24 
Okt
2019
10:22
54
15
3795
Virtual karabakh

Cavid-137: “Faciə otağı”, arxasında gizlənərək qız bəyənilən sandıq, dondurulmuş zaman - REPORTAJ

24 Okt, 2019
10:22
3795

Cavid-137: “Faciə otağı”, arxasında gizlənərək qız bəyənilən sandıq, dondurulmuş zaman - REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Stalin repressiyasının qurbanlarından olan dahi şairimiz Hüseyn Cavidin anadan olmasından 137 il keçir. Bu illər ərzində onun yaradıcılığını tarixdən silməyə çalışsalar da, buna müvəffəq ola bilmədilər. Xalqımız öz Cavidini unutmadı.

Oxu.Az mütəfəkkir Hüseyn Cavidin anadan olmasının 137 illiyi münasibətilə onun Ev Muzeyindən hazırladığı reportajı təqdim edir:

Bir zamanlara Cavid ailəsinin yaşadığı mənzilin yerləşdiyi bina Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə 1898-1901-ci illərdə tikilib. Qızlar Gimnaziyası üçün tikilsə də, binanın birinci və ikinci mərtəbələri 1920-1930-cu illərdə “Darülmüəllimin giminaziyası” kimi fəaliyyət göstərib. Həmin məktəbin müəllimlərinə binanın üçüncü mərtəbəsində qalmaq üçün yer verilib. Məhz həmin illərdə Cavid də bu binada məskunlaşıb. Ədibin ailəsi bu evdə cəmi 17 il (1920-1937) yaşaya bilib.

Çoxları, bəlkə də, bu muzeyin mövcudluğundan xəbərsizdir. Amma Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun əsas binasının paytaxtın hansı istiqamətində yerləşdiyini çoxları bilir. Sizə bəhs edəcəyimiz muzey məhz bu binadadır.

Binaya daxil olub üçüncü mərtəbəyə qalxdıq. Muzeydə bizi Hüseyn Cavidin heykəli “qarşıladı”. 

Gözümüz muzeyin divarlarının bir küncündə ailəsi ilə keçirdiyi qısa, xoşbəxt günləri özündə əks etdirən fotolara sataşır. Həsrət, hüzün qoxulu mənzildə sani yarım qalmış yüzlərlə arzu, ümid var idi.

Əslində, bu binanın beş otağı Hüseyn Cavidin ev muzeyi üçün nəzərdə tutulmuşdu. 1981-ci ildə Mədəniyyət Nazirliyinin əmri ilə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və Bakı şəhərində Hüseyn Cavidin memorial muzeyinin açılması nəzərdə tutulub. Nazirliyin 1991-ci il 16 aprel tarixli əmrinə əsasən, adıçəkilən binanın beş otağı yox, yalnız bir otağı - Hüseyn Cavidin dərs keçdiyi otaq muzey üçün ayrılıb.

Əlyazmalar İnstitutunun ozamankı rəhbərliyi binanın instituta məxsus olduğunu irəli sürərək, muzeyin yaradılmasına narazılıq edib. Bütün etirazlara rəğmən, bir zamanlar Hüseyn Cavidin yazıb-yaratdığı, dərs keçdiyi kiçik otağa böyük bir dünyanı sığdırmaq mümkün olub.

Bələdçi Aytən Cəfərli bizə muzeydə qorunan 11 min 638 eksponat və onların tarixçəsi barədə qısa məlumat verir. O deyir ki, Hüseyn Cavidin ev muzeyi onun hüzünlü həyatı kimi qəmgin notlar üzərində yaradılıb:

“Burada siz Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkilləri, əsərlərinin ilk nəşrlərini, onun ailə üzvlərinə və özünə məxsus olan əşyaları, geyimlərini görə bilərsiniz. Qonaq otağından asılmış süjetli xalçaların hər biri bu ailənin acınacaqlı taleyinə işıq salır. H.Cavid bu mənzilə 1921-ci ildə (Darülmüəllimində işə başlayan zaman) köçüb. Qonaq otağının girişində Mişkinaz xanımın yağlı boya ilə çəkilən böyük portreti var.

Portreti rəssam Oqtay Sadıqzadə çəkib. Dahi şairimiz Mişkinaz xanımla 1918-ci ilin avqust ayında ailə həyatı qurub. Onların əbədi sevgisindən dünyaya gələn üç övladları – Ərtoğrol, Turan və Tomris olub. Təəssüf ki, Tomris adlı qızı hələ körpə ikən difteriya xəstəliyindən vəfat edir. Bu, ailənin ağrı-acılı günlərinin başlanğıcı olur.

Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru olan Turan Cavid (H.Cavidin qızı) həyatının sonuna qədər atasının yaradıcılığına, irsinə sahib çıxaraq, bu muzeyin üzərində çox zəhmət çəkib. 2004-cü ilə qədər Turan xanım muzeyin direktoru olub və həmin il vəfat edib”.

Mişkinaz xanım ali təhsil almamışdı. Amma H.Cavid onun yazıb-oxumağa olan həvəsini hiss edib, ona təhsil verməyə başlayır. Dərslərə başlamazdan qabaq isə Mişkinaz xanıma bunları deyir:

“Mən çox istərdim ki, qələmə aldığım hər bir sətirin ilk oxucusu sən olasan”.

O.Sadıqzadəyə məxsus olan portretin altında dahi şairin öz xanımına yazdığı kiçik məktublar asılıb.

Mişkinaz xanım Cavidli xatirələrində qeyd edir: 

“Biz 1918-ci ilin avqust ayında evləndik. Çox kiçik, xudmani toy məclisi oldu. Toydan bir-iki gün sonra Cavid mənə dedi ki, axı mən hərdənbir cızma-qara edirəm, gərək mənim ilk oxucularımdan biri də sən olasan. Mən onun oxucusu ola bilməzdim, çünki savadım yox idi. Cavid mənə dərs deməyə başladı...”

Evin ən gözəl guşəsində yerləşən rəfin üzərində bir foto diqqətimizi çəkir. Bu H.Cavidin böyük qardaşı Şeyx Məhəmmədin oğlu Tahir Rasizadə idi:

“Bu fotonun muzeyin ən gözəl guşəsində asılmasının mənası var. Çünki o dövrdə Hüseyn Cavid əsassız iddialarla ittiham olunurdu. Bu zaman, demək olar ki, onun ətrafında heç kim qalmamışdı. Xalq düşməni damğası vurulan şairə o dönəmlərdə məhz Tahir Rasizadə mənəvi dayaq olur, oun həbsdə olduğu müddətdə ailəyə köməyini əsirgəmir. Tahir Rasizadə keçmiş Baş nazir Artur Rasizadənin atasıdır. Dahi şairimizin böyük qardaşı Şeyx Məhəmməd Ulu öndər Heydər Əliyevin Azərbaycan dili və ədəbiyyat müəllimi olub”.

Muzeydəki bütün büstlər heykəltəraş Ömər Eldarova məxsusdur.

Muzeydə diqqətimizi masanın sol tərəfində, Cavidin özünə və ailəsinə məxsus şəxsi əşyaların qorunduğu şkafın yanındakı sandıq çəkir. H.Cavid bu sandığın arxasında gizlənərək, gələcək həyat yoldaşı Mikinaz xanımı bəyənib:

“H.Cavidi evləndirmək istəyiblər. Bu zaman o qəti şəkildə bildirib ki, görmədiyi heç bir qızla ailə həyatı qurmayacaq. Nəhayət, bacısı qərar gəlir ki, Mişkinaz xanımı evlərinə qonaq dəvət etsin. Bu zaman Cavid bu sandığın arxasında gizlənərək, Mişkinaz xanımı müşahidə etmək istəyir. O vaxt sandığın üzərinə yorğan-döşək yığılıb. Mişkinaz xanım birinci dəfə qonaq gələndə gözünə işıq düşən şair onu görə bilmir.

Bacısını məcbur edir ki, onu yenidən qonaq çağırsın. Mişkinaz xanım dərzi olub. Çox gözəl əl işləri hazırlayarmış. İkinci dəfə də onu məhz bu bəhanə ilə çağırırlar ki, Cavidin bacısına paltar tiksin. O evə gəlir və çadrasını açaraq gələcək baldızının ölçülərini götürməyə başlayır. Bu dəfə şair onu görür və bəyənir. Evlənməyə razılıq verir.

O dönəmdə xalq düşməni adlandırıldığı üçün H.Cavidə heç kim iş verməyib. Mişkinaz xanımın dərzi kimi fəaliyyət göstərməsi sayəsində ailə öz dolanışığını təmin edib. O vaxt onu işlədiyi fabrikdən çıxarırlar. Lakin ev şəraitində də olsa, paltar tikməyə davam edir”.

Ailənin şəxsi əşyalarının qorunduğu şkafda Mişkinaz xanımla Cavidin üzükləri, onun son dönəmlər tez-tez istifadə etdiyi geyimləri, eynəyi, üzqırxan aparatı, namaz qıldığı möhür, dərmanları və istifadə etdiyi ətirlər saxlanılır.  

Böyük sevginin yerini tutan “Faciə otağı”...

Gördüyünüz otaq vaxtilə ailənin yataq otağı olub. 

Bələdçi deyir ki, otağı Cavidin qızı Turan xanım belə adlandırıb:

“O, bu otağa Cavidin həyatını dəyişən, onu ailəsindən, yaradıcılığından ayrı salan, ömrünün baharında qaranlığa qərq edən bütün materialları toplayıb. “Faciə otağı”nın divarında rəssam O.Sadıqzadə tərəfindən çəkilən rəsm əsəri asılıb. Bu əsər “Qara yazı” adlanır.

Repressiya qurbanlarının yer aldığı əsərdə ortada Hüseyn Cavid və onun ətrafında Pənah bəy Qasımov, Abbas Mirzə Şərifzadə, İdris Axundzadə, Mikayıl Müşfiq, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Əhməd Cavad təsvir olunub.Rəqəmlər isə onların məhkum nömrələridir”.

V.Ucatayın “Zordan üstün” əsəri həm Hüseyn Cavidə, həm də Azərbaycanın digər repressiya qurbanlarının xatirəsinə rekviem kimi qəbul olunub.

Portretin altında şairin iş masası var. Üzərində isə şairin əlyazması ilə yazılan “Azər” poemasından bir hissə yer alıb. Stulun yanındakı əl əsası, mürəkkəb qabı və qələmi bir əsrdir ki, Cavidsiz qalıb...

Dahi şairin nəşi 1982-ci ildə Vətənə qaytarılıb:

“1982-ci ildə H.Cavidin 100 illik yubileyi ilə əlaqədar Heydər Əliyevin təşəbbüsü ilə şairin nəşi Azərbaycana gətirilib. Şairlə vida mərasimi keçirildikdən sonra Naxçıvana aparılıb. Divarlarda vida mərasimindən fotolar, şairin barmaq izlərinin həkk olunduğu sənədlər asılıb”.

“Faciə otağı”nda insanın ürəyini dağlayan isə divardan asılan, illərdir şairin həyatında xoşbəxt günlərin bitdiyi o dəqiqələri göstərən saat oldu. Əslində, bu mənə bir anlıq dahi bəstəkarımız Ü.Hacıbəylinin ev muzeyində qarşılaşdığım məqamı xatırlatdı.

Ü.Hacıbəylinin həyat yoldaşı kimi, Hüseyn Cavidin xanımı da 1937-ci il 4 iyun gecəsi, saat 12-yə işləmiş dahi şairin həbs olunduğu gün divarda asılan saatı dayandırıb. Şairin ailəsinin xoşbəxtlik günləri də bu saatla birlikdə dayanıb. Həmin gündən bu günə qədər saatın əqrəbləri 11:20-ni göstərir...

Otaqda bir küncdə Hüseyn Cavidin Sibirdəki qəbrindən gətirilmiş torpaq saxlanılır. Təəssüf ki, həmin qutu heç vaxt açılmayıb:

“Turan xanım bu qutunun açılmasını istəmədiyi üçün heç kim o qutuya toxunmayıb. Ətrafdakı rəflərdə onun kitabları qorunur. Divarlarda şairin oğlu Ərtoğrol bəyin əsgərlikdə olanda müəllimlərinə və Ü.Hacıbəyliyə yazdığı məktub asılıb. Ü.Hacıbəyliyə yazdığı məktubda bir qeyd var:

“Üzeyir bəy, ailəmiz başsız qalıb. Mən onlara yardım edə bilmirəm. İstəyirəm, bacım Turan xanımı işlə təmin edəsiniz”.

Ü.Hacıbəyli onun xahişini nəzərə alır və Turan Cavidi radioda işə düzəldir. Bu isə onlara olduqca böyük dəstək, ailənin maddi ehtiyaclarını qarşılamasına kömək olur.

Cavid nəslinin nümayəndəsi olan Ərtoğrol Cavidin taleyi də ürəkaçan olmur. O, 1943-cü ildə ağır xəstəlikdən gənc yaşda vəfat edir. Atası kimi, onun da əsərləri, yarımçıq qalmış əyazmaları “Hüseyn Cavid fondu” tərəfindən qorunur.

1937-ci ildə H.Cavid haqqında mətbuatda silsilə tənqidi məqalələr dərc edilir. Dahi şair Sibirdə əsirlikdə olarkən ailəsinə yazdıığı məktubların mətni faciə otağını bir az da hüznə boğur:

“Məktubların böyük əksəriyyətinin kənarları cırılıb. Bəzi məlumatları ailədən gizlətmək üçün məktubları cırırdılar”.

Cavid yaradıcılığının yandırıldığı 1937-ci ilin 4 iyun gecəsi...

Görünür, dahi şair bu gecəni gözləyirmiş. Çünki onu evdən götürməyə gələn şəxslərə müqavimət göstərməyib. Gördüyünüz bu masa isə bu gün Cavid yaradıcılığını qoruyan tək əşya olub:

“Həmin gecə həbs olunan şair bu evdən aparılıb. Onu həbs edən zaman otaqda tapdıqları bütün kitabları, yaradıcılıq nümunələrini yandırmışdılar. Cavid bu masanın siyirmələrinə son zamanlar yazdığı əlyazmaları qoyardı. Üzərində örtük olduğundan heç kim masada gizli siyirmələrin olduğunu düşünməyib.

Cavidin evində axtarış aparılarkən əsas məqsəd onun bütün əlyazmalarının məhv edilməsi olsa da, masanın gizli siyirməsi sayəsində onun yaradıcılığı bu günə qədər gəlib çatıb. Bu siyirmələrdə onun “Telli saz”, eləcə də, “Azər” poemasına aid əlyazmaların bir hissəsi olub.

Ailənin hər bir üzvünə aid süjetli xalçalar toxunub. Onları xalçaçı rəssam Afaq Kərimova toxuyaraq muzeyə hədiyyə edib. Bundan başqa, Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilmiş “İblis” və 1934-cü ildə çapdan çıxmış “Səyavuş” əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları sərgilənir.

Hüseyn Cavidin sonuncu fotosu (1936)

Muzeydə əlyazmalar toplusu əsasında hazırlanan nəşrlər var. Ən maraqlısı isə Ərtoğrolun şəxsi qeydləri əsasında topladığı folklor materiallarının çap olunduğu kitablar və Hüseyn Cavid haqqında yazılmış məqalələrin yer aldığı “Cavidşünaslıq” toplusudur.

Muzeydən çıxarkən sol tərəfdə Hüseyn Cavid adına planetin olduğuna dair qeyd diqqətimizi çəkir.

1997-ci ildə Ukrayna alimi Nikolay Çernıx balaca bir planet kəşf etdikdən sonra ona hansı adı verəcəyini düşünür. Həmin ərəfələrdə şairin rus dilində nəşr olunan iki cildlik əsərləri ilə tanış olur. Əsərləri oxuduqdan sonra bu planetə Hüseyn Cavidin adını verir.

Bu əsərin tarixçəsi də olduqca maraqlıdır. Əsərdə dövrün ədibləri bir ağacın altında təsvir olunub. Rəngli boya ilə işlənən rəsmdə ağacın altında dayanan Mikayıl Müşfiq təsvir edilib. Belə ehtimal edilir ki, şair “Yenə o bağ olaydı” şeirini məhz həmin yerdə qələmə alıb.

Muzeydə Cavidlər ailəsinin doğum və anım günləri hər il bu ailəyə məxsus bənzərsiz, ilıq və munis bir ab-havada keçirilir. 

Könül Cəfərli
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri