13 
Apr
2020
15:15
117
26
6174
Virtual karabakh

80 il əvvəl İstanbulda Azərbaycan kinosu - ARAŞDIRMA + FOTO/SƏNƏD

13 Apr, 2020
15:15
6174

80 il əvvəl İstanbulda Azərbaycan kinosu - ARAŞDIRMA + FOTO/SƏNƏD

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən yazımızda mühacirətdə fəaliyyət göstərən Azərbaycan Musiqi Heyətindən bəhs etdik. Musiqi sənəti ilə yanaşı, azərbaycanlı mühacirlər Türkiyədə kino və teatr sahəsində də hələ 1920-1930-cu illərdən etibarən fəaliyyət göstərib, müxtəlif dərnəklər qurublar.

Azərbaycan mədəniyyətinin təbliği daha çox siyasi qurumların nəzdində fəaliyyət göstərən mədəniyyət şöbələri və gənclər təşkilatları vasitəsilə baş tuturdu. Məsələn, 1925-ci ildə qurulmuş “Azəri-Türk Gənclər Birliyi” İstanbulda bir sıra tədbirlər keçirib. 28 May, Ramazan bayramı münasibətilə İstanbuldakı hotellərdə çay ziyafətləri verilib, digər Türk dünyasından olan mühacir qurumlarla birlikdə gecələr, gəzintilər təşkil edilib. Həmin illərdə fəaliyyət göstərən “Azərbaycanlı Tələbələr Birliyi” də mədəniyyətin və birliyin təbliği istiqamətində xeyli tədbirlər təşkil edib. Məsələn, “İstiqlal” qəzetində “Azərbaycanlı tələbələrin çay ziyafəti” adlı kiçik xəbərdə bildirilib:

“İstanbulun ali məktəblərində oxuyan azərbaycanlı tələbələrin birliyi fevral ayının 19-da günortadan sonra Bəyoğlu Tokatlıyan hotelinin salonunda mükəlləf bir musiqili-rəqsli çay ziyafəti tərtib edib. Böyük salonun qapısı üzərində Türkiyə və Azərbaycan bayraqları asılıb, ziyafət Türkiyə və Azərbaycan milli marşları ilə başlayıb. Hər iki marş ayaqda dinlənib, ondan sonra müvəffəqiyyətlə Azərbaycan, Türkiyə və Krım musiqiçiləri milli hava çalıb, milli geyimlərdə edilən milli rəqslər çox alqışlanıb. Xüsusilə, pianoda milli azəri havaları çalan və milli şərqilər oxuyan azərbaycanlı tələbələrdən Dilşad xanım çox alqışlanıb” (“İstiqlal”, № 29, 1933).

Yazıda adı çəkilən Dilşad xanım gələcəkdə nüvə fizikası sahəsində elmlər doktoru dərəcəsi qazanan Dilşad Talıbxan Elbrusdur.

Mühacirətdə çap olunan “Qurtuluş” jurnalının üçüncü sayında “İstanbulda azərbaycanlı artistlər” başlıqlı məqalə dərc olunub. Yazıda azərbaycanlı sənətçilərin İstanbul və Ankara ilə yanaşı, Anadolunun müxtəlif bölgələrində də uğurla fəaliyyət göstərdiyi qeyd olunub, musiqi ilə yanaşı, teatr sənətinin də inkişafından bəhs edilib:

“Azərbaycan Musiqi Heyəti” ilə yanaşı, Azərbaycan teatrı da türkiyəli tamaşaçıların ümumi marağını cəlb etməkdədir. Başda məşhur “Arşın mal alan” operettası olmaqla, Azərbaycan operettaları İstanbul səhnələrində çox böyük rəğbətlə qarşılanmaqdadır. Təkcə teatrda deyil, adi həyatda da Azərbaycan vallarının uğuru böyükdür. İstanbul küçələrində yürüyərkən Azərbaycanın operettalarımızdakı şərqilərini dinləmək hər zaman mümkündür” (“Qurtuluş” jurnalı, № 3, 1935).

Türkiyənin “Cümhuriyyət” qəzetinin 1944-cü il 9 may sayında azərbaycanlı sənətçilərin İstanbulda ayın 10-da Şəhər Teatrında “Arşın mal alan”ı komediya səhnəsində oynayacaqları xəbəri dərc edilib. 15 aprel 1948-ci il tarixli sayda isə “Yeni səs” teatrında “Məşədi İbad”ın 20 apreldə səhnəyə qoyulacağı bildirilib.

Sirkecidə Azərbaycan kinosu

Türkiyənin “Sinema və tiyatro” dərgisinin 1934-cü il fevral sayındakı məlumatdan aydın olur ki, həmin il İstanbulun Sirkeci tramvay caddəsinin ən işlək yerində “Azəri Türk Sinema Teatrı” fəaliyyətə başlayıb. Teatrda göstərilən filmlərin arasında azərbaycanlı aktyor və aktrisalar milli rəqslər və musiqi ifa ediblər. Burada sənət ifa edən heyətin əsas aktrisası Bayan Leyla adı ilə tanınan Leyla xanım olub. Jurnalda Leyla xanım haqqında müsbət fikirlər qeyd edilib:

“Bu azərbaycanlı sənətkar məmləkətimizə milli rəqsləri gətirib, göstərdiyi oyunlarda çox uğurlu olub və alqışlanıb. Öz məmləkətlərinin xalis türkcəsi ilə söylədiyi milli şərqilər, uyğun və düzgün bir orkestr tərəfindən sevinc bəxş edən tərənnümü, xoş, qıvraq oyunları ciddi şəkildə təqdir edilməlidir. Bayan Leyla və truppası hər getdiyi yerdə rəğbətlə qarşılanıb, sənətindəki incəlik və məharəti uğurunu göstərib. Ruhu oxşayan, milli duyğuları qabardan bu şərqilər və rəqsləri izlənməyə və dinlənməyə layiqdir”.

Şəxsi arxivimizdə “Azəri Türk Sinema Teatrı”nda fəaliyyət göstərən Leyla xanımın və böyük ehtimalla onun truppasının üzvü olan Teymur adlı gənc sənətçinin milli geyimdə çəkilən fotoşəkilləri mövcuddur.

Türkiyənin “Cümhuriyyət” qəzetinin 1940-cı il aprel ayının 1-də dərc etdiyi “Sinemada bir yaralanma hadisəsi” başlıqlı kiçik xəbərdən məlum olur ki, “Azəri Türk Sinema Teatrı” həmin il fəaliyyət göstərirmiş. Yenə həmin qəzetin 1941-ci il 21 may tarixli sayında bu kinoteatrda film göstərilərkən qurğunun partladığı və yanğın baş verdiyi xəbəri dərc olunub. Xəbərdə yanğının söndürüldüyü, film və makinanın 1000 lirə dəyərində sığortalandığı qeyd edilib.

“Cümhuriyyət” qəzetinin 10 avqust 1942-ci il tarixli sayında isə “Azəri Türk Sinema Teatrı”nın bələdiyyə nizamnaməsinə zidd hərəkətinə görə bir həftəlik bağlandığı bildirilib. Yenə bu qəzetin 3 sentyabr 1947-ci il tarixli bir xəbərində kinoteatrın adı çəkilir. Böyük ehtimalla, 1950-ci illərdə Sirkecidəki “Azəri Türk Sinema Teatrı” fəaliyyətini dayandırıb.

Sovet Azərbaycanı filmləri Türkiyədə

“Soyuq müharibə” illərində Sovet Azərbaycanında çəkilən filmləri Türkiyədə yaşayan mühacirlərin izləməsi mümkün olub. “Mücahid” dərgisində dərc olunan “İsmail – Azeri filmi” başlıqlı kiçik xəbərdən oxuyuruq:

“25 noyabr 1962-ci il, saat 10:00-da Azərbaycan Gənclik Dərnəyi “Birlik film”in idxal etdiyi “İsmayıl – Ögey ana” adlı azəri filminin orijinal (azəri şivəsi ilə) surətini İstanbuldakı yurddaşlara təqdim etdi. Filmdən öncə dərnək başqanı tamaşaçılara xitabən belə dedi: “Tamamilə azəri türkünün bir məhsulu olaraq burada bir əsər seyr edəcəksiniz. Bu gözəl bir məltəm kimi ta yurdumuzdan əsib bizə qədər varan havanı için-için alarkən bundan 42 il öncəki müstəqil Azərbaycanı yaşayacağıq. Çünki bu əsərdə istilanın bədbəxt hər hansı bir ləkəsi gözümüzə çarpmayacaqdır”.

Qeyd edək ki, “Birlik film”in qurucusu da azərbaycanlı olub. 1946-cı ildə İskəndər Nəcəf adlı həmyerlimiz “Birlik film” şirkətini qurub, altı film istehsal edib. Bu filmlərin bəziləri Misirdə çəkilib və Misir kinematoqrafiyasının inkişafına töhfə verib. İskəndər bəy “Yerli Film Yapanlar Cəmiyyəti”nin üzvü olub. “Birlik film”in çəkdiyi filmlər bunlardır: “Prangasız Mahkumlar” (1964), “Saadet Şarkısı” (1958), “Kocatepe'nin Beş Atlısı” (1952), “Dağların Kızı Ruhsar” (1952), “Çıldıran Kadın” (1948), “Yanık Kaval” (1947).

Sovet Azərbaycanında çəkilən filmləri Türkiyədə ən çox təbliğ edən isə mühacir pilot Məhəmməd Altunbay olub. M.Altunbayın öz həyatı haqqında Türkiyədə “Kafkas Film” şirkəti tərəfindən iki hissəli “501 nömrəli hücrə” adlı kino çəkilib. 1967-ci ildə çəkilən filmin girişində Azərbaycan Cümhuriyyətinin himni səsləndirilib.

M.Altunbay “Kafkas Film” şirkəti ilə “Sovietexport” şirkətindən 1977-ci ildə “Dədə Qorqud” filminin yayım hüququnu alıb. Türkiyə rəsmi orqanlarının Altunbaya 25.02.1982-ci ildə təqdim etdikləri sənəddə “Dədə Qorqud”un bu ölkədə göstərilməsinə icazə verilib.

Altunbay eyni illərdə “Nəsimi” filminin də Türkiyədə yayınlanması iznini əldə edib. Bu film Türkiyədə “Ölməyən fəzilət. Topal Teymur və Nəsimi” adı ilə təqdim olunub.

Hər iki filmin Türkiyədəki afişası şəxsi arxivimizdə mövcuddur.

Altunbay özbək filmi olan “İbn Sina”nın da hüququnu əldə edib.

Dilqəm Əhməd
Araşdırmaçı-jurnalist

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri