30 
Sen
2019
15:51
101
75
4375
Virtual karabakh

Əliqismət Lalayev: Teatra maraq əvvəlkindən daha çoxdur - MÜSAHİBƏ

30 Sen, 2019
15:51
4375

Əliqismət Lalayev: Teatra maraq əvvəlkindən daha çoxdur - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Dövlət Musiqili Teatrına “Akademik” statusu verilib. Onsuz da hər zaman tamaşaları ilə bizi sevindirən teatr bununla yeni mərhələyə qədəm basıb.

Teatrın direktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Oxu.Az-a müsahibəsində sərəncamdan ötən yarım il ərzində nələrin baş verdiyindən və yeni mövsümdə tamaşaçıların görüşünə nə ilə gəldiklərindən danışıb:

- Bir neçə ay bundan əvvəl Prezident İlham Əliyev sizin teatra “Akademik” statusu verdi. Bu, teatra hansı imtiyazları qazandırır? 

- Teatrımıza “Akademik” statusunun verilməsi ötən mövsümün ən böyük uğuru oldu. Status elə bir mövqedir ki, bu, bizim istər yaradıcılığımıza, istər tamaşaçılara verdiyimiz yüksək əhval-ruhiyyəyə müsbət təsir göstərir.

Statusun alınması aktyorların sosial statusunun dəyişdirilməsinə, maaşlarının artmasına gətirib çıxarıb. Amma əvəzində bu ad bizdən daha çox məsuliyyət tələb edir ki, kollektiv də bunu gözəl anlayır.

Buna görə bizim üzərimizə olduqca çətin missiya düşüb. Biz bu teatrı yeni teatr kimi tamaşaçılara sevdirməliyik. Artıq bizdə ciddi tamaşalar qoyulur, repertuar, demək olar ki, tamamilə dəyişdirilib.

Bildiyiniz kimi, dörd ildən artıqdır ki, Musiqili Komediya Teatrı yoxdur, əvəzində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı var. Üstündən bir neçə il keçməsinə baxmayaraq, əhali tərəfindən yenə də “Musiqili Komediya Teatrı” kimi qəbul olunur. Çünki kollektiv yaddaş faktoru burada müstəsna rol oynayır.

Əvvəllər tamaşalar, əsasən, komediya janrında qoyulurdu. Teatr bununla böyük şöhrət qazanmışdı. Teatrın ən gözəl vaxtları Şəmsi Bədəlbəylinin rəhbərliyi altında fəaliyyət göstərdiyi dövr olub. O, tamaşaları o qədər yüksək səviyyəyə çatdırıb ki, yaşlı nəslin yaddaşında qala bilib.

Azərbaycan teatr sənətinin bir çox aktyoru məhz bu səhnədə tanınıb, seviliblər: Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Siyavuş Aslan kimi korifeylər burada işləyib. 

- Ötən mövsüm hansı tamaşalarla yadda qaldı?

- Ötən mövsümün ən böyük uğurlarından “Balaca şahzadə” tamaşasının hazırlanmasını qeyd etmək istərdim. Tamaşanı ABŞ-da yaşayan həmyerlimiz Ruslan Ağababayev səhnəyə qoyub. Bu, dünyaca məşhur sənət əsərinə özünəməxsus baxış oldu.

Tamaşa müzikl janrında qoyulub. Rusiyadan dəvət etdiyimiz gözəl xoreoqraf Sergey Qritsay gəlib burada rəqsləri qurub. Bizim Əməkdar artistlər Leyla və Zakir Ağayevlər ona bu işdə yardımçı olub.

Ümumi layihənin rəhbəri Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva idi. Leyla xanım hətta məşqlərdə də iştirak edib və müəyyən təkliflərini verib. Tamaşa sonda çox böyük uğur qazanıb.

Aktyor kollektivi qoyulmuş tapşırığın öhdəsindən mahiranə şəkildə gələ bilib. Onların sırasında baş rolu ifa edən, prezident təqaüdçüsü, 12 yaşlı aktyorumuz Atilla Məmmədovu qeyd etmək olar. O və tamaşadakı dublyoru Rahib Məmmədzadə mövsümün sonunda ən yaxşı uşaq rolunun ifaçısı kimi mükafatlandırılıblar.

Bu, bir ənənə şəklini alıb. Mövsümün sonunda ən yaxşı işçilərimiz mükafatlandırılır. Belə ki, “Balaca şahzadə” tamaşası üzərində işləyən rejissor, Azərbaycanın Xalq artisti Cənnət Səlimova və rəssam Məryəm Ələkbərli mükafatlara layiq görülüblər. Bu teatrın daxili imkanları hesabına ödənilir və rəhbərlik tərəfindən təqdim olunur.

Uşaq tamaşalarını, xüsusilə “Buratino” tamaşasını qeyd etmək istərdim.

Ümumiyyətlə, ötən mövsüm bizim premyeralarda bilet tapılmırdı: bütün yerlər əvvəlcədən alınırdı. Bu, bizim üçün çox sevindirici haldır.

- Yeni mövsümdə teatr tamaşaçıları nə ilə sevindirəcək?

- Yeni mövsümdə ən böyük layihəmiz Hüqonun “Paris Notr-Dam kilsəsi” əsəri əsasında musiqili tamaşamız olacaq. Bu, bir ithafdır, yəni teatr məşhur əsərin öz versiyasını hazırlayır. Bilirsiniz ki, Paris Notr-Dam kilsəsinin yanması dünyanı lərzəyə salıb və biz tamaşanı bu hadisəyə ittihaf edirik. Tamaşanın bədii rəhbəri özüməm, rejissoru Samir Qulamov, rəssamı Vüsal Rəhimdir. Çox maraqlı bir iş alınır və düşünürəm ki, “Balaca şahzadə” kimi uğur qazanacaq.

Bundan başqa, maraqlı işlərimiz var. Səid Rüstəmovun “Beş manatlıq gəlin” tamaşası əsasında maraqlı layihə hazırlanır. Bu sənət əsəri retro-tamaşalar sırasındadır.

Respublikanın Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə “Çarəsiz sərnişinlər” əsərinin tamaşasını hazırlayır. İşlərimiz çoxdu və ildən-ilə maraqlı gəlir. 

Oktyabrda bizi gərgin iş prosesi gözləyir. Hər zaman belə olub. Gərgin iş prosesi adi bir haldır. İşlər bitəndən sonra apardığımız işlərin bəhrəsini görəndə əhval-ruhiyyəmiz də xeyli yaxşılaşır. Düşünürəm ki, bu il də uğurların bizə gətirdiyi əhval xoş olacaq.  

- Müzikl janrı mürəkkəbliyi ilə seçilir. Aktyorlar üçün tamaşada oxuyub rəqs etmək çətin deyil ki?

- Doğrudur, müzikl çətin janrdır. Amma artıq biz özümüzü “Balaca şahzadə”də sınadıq və bu mövsüm “Notr-Dam” qoyulacaq.

Musiqili teatrda çalışan səsli aktyorlardır və elə məhz buna görə bizim teatrda çalışırlar. Aktyor olaraq onlar tamaşalarda həm rol oynayır, həm oxuyur, həm də rəqs edirlər.

Digər dramatik teatrlardan fərqimiz də elə bundadır. Buna görə kimisə qıraqdan dəvət etmək məcburiyyətində deyilik.

Beynəlxalq təcrübədən də istifadə edirik və yararlanırıq. Əlaqələr möhkəmləndikcə təcrübə də artır.

- Yeri gəlmişkən, qastrollara tez-tez gedirsiniz?

- Qastrol səfərləri artıq ənənəvi hal alıb. Sonunculardan Gürcüstandakı uğurlu səfərimizi qeyd edə bilərəm. Böyük tamaşalar aparmaq xeyli maliyyə vəsaiti tələb edir. Ona görə biz müxtəlif tamaşalardan ibarət konsert proqramları təşkil edirik. Və bu konsertlərdən biri də Gürcüstanda, azərbaycanlılar yaşayan bölgələrdə keçib.

Aktyorlarımız mütəmadi olaraq Rusiyanın Novosobirsk, Yekaterinburq şəhərlərində keçirilən tədbirlərdə iştirak ediblər, Ukrayna və Belarusda olublar.

İranda Azərbaycan mədəniyyəti günləri çərçivəsində qastrol səfərində olmuşuq. Azərbaycan teatrının 145 illiyi ərəfəsində okeanın o tayında - Amerika Birləşmiş Ştatlarında qastrolda olmuşuq.

Xarici əlaqələrimiz çoxdur, aktyor mübadiləsi davam edir. Məsələn, ötən il İranın Təbriz şəhərindən gələn aktyor Saqi Nəcat “999-cu gecə” tamaşasında şah rolunda çıxış etdi.

- Siz məşhur korifeylərimizin adını çəkdiniz, tamaşaçıların onların adlarına görə gəldiyini bildirdiniz. İndi adlara görə gələn var?

- Əlbəttə. Bu, təbii haldır. Afaq Bəşırqızı, İlham Namiq Kamal, Çingiz Əhmədovun adına görə gəlirlər.

Amma gənc aktyorlar da rəğbət qazana biliblər. Ülviyyə Əliyeva, Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, Gülnar Əzimova, Əmrah Dadaşov - bu adamlar daim serial və kinolarda çəkilirlər. Bu səbəbdən kütləvi auditoriyanın sevgisini qazana biliblər.

Tam məsuliyyətlə deyə bilərəm ki, hazırda ən çox seriallarda çəkilən aktyorlar Akademik Musiqili Teatrın aktyorlarıdır.

- Belə iş qrafiki aktyorların teatrdakı fəaliyyətinə mane olmur ki? Bəlkə, hansısa xoşagəlməz fəsadlar yaranır?

- Biz üç aylıq repertuar planını əvvəlcədən hazırlayırıq və aktyor hansı günlərin boş olduğunu bilir. Bununla da o, teatrdan qıraqda fəaliyyətlə məşğul olmaq şansı qazanır. Onların seriallara çəkilmələri işə mane olmur.

Teatr heç vaxt öz aktyorlarını kino və televiziyaya qısqanmır. Əksinə, bizim üçün bu, çox qürurverici haldır. Həmçinin, tanınmış insanların tamaşalarına daha çox insan gəlir. 

- Deyirlər ki, insanlar daha teatra gəlmir. Bu, nə dərəcədə doğru fikirdir?

- Xeyr, mən bu fikirlə razı deyiləm. Bu, ağızdan-ağıza ötürülən boş bir fikirdir. Teatr hər zaman dolu ola bilməz, hətta ən məşhur sənət ocaqlarında belə. Ən gözəl teatr həyatını Gürcüstanda görmüşəm. Ancaq məşhur tamaşalardan birinə gedəndə gördük ki, zalın yarısı boşdur. Belə də olur.

Teatrda digər incəsənət növlərində olduğu kimi, hər bir iş şedevr ola bilməz. Bizdə aşağı, orta, yüksək pillələr var. Yaradıcılığın zirvəsi yoxdur, bu, bir prosesdir.  

Mən uzun müddət Mədəniyyət Nazirliyində çalışmışam və bu dövrdə teatrlar mənim nəzarətimdə olub. Ona görə, ümumiyyətlə, teatr sənətində nə baş verdiyini gözəl bilirəm.

Onu deyə bilərəm ki, indi teatrlara insan axını əvvəlki vaxtlardan daha çoxdur. İstirahət və bayram günləri biz iki tamaşa – günorta və axşam göstəririk ki, daha çox auditoriyanı əhatə edə bilək.

Siz zalda anşlaq görməyə də bilərsiniz. Amma bu o demək deyil ki tamaşaçı teatra gəlmir.

Teatr həmişə var, olub və olacaq da. O vaxta qədər ki, teatra heç olmasa iki adam gələcək, səhnədə onlar üçün heç olmasa bir nəfər də olsa, oynayacaq və teatr da yaşayacaq.

Teatr cəmiyyətin güzgüsüdür. Cəmiyyətdə hansı proseslər cərəyan edirsə, bu, teatra da öz təsirini göstərir. Cəmiyyətimiz gözəl yaşayır, insanlarımız gözəl dolanırlar, həyat şəraiti yaxşılaşır, bu da teatrda özünü göstərir. Cənab Prezidentimizin göstərişi ilə təmir olunan teatr binası da əhali üçün, gələcək nəsillər üçün edilib.

Bizim binada cox gözəl şərait yaradılıb və bunu həm yerli aktyorlar, həm də qonaqlarımız qeyd edirlər. Estetik nöqteyi-nəzərdən də binanın özündə bir gözəllik var. Teatra girəndə elə bir auraya daxil olursan ki, özünü onun bir hissəsi kimi hiss edirsən.

Namiq Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri