28 
Apr
2020
14:00
149
46
6651
Virtual karabakh

Əlimərdan bəy Topçubaşının nəvəsi: “Babam öldüyü gün hər tərəf qaraya bürünmüşdü” - MÜSAHİBƏ

28 Apr, 2020
14:00
6651

Əlimərdan bəy Topçubaşının nəvəsi: “Babam öldüyü gün hər tərəf qaraya bürünmüşdü” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ildə Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümündə bir neçə mühacir ailənin qonağı olduq. Bizi bu ailələrlə görüşdürən professor İbrahim Yıldırım idi. İbrahim bəy özü də məşhur Vəkiloğlular nəslindən olduğu üçün Türkiyədə yaşayan mühacir ailələrin, demək olar ki, hamısını tanıyır, onlar arasında vasitəçi rolunu da oynayır.

İbrahim bəylə İstanbulda Taksim meydanında görüşüb Gülnar Kürdəmirin – Əlimərdan bəy Topçubaşının nəvəsinin evinə yollandıq...

***

Azərbaycan Cümhuriyyəti Parlamentinin və Paris Sülh Konfransına göndərilən heyətin sədri Əlimərdan bəy Topçubaşı mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə həyatı qurub.

1893-cü il dekabrın 31-də Tiflisdə baş tutan bu evliliklərindən beş övladı dünyaya gəlib: Ələkbər (30.09.1896, Tiflis), Sara (15.09.1899, Bakı), Rəşid (01.10.1901, Bakı), Sevər (10.08.1903, Bakı), Ənvər (05.03.1912, Bakı).

Əlimərdan bəyin böyük qızı Sara xanım Azərbaycan Cümhuriyyəti hökumətinin sonuncu kabinəsində Ticarət və Sənaye nazirinin müavini olmuş, işğaldan sonra Fransaya mühacirət etmiş Ələşrəf bəy Sultanovla (mühacirətdə Kürdəmir soyadı alıb) ailə həyatı qurub. Bu evlilikdən Zərifə (doğum tarixi: 24 noyabr 1921) və Gülnar (doğum tarixi: 27 mart 1923) adlı qızları doğulub.

Bu qızlar Əlimərdan bəyin ahıl çağında sevinc qaynağı olub, gününün müəyyən hissəsini onlarla keçirib. Vaxtilə Bakıda eyni qəzetdə çalışdığı qələm dostu Əli bəy Hüseynzadəyə 1925-ci il aprel ayının 28-də yazdığı məktubunda nəvələrindən belə bəhs edib:

“Bu gün mənim kürəkənim İstanbula gəlir və mən istəyirəm onunla Sizə kiçik bir məktub göndərim. Onunla bərabər, qızım Sara xanım da mənim həddindən çox sevdiyim iki nəvəmlə oraya gəlirlər. Şübhə etmirəm ki, Siz və Ədhiyə xanım (Əli bəyin xanımı – D.Ə.) mənim gözəl nəvələrimi sevəcək, İstanbula köçməyə qərar vermiş qızıma və kürəkənimə diqqətli olacaqsınız. Onlar hər ikisi mənim ailəmin buradakı həyatı, mənim hazırkı vəziyyətim və planlarım barədə Sizə ətraflı məlumat verəcəklər...”

Əlimərdan bəy ahıl vaxtında övlad itkisi yaşayıb. 1926-ci il dekabrın 19-da oğlu Rəşid bəy vəfat edib. Bu hadisə səhhəti getdikcə ağırlaşan Əlimərdan bəyə ağır zərbə olub. 2 aprel 1931-ci ildə keçmiş Ədliyyə naziri, İstanbulda yaşayan Xəlil bəy Xasməhəmmədə məktubunda yazdığı kimi:

“...Hər cümə axşamı xanımımla, Ələkbərlə birlikdə qəbrinin üstünə gedirəm, dua oxuyuram, məzarını çiçəklərlə bəzəyirəm. Tez-tez yazılarını, kitablarını, qeydlərini gözdən keçirirəm. Ötən ildən yazı masama yenidən oğlumun portretini qoymuşam. Ağlımla onun artıq dünyada olmaması fikri ilə barışıram, ürəyimsə övladımla birlikdədir...”

Əlimərdan bəy kimi, onun kürəkəninin də taleyinə mühacirlik yazılıb. Ailəsini dolandırmaq üçün ticarətlə məşğul olub. Topçubaşının vəfatından sonra böyük ailə artıq kiçik ailələrə bölünüb, hər kəs ayrı yaşayıb.

***
Mərhum bacısı Zərifə xanım kimi, Gülnar Kürdəmir də Azərbaycandan gələn qonaqlara xoş münasibət göstərir. 2018-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə onu fəxri fərmanla təltif edib.

Gülnar xanım İstanbula gəldiyi zaman 22 yaşında olub. Türkiyənin məşhur yazıçısı Şükufe Nihalın oğlu Necdet Sanderlə evlənib. Yazıçı, psixoloq, “Sander” kitab evinin qurucusu Necdet bəy 1914-cü ildə İstanbulda doğulub, 1934-cü ildə Qalatasaray liseyini bitirib. Daha sonra İsveçrədə psixologiya üzrə ali təhsil alıb. Lord Kinrossun “Atatürk”, Antuan Sent Ekzüperinin “Balaca şahzadə” əsərləri onun tərcüməsində ən çox uğur qazanmış kitablardır. “Sander” kitab evi İstanbulda xarici qaynaqların təmin edilməsində çox böyük rol oynayıb. Necdet bəy 22 iyul 1983-cü ildə vəfat edib.

Necdət bəylə Gülnar xanım beş il evli qalıblar, iki övladları olub: Fikrət və Nilufər. Fikrət bəy 35 yaşında vəfat edib. Nilufər xanım hazırda Türkiyənin Bodrum şəhərində yaşayır. Gülnar xanım daha sonra ailə həyatı qurmayıb, Qalatasaray liseyində fransız dilindən dərs deyərək, övladlarını böyüdüb.

***
...Binanın giriş qatında üzərində “No: 5 – Gül Nar” yazılan düyməni basırıq. Çöl qapısı açılır və beynimdə xeyli sualla yuxarı mərtəbəyə qalxırıq. Bizi dostu adlandırdığı baxıcı qadın qarşılayır. Qadın onunla fransızca danışır. Həmkarımız Fəxrəddin bəy videoreportaj üçün qurğularını hazırlayır, mən isə telefonda səsyazanı qoşaraq, bir tərəfdən də evin içində tarixi dəyəri olan nə var deyə, sürətlə göz gəzdirirəm.

Dəyərli olan Gülnar xanımın söhbəti və bizə təqdim etdiyi fotoşəkillər oldu.

“Onu heç bir zaman unuda bilmirəm”

İlk olaraq Əlimərdan bəyi necə xatırladığını soruşduq:

“Mən 1923-cü ildə doğulmuşam, babamı xatırlayıram. Bir əli ilə məni, bir əli ilə də bacımı tutaraq, parka gəzməyə aparardı. Birlikdə rəsmimiz var. Babam bizə türk əlifbasını öyrədirdi. Çox danışmazdı, səssiz, şəxsiyyətli bir insan idi. Onu heç bir zaman unuda bilmirəm. Sen Klü məhəlləsində bir evi vardı, bütün ailə bir yerdə idi”.

Gülnar xanım Əlimərdan bəyin dəfn gününü belə xatırlayır:

“Babam vəfat etdiyi zaman anam bacımla məni məzarlığa aparmadı. Həmin gün küçəmiz tamamilə qaraya bürünmüşdü. Sen Klü yaşıllıq, gözəl yer idi. Ona görə də fransızlar maraqla baxırdılar ki, nə olub. Azərbaycanlılarla yanaşı, ermənilər, gürcülər də vardı”.

“Ələkbər çox böyük intellektual şəxs idi”

Topçubaşının vəfatından sonra ailə üzvləri ayrı yaşamağa başlayıblar. Gülnar xanım anası, xalası və dayıları haqqında bunları bölüşdü:

“Babamın beş övladı vardı, biri vəfat etdi. İki qız, iki oğlan qaldı. Əlimərdan bəy vəfat etdikdən sonra birlikdə yaşayan ailə ayrılmağa başladı, müəyyən problemlər yarandı. Pəri xanım çox yaxşı insan idi, o da çox danışmazdı. Məndə kiçik rəsmləri olmalıdır. Əlimərdan bəyin vəfatından sonra biz atamla başqa evdə yaşadıq. Anam Sara çox yaxşı insan idi, atamdan daha çox sevərdim. Onun Sevər adlı bacısı vardı. Sevər xalam Azərbaycan milli geyimlərini geyinib, yaxşı rəqs edərdi. Onun da rəsmləri var. Sevər xalam heç evlənmədi, qardaşı Ənvərlə yaşadı.

Vəziyyətimiz çox çətin idi, anam bir atelyedə pul qazanmaq üçün dərzilik edirdi. Atam da mal daşıyırdı. Sonra yavaş-yavaş düzəldi. Atamın atası xalı ilə məşğul olurdu. Amerikaya xalılar apardılar, amma orada hamısını itirdilər, oğurlatdılar. Pulsuz şəkildə Parisə döndülər. Bir dəfə Azərbaycanda zəlzələ olmuşdu, hərb vaxtı, 1940-cı illər idi, atam oraya çoxlu pul göndərdi.

Ənvər və Ələkbər adlı iki dayım vardı. Ələkbər çox böyük intellektual şəxs idi. Ələkbər, bəlkə də, 10 dil bilirdi, İslam dünyasında çox böyük rol oynadı. Əlimərdan bəyin arxivi onda idi. Ələkbər hər halda atasına çəkmişdi, çox ağıllı idi, Ənvər isə ədəbiyyat sahəsində çox bilgili idi, mən də ədəbiyyatı, kitab oxumağı çox sevdiyim üçün daha çox onunla söhbətləşərdim. Bütün fransız ədəbiyyatını o, mənə öyrətdi. Universiteti ədəbiyyat üzrə bitirmişdi, bir fransızla evləndi”.

“Kitabçı Necdet Sanderlə evləndim”

Gülnar xanım öz həyatı ilə bağlı bunları dilə gətirdi:

“Mərhum bacım Zərifənin iki qızı var, İstanbulda yaşayırlar. Mənim isə oğlum vardı, vəfat etdi. Qızım da var, Bodrumda yaşayır. Səhhətimə görə yanına gedə bilmirəm, əvvəlki illərdə o gəlmişdi. Bizi bir dəfə Bakıya dəvət etmişdilər. Bacımın səhhətində problem oldu deyə, gedə bilmədik. İndi 100 yaşa yaxınlaşıram, heç yerə gedə bilmərəm.

Gözlərim çox zəifləyib, kitab oxuya bilmirəm. Hüquq fakültəsində təhsil almışam, amma bitirmədim. Yanlış seçim etmişdim, gərək ədəbiyyatı seçəydim, hüquqla heç əlaqəm yoxdur. Kitabçı Necdet Sanderlə evləndim. Başqa bir insanla evlənə bilməzdim, kitabları çox sevirdim. Sonra ayrıldıq. Mən də İsveçrəyə getdim.

İstanbulda fransızca dərs deyirdim, onunla dolanırdım. Atam da mənə kömək edirdi, kirayəmi o ödəyərdi. Atam 1970-ci ildə, anam da 1983-də vəfat etdi. Erenköydə yaşayırdılar. Ethem Efendi caddəsində, çox gözəl yer idi. O zamanlar evlər yollardan kənarda yerləşərdi.

Anamla atam evdə rusca danışardılar. Mən özüm fransızca və türkcə bilirəm, rusca bir az anlayıram. Türkcəm də çox yaxşı deyil, bu yaşdan sonra kəlmələri unuduram.

Qızım Nilufər alman məktəbində oxuyub, kolleci bitirib, sonra təhsili buraxıb, təəssüf ki. Bir almanla evlənib, Aleksandr adlı nəvəm var. Qafqazlı tipində, uzun boylu, qarabuğdayıdır. Oğlum Fikrət xoşbəxt deyildi, içki içərdi”.

Gülnar xanım qohumları olan, taleyinə mühacirlik yazılmış Həsən bəyin oğlu Səfvət Zərdabidən də qısaca bəhs etdi:

“Səfvət bəy gec evləndi, uşaqları yox idi”.

Yeri gəlmişkən, qeyd edək ki, Gülnar xanımın bacısı Zərifə digər azərbaycanlı mühacir İdris Yaybulakın oğlu Tevfik bəylə evli olub.

“Babamla fəxr edirəm”

Gülnar xanım Azərbaycanı çox sevdiyini bildirdi:

“Azərbaycana tək gedə bilmərəm, dostum da (onunla bir evdə qalan xanımı nəzərdə tutur – D.Ə.) yanımda olsa, gedə bilərəm. Babamla fəxr edirəm, Azərbaycanla qürur duyuram. Azərbaycanı sevirəm, əsas da babama görə. Rəsmi həmişə yanımdadır, siz gəldiyinizə görə qoymamışam... 2007-ci ildə babamın məzarını Parisdə bir dostumla ziyarət etdim. Məzarını təmir ediblər. Buradakı başqa azərbaycanlılarla heç görüşməmişəm, mənim çevrəm fransızlar idi...”

Dilqəm Əhməd
Araşdırmaçı-jurnalist

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri