisi Ermənistan yox, məhz müasir Azərbaycandır.

Heç kəsə sirr deyil ki, Ermənistan tarixi faktları saxtalaşdırmağa və Qafqaz Albaniyası irsini mənimsəməyə çalışır. Ermənilər iddia edirlər ki, Azərbaycan ərazisindəki bütün xristian məbədləri nə vaxtsa erməni-qriqoryan kilsəsinin nümayəndələrinə məxsus olub. Lakin bu yalana yalnız nadanlar inana bilər.

Həqiqət isə bundan ibarətdir ki, hazırda Azərbaycan udinləri özlərini və dinlərini qoruyub saxlaya biliblər.

Bakı Dövlət Universitetinin elmi tədqiqat laboratoriyasının baş elmi əməkdaşı, "Udincə-azərbaycanca-rusca lüğət"in müəllifi, Alban-udi xristian icmasının sədri, Azərbaycanda Alban kilsəsinin dirçəlişində rolu olan Robert Mobili Oxu.Az-a bildirib ki, gözlənilməz dəyişikliklərə və kataklizmlərə baxmayaraq, udinlər Azərbaycanın əzəldən çoxdinli və çoxmillətli ölkə olması sayəsində özünəməxsusluqlarını qoruyub saxlamağı bacarıblar.

"Azərbaycan ərazisində 20-dən çox etnos yaşayır. Udinlər Qafqaz albanlarının və Alban kilsəsinin bilavasitə qanuni varisi kimi günümüzədək gəlib çatıblar. Alban kilsəsi apostol kilsəsidir. Burada xristianlıq eramızın birinci əsrində apostol Yelisey tərəfindən yayılıb. Nic qəsəbəsində Müqəddəs Yelisey məbədi (Çotari) Qafqazda ən qədim kilsədir", - deyə icma qeyd edib.

Onun sözlərinə görə, müasir şimali Azərbaycan ərazisində artıq 313-314-cü illərdə xristianlıq dövlət dini olub – bu faktı tarixi sənədlər təsdiq edir. Alban çarı Urnayr Roma İmperiyası ilə eyni vaxtda xristianlığı qəbul edib. Həmin dövrdə Roma imperatoru I Böyük Konstantin xaç suyuna salınaraq xristianlığa yaşıl işıq vermişdi.

Məhz 313-cü ildə Azərbaycanın şimalında xristianlıq özünə yer tapıb və bu proses faktiki olaraq 1836-cı ilə qədər davam edib.

XIX əsrdə Çar Rusiyası Qafqazı ələ keçirib və 1836-cı ildə Alban kilsəsini erməni-qriqoryan kilsəsinə təhvil verərək sıradan çıxarıb. Onun tarixinə aid olan bütün sənədlər Ermənistana göndərilib.

"Çətin dövr başlamışdı, xristian dindarlar erməni dilində dua etməyə məcbur edilirdi. Bu səbəbdən bir çox Qafqaz xalqları, həmçinin udinlərin bir qismi erməni xristianlığına qarışıb. VI əsrdən erməni-qriqoryan kilsəsi avtokefal Alban kilsəsini zorla özünə tabe etməyə çalışıb. Alban xristianlarının aktiv deetnoslaşdırılma və erməniləşdirilməsi prosesi başlandı. Nəticədə Dağlıq Qarabağ zonasında onlar öz dil və mədəniyyətlərini tamamilə əldən verdilər. Qəbələ və Oğuz zonalarında udinlər yad kilsənin güclü təsirinə məruz qalsalar da, özünəməxsusluqlarını və doğma dillərini indiyədək qoruyub saxlaya biliblər. Qəbələ udinləri çıxış yolu kimi kilsədən imtina edib evdə dua etməyə başladılar", - deyə R.Mobili bildirib.

Keşiş Davidin evi

Keşiş Davidin evi udinlərin erməni-qriqoryan kilsəsinə qarşı etirazının bariz nümunəsidir.

Bu ev xalqının tarixini qorumaq fikrinə düşən Qanqalovlar ailəsinə məxsusdur.

"Keşiş David erməni kilsəsinə getməkdən imtina edərək evdə dua etməyə başlayıb və bununla digərlərinə də örnək olub. Dindarlar onun evinə gəlirdi. Bu, çox ağıllı bir qərar olub.

Udinlər faktiki olaraq 180 ildən çox müddətdə öz mənəvi dəyərlərindən uzaq düşüblər. Azərbaycan müstəqillik əldə etdikdən sonra burada Alban kilsəsinin bərpası üçün çox gözəl şərait yaradılmışdı. Udinlər Müqəddəs Yelisey məbədinin (Çotari) bərpasına başladılar.

Udinlər Xristian Alban kilsəsinin qanuni varisidir. İndi biz Azərbaycan ərazisində öz xristian abidələrimizi qoruya bilərik. Onların sayı az deyil. Təəssüf ki, ermənilər Alban kilsələrindən istifadə edərək Dağlıq Qarabağı öz ikinci "vətənləri" ediblər. Lakin indi biz Azərbaycan üçün tarixi ədalətə nail olmalıyıq", - R.Mobili vurğulayıb.

Bu arada, keşiş Davidin evinin təxminən 250 yaşı var. Artıq 20 ildir ki, burada kimsə yaşamır. Bir il əvvəl Qanqalov ailəsi əcdadlarının mum fiqurlarını sifariş edərək evi muzeyə çeviriblər. Hazırda hər kəs buranı pulsuz ziyarət edib udinlərin yaşayışı ilə tanış ola bilər.

Bu evdə keşiş Daviddən başqa, onun nəvəsi bərbər Volodya Qanqalov da yaşayıb. Kənddə salon olmayıb, ona görə də yerli sakinlər saç kəsdirmək üçün Volodyanın yanına gəliblər. Volodyanın bacısı Zoya Qanqalova isə kənddə tanınmış dərzi olub. Onların da mum fiqurları muzeyi bəzəyir.

Muzeydə keşiş Davidin ibadət otağı da saxlanılıb. Onun qapıları alban xaçları ilə bəzədilib. İkona və müqəddəs yazılara da toxunulmayıb.

Evdən qədimilik qoxusu gəlir. Bu qoxu bizi nənələrimizin kənd evində keçirdiyimiz uşaqlığımıza qaytarır.

Qeyd edək ki, ermənilər Azərbaycanın alban xaçlarını dəfələrlə "erməni xaçkarları" adı ilə YUNESKO-un siyahısına daxil etməyə çalışıblar. Azərbaycan ermənilərin faktları təhrif etməsinə artıq alışıb. Ermənistan hələ Qafqaz Albaniyasından öncəki dövrdə də burada mövcud olduğunu əsassız olaraq iddia edir.

"Vikipediya" da Qafqaz Albaniyası ilə həmsərhəd olan uydurma "Böyük Ermənistan"ın təhrif olunmuş xəritəsini göstərir. Bax buna görə "Vikipediya"nın məlumatlarına çox da etibar etmək olmaz.

Robert Mobilinin sözlərinə görə, alban xaçı erməni-qriqoryan xaçından fərqlənir. Arxeoloji qazıntıların materialları göstərir ki, Albaniya ərazisində qədim xaç təsvirləri olub. Onlar odu, yaxud əhalinin mistik təsəvvürlərinə əsasən, ilahi "xilaskar"ı simvolizə edib.

V əsrdən başlayaraq Qafqaz Albaniyasının katakomba qəbirlərinin divarlarında xristianlığa aid xaçların təsvirinə rast gəlmək olar. Yazılı mənbələrə əsasən, keşişlər və xristian dininin digər xadimləri bütpərəstlərin qurbangahlarında, eləcə də gələcəkdə kilsə və monastırların tikilməsi nəzərdə tutulan yerlərdə taxta xaçlar quraşdırıblar. Beləliklə, Albaniyada xristianlıq yayıldıqca "qədimi bütpərəst işarəsi olan xaç" İsa Məsihin simvoluna çevrilir.

Qeyd edək ki, erkən alban xristian xaçları öz formasına görə xristianlığaqədərki qədim xaçlardan fərqlənib. Onlar bərabər tərəfli dördbucaq şəklində olub. Lakin daşların üzərində təsvir olunan xaçların tərəfləri uclarına doğru tədricən uzanmağa başlayıb. Erkən xristian xaçları metal, daş, katakomba divarları, eləcə də bir çox məişət əşyalarının üzərində yonulub. Onların əksəriyyəti daş üzərindədir. Xaçlar tək formalarına görə deyil, üzərindəki müxtəlif təsvirlərə görə də böyük elmi maraq doğurur.

Albaniyada tapılan xaçları üç fərqli qrupa ayırmaq olar: 1) bərabərtərəfli xaçlar; 2) yarımdairəvi uclu və uzun xətli xaçlar; 3) ucları üçləçəkli olan xaçlar.

Üçüncü qrupun xaçlarını Müqəddəs Yelisey məbədindəki məzar daşlarının üzərində gördük. Birinci və ikinci qrupdan olan xaçlar isə udinlərin evlərini və məişət əşyalarını bəzəyir.

"Qəbirlərdə 8 xaç təsvir olunub. 8 rəqəminin udinlər üçün xüsusi mənası var. Cümə axşamları da udinlər üçün xüsusi əhəmiyyətə malikdir. Udinlər cümə axşamı görülən bütün işlərin uğurlu olacağına inanırlar. 2006-cı ildə "Çotari" Alban kilsəsinin bərpadan sonra təntənəli açılışı olub. Nic sakinləri 180 il sonra ilk dəfə öz məbədlərinə ayaq basa biliblər", - deyə alim qeyd edib.

Nic qəsəbəsində udinlərin digər məbədləri də günümüzədək qorunub. Onların arasında XVI-XVII əsrə aid "Bulum" və XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid "Mavi kilsə"ni çəkmək olar. Bu kilsələr də "qriqoryanlaşdırılma" cəhdlərinə məruz qalıb və hazırda işləmir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri