11 
May
2020
11:47
702
58
19124
Virtual karabakh

Deputat Əbülfəs Qarayevi “topa tutdu” – Sərt İTTİHAMLAR

11 May, 2020
11:47
19124

Deputat Əbülfəs Qarayevi “topa tutdu” – Sərt İTTİHAMLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Mədəniyyət naziri Əbülfəs Qarayevi ittiham edib.

Oxu.Az-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyata münasibət bildirən F.Mustafa Azərbaycanda bəzi mədəniyyət evlərinin, kitabxanaların, musiqi məktəblərinin bərbad vəziyyətdə olmasına diqqət çəkib.

Deputat Mədəniyyət Nazirliyində illərdir rüşvət və korrupsiyanın mövcud olduğunu vurğulayıb.

“Əslində, açıq şəkildə hələ söylənilməsə də, sirr deyil ki, rüşvət piramidası 2006-cı ildən, Əbülfəs Qarayevin nazirlik “macərası” başlayandan qurulub. Mədəniyyətimizin inkişafına xidmət edən hansısa ideyaya, təşəbbüsə dəstək vermək bir yana qalsın. Əbülfəs Qarayevin nazir “obrazı” həmin ideya və təşəbbüslərin boğulması üçün əlindən gələni etməyə çalışıb. Repressiya qurbanı olmuş Azərbaycan şairi Mikayıl Müşfiqlə bağlı məsələ ortaya çıxanda nazir biganə davranışları ilə yadda qaldı”, - deyə F.Mustafa əlavə edib.

Komitə sədrinin müavini Ə.Qarayevlə 2016-cı ildə keçirdiyi görüş barədə də danışıb:

“Hələ 2016-cı ildə mədəniyyət naziri ilə görüşərək, Bakının işğalının 100 illiyi ilə bağlı film layihəsi təqdim etdim. Bildirdim ki, 2018-ci ilə qədər bu film çəkilərsə, yubileyə və Türkiyə-Azərbaycan qardaşlığına böyük töhfə olacaq. O deyəsən, Türkiyə-Azərbaycan qardaşlığının, Qafqaz-İslam ordusunun zəfər missiyasının mahiyyətini anlaya bilməmişdi. Azərbaycan Prezidenti böyük bir tarixi addım ataraq 2018-ci il sentyabrın 15-də Türkiyə Prezidentini Bakıya dəvət etdi və iki qardaş ölkənin Azadlıq meydanında birgə hərbi paradı keçirildi. Bakının işğaldan azad edilməsi gününü qeyd etdiyimiz zaman Mədəniyyət Nazirliyi şərəfli tariximizin bu dövrünə aid ortaya nə bir bədii film, nə də sanballı sənədli film qoydu”.

Deputat qeyd edib ki, ölkədə mədəniyyət adına hansısa sahədə irəliləyiş varsa, bu, birbaşa ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın adı ilə bağlıdır.

“Muğam sənətinin inkişafı, xalçaçılığın bir sənət və peşə olaraq stimullaşdırılması və istehsal infrastrukturunun yaradılması, mədəni irsin qorunmasında İçərişəhərdən tutmuş Şəki Xan sarayına, Nizami irsindən tutmuş Üzeyir bəyin irsinin təbliğinə, Bakıda mədəniyyət sferasına aid olan nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinə, YUNESKO məkanında Azərbaycan mədəniyyətinin təmsilçiliyinə qədər bu dəst-xətti görmək, sezmək mümkündür”, - deyən F.Mustafa Ə.Qarayevin mədəniyyətə ağır zərbə vurduğunu da dilə gətirib:

“15 ilə yaxındır ki, bu dövlətin, bu millətin mədəniyyəti bir millətin deyil, milli dəyərlərdən tamamilə uzaq olan bir nazirin həyat tərzinin məhsuluna çevrilib. Nazir əsl sənət adamlarının problemlərini dövlət başçısından gizlədərək, toy manıslarının, toppuş efir qaqaşlarının və ya “madonnalarının” hamisinə çevrilib. Bir nazir səfalət içində ürəyi partlayan görkəmli rejissorumuz Vaqif Almuradlı kimi sənət fədaisinə göstərdiyi biganəliyə görə heç vaxt bağışlanmamalıdır”.

Millət vəkili Mədəniyyət Nazirliyində aparılan yoxlamaların, rüşvətxor nazir müavinindən, idarə rəisindən başlayan həbslərin harada yekunlaşacağını bilmədiyini deyib:

“Azərbaycan mədəniyyətini Qarayev zehniyyətinin həbsindən azad etməyincə, sənətin, ədəbiyyatın, rəssamlığın, teatrın, kinonun, kitabxananın, kitab satışı sektorunun, xalça sənətinin inkişafına dəstək verməli olan bir dövlət orqanı onları çökdürən bir mexanizm, buxov kimi mədəniyyətimizə ağır zərbə vurmağa davam edəcək”.

Qeyd edək ki, DTX mayın 8-də Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

Əməliyyat zamanı mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıblar.

Səbail rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunan hər iki şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onu da bildirək ki, Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Bayramov və Zakir Sultanov vəzifələrindən azad edilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri