24 
Apr
2020
14:20
122
15
4030
Virtual karabakh

“Qəlbimizdəki yaraları qanadaraq getdilər” - Rəşid Behbudov Türkiyədə - FOTO

24 Apr, 2020
14:20
4030

“Qəlbimizdəki yaraları qanadaraq getdilər” - Rəşid Behbudov Türkiyədə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə yaşayan azərbaycanlı mühacirlərin çap etdikləri “Mücahid” jurnalının 1961-ci il 35-36-cı qoşasayında “Azərbaycanlı sənətçilər Türkiyədə” başlıqlı məqalə dərc olunub. Məqalə həmin il Türkiyədə konsert verən Rəşid Behbudovun qastrol səfəri ilə bağlıdır. Yazının girişindən məlum olur ki, bu səfər bir il öncə - 1960-cı ildə baş tutmalı imiş:

“Uzun zamandan bəri gözlənilən Azərbaycan musiqi sənətçiləri, nəhayət, Türkiyəyə gəldilər. Xatırladığınız kimi, səs sənətçisi Rəşid Behbudovun həyat yoldaşı və üç dostu ilə birlikdə Türkiyəyə gələrək Ankara, İstanbul və İzmirdə konsertlər verəcəyi daha öncə elan edilsə də, bilinməyən bir səbəbdən bu səfər ləğv edilmiş, təşkilatçı Türkiyə Səs və Tel Birliyi 11 və 13 noyabr 1960-cı ildə Ankarada veriləcək konsertlərin biletlərini də geri almaq məcburiyyətində qalmışdı. Bu səbəbdən, budəfəki konsertləri tərtibləyən Türkiyə Ev Ekonomisi Dərnəyinin satışa çıxardığı biletləri hər kəs bir-biri ilə yarışarcasına almaqla yanaşı, işin ciddiliyinə çox da inanmırdılar. Çünki son dəqiqədə yenə konsertdən vaz keçilə bilərdi”.

Məqalə müəllifinin də qeyd etdiyi kimi, xoşbəxtlikdən bu hal baş vermədi, Türkiyə vətəndaşları ilə yanaşı, Azərbaycan həsrətində olan mühacirlər də bu konsertdə iştirak etdilər.

Rəşid Behbudov və heyəti 5 mart 1961-ci ildə Ankaraya gəlir, bir gün dincəldikdən sonra 7 martda “Renkli Sinema”da, 9 martda “Büyük Sinema”da konsert verir, ardınca İstanbula yola düşürlər. Martın 13 və 15-də İstanbulda “Atlas Sinema”da iki konsert verirlər.

Jurnaldakı xəbərə görə, daha öncəki səfərdə gözlənilsə də, konsertə R.Behbudovun xanımı bu səfərdə onunla birlikdə olmayıb. Heyət dörd nəfərdən ibarətmiş.

“N.H.” imzalı müəllif (böyük ehtimalla Nurəddin Xəzər) R.Behbudovla yanaşı, heyətin üzvləri haqqında mühüm məlumatları qeyd edib, onların Azərbaycanda və dünyada qazandıqları uğurları sadalayıb. Məsələn, tarzən Əhsən Dadaşovun Bakı radiosunda işlədiyini, Budapeştdə festivalda qızıl medal qazandığını bildirib.

R.Behbudovun isə “Arşın mal alan”, “Bəxtiyar” filmlərində oynadığını, Azərbaycan və SSRİ Xalq artisti ünvanını daşıdığını yazıb. Heyətin digər üzvü - pianoçu Çingiz Sadıxovun Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çalışdığını qeyd edib. Heyətin ən gənc üzvünün isə skripkaçı Azad Əliyev olduğunu bildirib.

Mühacirlərin sevinci

Rəşid Behbudov konsertinə özünün bəstələdiyi “Bakı-İstanbul-Ankara” mahnısı ilə başlayıb, “Bakıdan Ankara və İstanbula ürək dolusu salam gətirdiyini” deyib. Səhnəyə çıxdığı zaman tamaşaçıların dayanmadan alqışlaması nəticəsində mahnını ifa etməkdə çətinlik çəkib. Eyni hal mahnı bitdikdən sonra da baş verib, salon “bravo, var ol” kəlmələri ilə guruldayıb.

R.Behbudov bu konsertlərində “Küçələrə su səpmişəm”, “Qalasan yana-yana”, “Qalalı”, “Ağacda leylək”, “Dedim bir busə ver”, “Aman ovçu” kimi Azərbaycan mahnıları ilə yanaşı, “İncecikten bir kar yağar”, “Gülizar”, “Helvacı”, “Solgun durma, isteklen” kimi Anadolu türkülərini də oxuyub. Bəstəkar mahnılarından isə Səid Rüstəmovun “Sürəyya”, Tofiq Quliyevin “Bəxtəvər oldum”, “Bakı haqqında mahnı”, “Sənə də qalmaz”, Rauf Hacıyevin “Sevgilim”, Cahangir Cahangirovun “Aylı gecələr”, “Füzuli kantatası”, Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” operettasından “Əsgərin ariyası”nı oxuyub.

Konsertdə mahnılarında hər dəfə “Azərbaycan, Azərbaycan” deyərkən salonda olan mühacir azərbaycanlılar böyük həyəcan və alqışlarla sevgilərini bildiriblər. Təsadüfi deyil ki, məqalə müəllifi yazıb: “...Bu uğurlu və bənzərsiz musiqi ziyafətləri, təəssüf ki, çox qısa sürdü, Rəşid və dostları məmləkətlərindən ayrı düşmüş Türkiyədəki azərbaycanlıların qəlbindəki yaraları qanadaraq tezliklə uçub getdilər”.

Türkiyənin “Yeni gün” qəzetinin 15 mart 1961-ci il tarixli sayında Sadi Günel imzası ilə “Azərbaycanlı musiqiçilər” başlıqlı yazı dərc olunub. Konserti bəyəndiyini bildirən müəllif bir etiraf da edib: “Məncə, onların sənətləri qədər bizə verdikləri çox önəmli bir dərsdən də bəhs etməliyik. Müğənni Behbudov bizə müxtəlif kompozisiyalar arasında çox önəm verdiyimiz iki folklor parçamızı da dinlətdi. Biri “İncecikten bir kar yağar”, digəri də “Aman avcı, kıyma bana” türküləridir. Harmonizə edilmiş olan və piano ilə çalınan bu mahnıları Behbudov tam bir musiqiçi səsi ilə bizimkilər kimi “qay qay, mıy mıy” etmədən söylədi. Səsində musiqi, söyləyişində musiqi vardı”.

Mühacirlərin Ankarada çap etdikləri “Türk izi” jurnalının 1961-ci il tarixli 24-cü sayında da “Azərbaycan sənətkarlarının konsertləri” başlığı ilə kiçik həcmli yazı verilib.

Türkiyənin “Cümhuriyyət” qəzetində R.Behbudovun İstanbuldakı konserti ilə bağlı kiçik elan da verilib. 09.03.1961-ci il tarixli sayda yazılıb:

“Atlas”da 13-15 mart bazar ertəsi və çərşənbə günü saat 18:45-də məşhur rus azəri səs sənətkarı Rəşid Behbudov və dostlarının konserti. Qiymətlər: 15 – 12,50 – 7,50 – 5 lirə”.

Göründüyü kimi, elanda Behbudovu SSRİ xalq artisti olması səbəbilə həm rus, həm də azərbaycanlı sənətkar kimi qeyd ediblər. R.Behbudov Türkiyədəki bu konsertlərini “Azərbaycan mahnısının zəfəri” adlandırıb.

1966-cı il konserti

“Cümhuriyyət” qəzetinin 5 aprel 1966-cı il tarixli sayında “Məşhur tenor Rəşid Behbudov gəlir” başlıqlı xəbər dərc olunub. Yazıda R.Behbudovun konsert xəbəri onu mədh edərək bildirilib:

“Dünyaca məşhur “Arşın mal alan” operettasının baş rolunu böyük uğurla oynamış və Azərbaycan Dövlət Operasının baş solisti, tenor Rəşid Behbudovun Türkiyəyə gələrək qarşıdakı günlərdə verəcəyi konsertlər sənət çevrələrimizdə maraqla gözlənilməkdədir. Rəşid Behbudovun orkestri ilə birlikdə ariyalar və Azərbaycan türkülərini söyləyəcəyi bu konsertlər 7, 12 və 15 apreldə İstanbulda “Saray” sinemasında, 10, 11 apreldə Ankara Dövlət Konsert salonunda veriləcəkdir. Bu konsertlər “Cocuk Dostları” yararına təşkil edilib. SSRİ Xalq artisti ünvanı və Dövlət Sənət Mükafatı Qızıl medalını qazanan Rəşid Behbudov 14 yaşından bəri bütün Qafqaz və Azərbaycanda, sonralar klassik və çağdaş bəstəkarların operalarında, istər 30 ayrı dildə söylədiyi türkülərində, istərsə də “Arşın mal alan” operettasında və ayrıca dünya turnelərində tanınaraq səs salıb”.

Bu dövrə aid Türkiyədə çap olunmuş broşürada R.Behbudovu müşayiət edəcək sənətkarların adları belə qeyd edilib: tarda Əliağa Quliyev, skripkada Tələt Bakıxanov, qavalda Əzizağa Nəcəfzadə, pianoda Akif Abdullayev.

Broşüra Rəşid Behbudovu “Dünyada tanınmış Azərbaycan səs sənətçisi” ünvanı ilə təqdim edib.

Qeyd edək ki, R.Behbudovun Türkiyə konsertlərinin səs yazıları mövcuddur, həmin günlərdəki yüksək ifasını dinləmək mümkündür. Türkiyədə indi də onun ifası yüksək şəkildə qiymətləndirilir. Hətta zamanında bir çox Azərbaycan sənətçisi kimi, onun da mahnıları Türkiyədə mənimsənilib. Məsələn, onun sözləri İslam Səfərliyə, musiqisi Andrey Babayevə məxsus olan “Nazəndə sevgilim” mahnısı bir broşürada Suat Sayının bəstəsi kimi qeyd edilib...

Dilqəm Əhməd
Araşdırmaçı-jurnalist

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri